Məhkəmə qərarları › İş №2-1(116)-2136/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2136/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2136/2025 26.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, həmin dövrdə sanitar təlimatçısı və baş çavuşun vəzifələrinin icra edicisi kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra da müxtəlif təlim toplantılarına çağırılmış və bir sıra hərbi təlimlərdə iştirak etmişdir. İkinci Qarabağ müharibəsi başlamazdan öncə, 21 sentyabr 2020-ci il tarixində Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmış, digər hərbi qulluqçularla birlikdə N saylı hərbi hissəyə göndərilmiş və orada xidmət bölgüsünə uyğun ayrılmışlar. O və 26 nəfər hərbi qulluqçu N saylı hərbi hissənin Naftalan şəhərində yerləşən X3 (STQ) cərrahiyyə bölməsinə təhkim olunmuşlar. 26 sentyabr 2020-ci il tarixində, gecə saatlarında N saylı hərbi hissənin yaxınlığında, yüksək dağlıq ərazidə ağır artilleriya qüvvələrinin mövqelərinə yaxın məsafədə səyyar tibbi cərrahiyyə çadırı qurulmuşdur. xx.xx.2020-ci il saat 08:30-dan etibarən Naftalan şəhərində yerləşən STQ bölməsində ağır yaralı və şəhidlərin qəbulu həyata keçirilmişdir. İddiaçının vəzifəsi STQ-yə gətirilən yaralıları nəqliyyat vasitələrindən təcili şəkildə düşürərək sarğı və ya əməliyyat reanimasiya otaqlarına yerləşdirmək, gələn yaralı əsgər və şəhidlərin üzərindən götürdükləri silah və sursatların nəzarət otağına təhvil verilməsindən ibarət olmuşdur. Yaralılara ilkin cərrahi müdaxilə və ya ilkin tibbi yardım göstərildikdən sonra onlara təyin edilmiş helikopter və ya təcili tibbi yardım maşınları ilə müxtəlif hospital və klinikalara göndərmişlər. Talış kəndi azad edildikdən sonra iddiaçı və 5 nəfər şəxsi heyətə silah təhkim olunaraq həmin istiqamətə göndərilmişlər. Göndərilməkdə əsas məqsəd – döyüş bölgəsindən Naftalan STQ-yə olan məsafənin uzaqlığı səbəbindən yaralıların vaxtında tibbi yardıma çatdırıla bilməməsi olmuşdur. Bu müddət ərzində Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə yaralı əsgərlərə ilkin tibbi yardım göstərilmişdir. Orda olduqları müddətdə düşmən hücumuna məruz qalmış, beş dəfə artilleriya atəşi altında qalmış, nəticədə ciddi psixoloji travmaya məruz qalmışlar. Bu hadisədən sonra Talış kəndindəki bütün hərbi birləşmələr, o cümlədən N saylı hərbi hissədən başqa bölmələr ərazidən çıxarılmışdır. 2 noyabr 2020-ci il tarixində STQ-yə geri qayıtmış, 4 dekabr 2020-ci il tarixində isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tərxis olunmuşdur. Bütün bunlara baxmayaraq, iddiaçıya bu günədək müharibə veteranı statusu verilməmişdir. Müdafiə Nazirliyinə elektron və yazılı formada dəfələrlə müraciət edilsə də, imtina məktubu göndərilmişdir. Göndərilən rəsmi cavabda, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarına istinad edilərək vətəndaşın sənədlərinin müharibə veteranı statusunun verilməsi üçün Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun sayılmadığı bildirilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.2020-xx.xx.2020) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. xx.xx.1995-ci il tarixli Qərarda Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri göstərilmişdir. İddiaçının sənədlərində isə həmin ərazilərin istiqamətində olması göstərilib. Qanunvericilkdə “döyüş bölgəsi” ilə “istiqamət” sözlərinin anlayışı və onların yaratdığı hüquqi nıticələr də fərqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 №-li Qərarını nəzərə alınmalıdır. Ona əsasən döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 113 nömrəli arayışı, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 270 nömrəli əmrindən çıxarışı, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 276 nömrəli əmrindən çıxarışı, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 35N nömrəli əmri, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 346 nömrəli əmrindən çıxarışı, tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçu barədə arayış-məlumat. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir. … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir,... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın əsaslılığı. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Əsasnamədə döyüş əməliyyatlarının bütün növ təminatları dedikdə, tibbi təminat da nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və xx.xx.2020-ci il tarixdə səyyar tibb qrupunun cərrahiyə bölməsinin tibb qardaşı vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus AO ******* nömrəli hərbi biletdə icra edilmiş qeydlərlə, habelə Tərtər rayonunun Tərtər rayonu Talış kəndi, Naftalan rayonunda xəstə və yaralıların çeşidlənməsində və digər bölmələrə təxliyyə olunmasında eləcə də şəhidlərin qəbulu və dəfnə hazırlanmasında fəal iştirak etməsi ilə bağlı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş arayışlarla öz təsdiqini tapır. Cavabdeh orqanın etirazının dəlili döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumatda onun döyüş əməliyyatları aparılan dövrdə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi yerin ərazi meyarlarına uyğun gəlməməsi ilə bağlıdır. İş materiallarında olan hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 034 №-li əmrində iddiaçının tibbi təminat üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması, iştirak etdiyi ərazilərin Tərtər rayonu Talış kəndi, Naftalan rayonu olması, N №-li hərbi səyyar tibb qrupunun cərrahiyə bölməsinin tərkbində xidmət edərkən Tərtər rayonunun Talış kəndi və Naftalan rayonu ərazilərində xəstə və yaralıların çeşidlənməsində və digər bölmələrə təxliyyə olunmasında eləcə də şəhidlərin qəbulu və dəfnə hazırlanması üzrə tapşırıqları yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sənədlərlə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən əks-həmlə əməliyyatları zamanı N №-li hərbi səyyar tibb qrupunun cərrahiyə bölməsinin tərkibində Tərtər rayonunun Talış kəndi və Naftalan rayonu ərazilərində döyüş əməliyyatların tibbi təminat növü üzrə tapşırıqların yerinə yetirilməsinə iştirakı öz təsdiqini tapır. Sadalanan ərazilər Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilər meyarına uyğun gəldiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən,

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar