Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2243/2025 28.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X23 Lətif oğlunun sədrliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (X14 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla) «müavinətin ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : X14 və X2 aralarında nikah olmadan 15 aprel 2008-ci il tarixdə X10 adlı övladı doğulmuşdur. Valideynlərinin qeydiyyat şöbəsinə birgə ərizəsinə əsasən X9 azyaşlı Cahandar Məmmədli üzərində atalığı müəyyən edilmişdir. Yevlax Rayon Məhkəməsinin 1(039)-17/2011 saylı iş üzrə 21 fevral 2011-ci il tarixli hökmü ilə X14 AR Cinayət Məcəlləsinin 158.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, onun barəsində Yevlax Rayon Məhkəməsinin 2 iyul 2010-cu il tarixli hökmü ilə müəyyən edilmiş cəzanın çəkilməsinin təxirə salınması ləğv edilməklə hökmlərin məcmusu üzrə həmin Məcəllənin müddəalarına əsasən qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, azyaşlı uşağı X11 nənəsi X3 himayəsinə verilmişdir. Yevlax Rayon İcra Hakimiyyəti başçısının 1 aprel 2011-ci il tarixli 71 nömrəli sərəncamı ilə İddiaçı azyaşlı nəvəsi X5 üzərində qəyyum təyin edilmişdir. İddiaçı azyaşlı X5 üzərində qəyyumu kimi «Sosial müavinətlər haqqında» Qanunun 7.0.9-cu maddəsində nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət təyin edilmiş və həmin müavinət 2024-cü ilin aprel ayınadək ödənilmişdir. Qeyd olunan müddətdən müavinət dayandırılmışdır. İddiaçı məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin həmin qurum ona müavinət təyinatından imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «uşağın (iddiaçının nəvəsinin) valideyn himayəsindən məhrum edilmə faktının müəyyən edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), X10 onun nəvəsidir. Həmin uşaq iki yaşından onun himayəsindədir. Yevlax RİH-nin 11 aprel 2011-ci il tarixli sərəncamına əsasən uşaq onun himayəsinə verilmişdir. X12 16 yaşı var. 2024-cü ilin aprel ayınadək qəyyum kimi ona 120 manat müavinət ödənilmişdir. Bamayaraq ki, həmin vəsait uşağın saxlanılmasına kifayət etmirdi. O, məsələ ilə əlaqədar hazırkı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə 30 iyun 2025-ci il tarixdə “iddianın mümkün sayılmaması” barədə ərizə təqdim etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin görünür ki, onun hüquqi marağı ilk növbədə nəvəsi X7 valideyn himayəsindən məhrum etməklə daha sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin təyin edilməsidir. İPM-in 2.2-ci, Ailə Məcəlləsinin 68-ci, Mülki Prosessual Məcəllənin 25.1, 50.2-ci maddələrinin tələblərinə və Ali Məhkəmənin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 5 saylı 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu olunan inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İPM-in 35.1-ci maddəsinin tələbləri onu ehtiva edir ki, inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia mümkün sayılsın. Hazırkı iş üzrə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh kimi çıxış etməsi, habelə iddia ərizəsində qeyd edilən valideynlik hüququndan məhrum etmə ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla prosessual hüquq normalarının pozulmasına gətirib çıxarır. İddiaçı 4 sentyabr 2025-ci il tarixdə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya təyin edilmiş müavinətin 2024-cü ilin aprel ayından sonrakı dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 4 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və X14 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X8 məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, iddia ərizəsində onun (F.Ə.Məhərrəmovanın) barəsində qeyd edilənlər həqiqətə uyğun deyil. Ali təhsilli müəllimdir, 16 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Bakı şəhərində yerləşən orta məktəbdə bilologiya fənnini tədris edir. O, Yevlax RİH-nin 16 aprel 2015-ci il tarixli sərəncamı ilə birinci qrup əlil qardaşı X6 üzərində qəyyum təyin edilmişdir, anasına da özü baxır. X13 atasının ailəsində qalmasına razılıq verməsində məqsəd, baş verə biləcək münaqişələrin, hadisələrin qarşısının alınması olmuşdur. Belə ki, uşağın atası (X.Məmmədov) onu və ailə üzvlərini daim hədələyir, müəyyən tələblər irəli sürür. Lakin o (F.