Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-224/2023 12.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1710/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zərur cəlb edilmişlər. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Qəbələ rayon İcra Hakimiyyət Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı sərəncamı ilə Qəbələ rayon Suvarma Sistemləri idarəsinin ərazisindən uzun müddətli istifadə üçün istirahət və iaşə obyektlərinin tikintisi məqsədi ilə 1,02 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı həmin vaxtdan orada iaşə obyektləri inşa etdirmiş və torpaq sahəsinin verilmə təyinatına uyğun olaraq vətəndaşlara iaşə xidməti göstərir. İddiaçı icarəyə götürdüyü torpaq sahəsinə dair JN-6009 saylı, KOD 40300001 nömrə ilə torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə də əldə etmişdir. O, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq hərəkət etmiş və hazırda da müqavilə şərtlərinə əməl elməkdədir. Lakin, iddiaçı 1,02 ha torpaq sahəsi üzərində icarə hüququnu rəsmiləşdirməmiş və o, icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı İdarəsinin 03 mart 2022-ci il tarixli, 27/2/A-002 saylı məktubu ilə bir daha təsdiq olunur ki, icarəyə götürülmüş 1,02 ha torpaq sahəsində yerləşən "Sahil" istirahət mərkəzi Dövlət Meşə fonduna aid deyildir. İşə əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən tərtib edilmiş sxematik planla da təsdiq olunur ki, 1,02 ha torpaq sahəsi meşə fondu torpağı deyildir. Həmin sxematik planlarda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin sxemi ilə də təsdiq olunur ki, "Sahil" istirahət mərkəzinin yerləşdiyi 1,02 ha torpaq sahəsi vahid torpaqdır. İşə əlavə edilmiş torpaq sahəsinin fotoşəklindən açıq-aydın görünür ki, 1,02 ha torpaq sahəsi vahid torpaqdır və hətta fotoşəkildə torpaq sahəsinin koordinatları açıqaşkar görün məkdədir. Qeyd edildiyi kimi 1,02 ha torpaq sahəsinə aid torpaqdan müvəqqəti istifadəyə dair JN- 6009 (KOD ********) saylı şəhadətnamə alınmış və həmin şəhadətnamədə torpaq sahəsinin sxemi göstərilmişdir. Şəhadətnamə 24 noyabr 2004-cü il tarixdə, o vaxt mövcud olan DTXK Qəbələ rayon Torpaq Şöbəsi tərəfindən tərtib edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi bütün zəruri prosedur qatdalara əməl edilməklə alınmışdır. Yəni aidiyyəti orqanlar tərəfindən tərtib edilmiş bütün sənədlər icarəyə verilmiş torpaq sahəsinin dövlət fonduna aid olduğu qənaətində olmuşlar. İşə əlavə edilmiş sənədlər də bunu təsdiq edir. Ona görə də hesab edirik ki, cavabdehin imtina məktubunda göstərdiyi xüsusatlar düzgün deyildir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərazi İdarəsinin əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, sənəd üzrə torpaq shəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında məsafə fərqi var və torpaq sahəsinin mülkiyyət növü dövlət təyinatlı "Meşə fondu" torpaqlarına aiddir. Sözü gedən torpaq sahəsinin yerləşdiyi ərazi Dövlət mülkiyyətinə aidir. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsinin faktiki vəziyyəti təqdim edilmiş sxematik planından fərqlidir. Qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyəti olub olmaması barədə ƏMDK-nin Qəbələ Ərazi Şöbəsinə tərəfimizdən sorğu verilmiş və alınmış cavabda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması bildirilmişdir. Bununla da bildirmək istəyirik ki, JN-6009 (KOD ********) saylı şəhadətnamə əsasında iddiaçının icarəsində olan 1.02 ha torpaq sahəsinin təyinatı dövlət torpaqlarına aid torpaqdır, torpaq sahəsinin mülkiyyətçisi dövlətdir. Eyni zamanda bildirmək ki, iddia olunan torpaq sahəsinin koordinatlarına elektron baza məlumatlarında hər hansı bir dəyişiklik edilməmişdir. xx.xx.2003-ci ildə və hal hazırda həmin torpaq sahəsi dövlət meşə fondu torpaqlarına aid olmuşdur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN- 6009 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli 314 saylı icarə müqaviləsi ilə Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən istirahət və iaşə obyektinin tikintisi üçün İddiaçı 1,02 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-14-27/2-2- 010/2023 nömrəli məktubundan görünür ki, İddiaçı icarəsində olan 1,02 ha torpaq sahəsi 1985-2006-cı illərin plan sxeminə əsasən dövlət meşə fonduna aid deyildir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-5837/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10200 kv.m torpaq sahəsini İddiaçı xx.xx.2024cü il tarixinədək icarəyə vermişdir. Həmin məktuba əlavə olunmuş Qəbələ rayon İHB-nın xx.xx.2003-cü il tarixli 207 nömrəli sərəncamından görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin istifadəsində olan sahədən Bakı şəhər sakini İddiaçı uzunmüddətli icarəsinə 1,02 ha torpaq sahəsi verilmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 27/2/A-002 nömrəli məktubundan görünür ki, Qəbələ rayon Nohurqışlaq kənd ərazisində Nohurgölün sahilində yerləşən “Sahil" istirahət mərkəzinin dövlət meşə fondu olub olmaması ilə bağlı əməkdaşlar tərəfindən əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Sahil” istirahət mərkəzi 38T0742108, 4537958, 38T0742004 4537782. 38T0742029,4537741, 38T0742038.4537703. 