Ə.Məhərrəmova), övladı Cahandara həmişə qayğı, diqqət, maddi və mənəvi dəstək göstərmişdir, uşaq aylarla onunla birlikdə qalmışdır. Oğlu Cahandara münasibətdə valideyn hüququndan məhrum olunmasını istəmir. Çünki, buna əsas yoxdur. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 23 oktyabr 2025-ci il tarixli “iddiaya qarşı etiraz”ında bildirilir ki, İddiaçı 25 aprel 2024-cü il və 11 oktyabr 2024-cü il tarixlərdə ərizə ilə Mərkəzi Filiala müraciət edərək valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət ödənişinin dayandırıldığı tarixdən bərpasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən 30 oktyabr 2024-cü il tarixli məktubla valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyumluğa görə müavinət təyin olunmasından imtina edildiyi bildirilmişdir. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunun müddəalarına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. X8 barədə məlumat aşkar edilmədiyi və X5 valideyn himayəsindən məhrum olması haqqında məhkəmə qərarının surəti təqdim edilmədiyi üçün İddiaçı sözügedən müavinətin və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mülki Məcəllənin 33 – 35-ci maddələrinin, «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1, 1.0.2, 7.0.9, 9.1.8-ci maddələrinin tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmayan uşaqların valideynləri olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda həmin yetkinlik yaşına çatmayan uşaqların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 15 aprel 2008-ci il tarixdə doğulmuş X5 anası X2 valideynlik hüququndan məhrum edilməsi, başqa səbəblərə görə valideyn himayəsindən məhrum olması, o cümlədən uşaqları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırması barədə məhkəmə qərarı olmadığından, İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. X2 məhkəməyə ünvanlanmış etirazından da aydın olur ki, o, iddia ərizəsində qeyd olunanları təkzib edərək valideyn hüququndan məhrum edilməyə əsas olan əmələ yol vermədiyini və bununla Cahandar Məmmədliyə münasibətdə valideynlik hüququndan məhrum edilməyə razı olmadığını bildirmişdir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, X10 o şərtlə valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab oluna bilərdi ki, uşağın hər iki valideyni vəfat etmiş olardı və yaxud da hər iki valideyni yuxarıda sadalanan kateqoriyalardan hər hansı birinə aid olmuş olardı. Cahandar Məmmədlinin atasının cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq, anasının qanunvericiliklə müəyyən olunmuş kateqoriyalardan heç birinə aid olmadığından, Cahandar Məmmədli valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq sayılmır. Bu səbəbdən də onun qəyyumuna müavinətin təyin edilməsi mümkün deyildir. İddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə inzibati məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı yazılı etirazında iddaçının ərizələrinin (25 aprel 2024-cü il və 11 oktyabr 2024-cü il tarixli) məzmununun “müavinətin bərpası” təşkil etdiyi bildirilir. Odur ki, cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı X1 müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı azyaşlı X5 üzərində qəyyumu kimi «Sosial müavinətlər haqqında» Qanunun 7.0.9-cu maddəsində nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin 2024-cü ilin aprel ayındən bərpa olunmasından imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 33.6-cı maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə görə valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə görə qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 136.2-ci maddəsinə görə qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Həmin Məcəllənin 136.3-cü maddəsinə görə uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 141.6-cı maddəsinə görə uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmayan uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.0.1.9-cu maddəsinə görə bu Qanunla təyin edilən aylıq müavinətlər sırasına valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət də daxildir. Həmin Qanunun 7.0.9-cu maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanuna əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - (9.1.8) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, «Sosial müavinətlər haqqında» Qanunun 7.0.9-cu, 9.1.8-ci və 11.1.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon (şəhər, şəhərdə rayon) icra hakimiyyəti orqanları həyata keçirirlər. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 18-ci maddəsinə görə inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların üzərində yerli icra hakimiyyəti orqanı (rayon (şəhər) icra hakimiyyəti) tərəfindən təyin edilmiş qəyyumlara (himayəçilərə) aylıq müavinət verilməsini nəzərdə tutur və bu müavinəti həmin qəyyumun sosial yardım almaq hüququ olması və uşağın tam dövlət təminatında olmaması ilə şərtləndirir. Hazırkı işin hallarına görə 2008-ci il təvəllüdlü (azyaşlı) X10 məhkəmə qərarı ilə İddiaçı himayəsinə verilmiş və Yevlax RİH-nin müvafiq sərəncamı ilə sonuncu (iddiaçı) həmin azyaşlının qəyyumu təyin edilmişdir. Hazırkı İddiaçı «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanuna əsasən sosial yardım almaq hüququnun olması və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş X5 tam dövlət təminatında olmaması işin mübahisələndirilməyən hallarıdır. Nəzərə alınmalıdır ki, müvafiq səlahiyyətə malik qurum kimi hazırkı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya qəyyum qismində müavinət 2024-cü ilin aprel ayınadək, yəni üzərində qəyyumluq təyin edilmiş 2008-ci il təvəllüdlü X5 16 yaşı tamam olan tarixədək ödənilmişdir və həmin tarixdə (və ya ondan sonra) ödənişin dayandırılması yaxud ləğv edilməsi barədə əlavə qərar – inzibati akt qəbul edilmədən ödəniş dayandırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqi marağı və ona uyğun müraciətinin məzmunu müavinətin “təyin edilməsi” deyil, “bərpa olunması”dır. Halbuki, cavabdeh inzibati orqan hazırda etirazını “müavinətin təyin edilməsinin mümkün olmaması” ilə əsaslandırır. Cavabdeh tərəfin bu mövqeyi və ümumiyyətlə mübahisələndirilən hərəkətləri ilə bağlı məhkəmə diqqətə çəkir ki, məcmuda inzibati icraatı tənzimləyən və müvafiq sahəyə aid qanunvericilik normaları sosial müavinətin təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi müavinət təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. İşin halları ilə bağlı yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF orqanının iddiaçıya müavinət təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya müavinət təyin edilməsi barədə qərar ləğv edilmədən ona ödənilən müavinət dayandırılmışdır. Məhkəmə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, cavabdehin “müavinətin dayandırılması” ilə bağlı hərəkətləri «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Cavabdeh inzibati orqanın belə (uzun müddət ödənildikdən sonra qərar qəbul etmədən müavinətin ödənişinin dayandırılması) hərəkəti «İnzibati icraat haqqında» Qanunun 13 və 18-ci maddələrinə də ziddir. Bununla da DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən müvafiq inzibati icraat qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən aparılmış kimi qiymətləndirilir. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçıya müavinətin “təyin” olunmasının mümkünsüzlüyünü uşağın anası barədə məlumatın aşkar edilməməsi və atasının valideyn himayəsindən məhrum olması haqqında məhkəmə qərarının təqdim edilməməsi ilə əsaslandırır. Bu xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, azyaşlı X4 nənəsi kimi hazırkı iddiaçının himayəsinə verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, eləcə də iddiaçının həmin uşağa qəyyum təyin olunması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı qüvvədə və inzibati icraat materiallarında mövcud olduğu halda, əlavə məhkəmə aktının qərarı və ya orqanın qərarının tələb edilməsi birbaşa «İnzibati icraat haqqında» Qanunun 15, 17 və 19-cu maddələrinin tələblərinə ziddir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 38.6-cı maddəsinə görə qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir. Bu isə belə nəticə yaradır ki, 2008-ci il təvəllüdlü X10 14 yaşına çatdıqdan sonra nənəsi İddiaçı qanuna əsasən onun üzərində himayəçiyə çevrilmişdir və bununla bağlı əlavə qərar (sərəncam və s.) qəbul olunmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, azyaşlı Cahandar Məmmədlinin nənəsi İddiaçı himayəsində saxlanılması Yevlax Rayon Məhkəməsinin 21 fevral 2011-ci il tarixli hökmündə, həmin şəxsin adıçəkilən azyaşlının qəyyumu təyin