38T07420S3.4537662 38T07421 12,4537648 dövlət meşə fonduna aid deyildir. - Qəbələ rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözgedən torpaq sahəsi iddiaçının icarəsinə uzun müddətə (49 il müddətinə) verilmişdir (2275 nömrəli yenilənmiş müqavilənin surəti əlavə edilmişdir). Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərindən irəli gələrək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi yalnız daşınmaz əmlak üzərində icarə və istifadə müqaviləsi bağlanmış halları tənzimləyir. İş materiallarında olan JN-6009 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamı ilə müəyyən olunur ki, Qəbələ rayon Suvarma Sistemləri İdarəsinin ərazisindən istirahət və iaşə obyektinin tikintisi üçün 1,02 ha torpaq sahəsi iddiaçının uzumüddətli icarəsinə verilmişdir. Qəbələ rayon İHB sözügedən müqavilənin uzunmüddətli olmasını və 49 il müddətinə verilməsini bildirir. Odur ki, hazırkı münasibətlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 10 və 12-ci və Mülki Məcəllənin 139.1-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsi ilə müəyyən olunur ki, ünvan 1i ünvanındakı əmlak kompleksinin yerləşdiyi 10200 kv.m torpaq sahəsi ilə bağlı xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının icarəsinə verilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı sərəncamın və icarə müqaviləsinin mövcudluğu, o cümlədən həmin sənədlərin hazırda qüvvədə olması və mübahisələndirilməməsi işin mübahisəsiz halıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən Qəbələ rayon İHB-nin xx.xx.2003-cü il tarixli 207 saylı sərəncamının “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını - sözügedən torpaq sahəsinin meşə fondu torpaqlara aid olması ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurum olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydasının 2, 3 və 4-cü bəndlərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Belə olan halda iddia olunan torpaq sahəsinin meşə fondu torpaqlara aid olduğu bildirilməsinə baxmayaraq, sözügedən torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsinin bağlanması həmin torpaq sahəsinin həqiqətən də meşə fondu torpaqlarına aid olub-olmaması ilə bağlı əsaslı şübhələr yaratdığından, məhkəmə tərəfindən sözgedən torpaq sahəsinin xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsi bağlanarkən təyinatının necə müəyyən edilməsi, sonradan təyinat dəyişilmişdirsə dəyişilməyə əsas olmuş məlumatların təqdim edilməsi, həmçinin sözügedən torpaq sahəsi meşə fondu torpaqlarına aid olduğu halda Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022ci il tarixli 2275 nömrəli torpaq icarə müqaviləsini iddiaçı ilə hansı əsasla bağlaması, müqavilənin qüvvədə olub-olmaması, meşə fondu torpaqlarına aid deyilsə torpaq sahəsinin təyinatı və həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olması barədə cavabdeh orqanın verdiyi kadastr məlumatının əsaslı olub-olmaması barədə sonuncuya sorğu ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidməti ilkin olaraq məhkəmə tərəfindən verilmiş sorğunu hazırkı cavabdehə yönəltmiş, təkrar sorğunun cavablandırılmasından yayınaraq həmin torpaq sahəsinə dair icarə müqavilənin bağlanmasına əsas olmuş sənədlərin surətlərini təqdim etmişdir. Təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti özü də torpaq sahəsinin təyinatını araşdırarkən hazırkı cavabdehin mövqeyinə etimad göstərməmiş və torpaq sahəsinin meşə fondu torpaqlarına aid olub-olmamasını Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 27/2/A-002 nömrəli məktubu əsasında müəyyən etmişdir. Belə ki, həmin məktubda Qəbələ rayon Nohurqışlaq kənd ərazisində Nohurgölün sahilində yerləşən “Sahil" istirahət mərkəzinin dövlət meşə fondu aid olmadığı qeyd edilmişdir. Göründüyü kimi cavabdeh orqana münasibətdə yuxarı inzibati orqan olan Əmlak Məsələləri Dövlət Xidməti mübahisəli torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı cavabdeh orqanın məlumatlarını mötəbər hesab etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X3 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-14-27/2-2-010/2023 nömrəli məktubunda iddiaçının icarəsində olan 1,02 ha torpaq sahəsinin 1985-2006-cı illərin plan sxeminə əsasən dövlət meşə fonduna aid olmadığı qeyd edilmişdir. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İstinad olunan Qanunun 8.0.5-ci maddəsində 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Sözügedən şəhadətnamənin ləğvi və ya dəyişdirilməsi də iş materialları ilə müəyyən edilmir (xx.xx.2022-ci il tarixli 2275 nömrəli icarə müqaviləsinin yenilənməsi həmin şəhadətnamənin hüquqi qüvvəsinə hər hansı təsir göstərmir). Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün qanuni əsaslar mövcud olduğu halda, cavabdeh orqan əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan əsaslardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2003-cü il tarixli, 207 saylı Sərəncam ilə dövlət fonduna aid torpaqlarından icarəyə verilmiş 1,02 ha torpaq sahəsinə dair tərtib edilmiş “torpaqdan müvəqqəti istifadəyə dair” JN-6009 (KOD ********) saylı Şəhadətnaməyə əsasən 1,02 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-224/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-224/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver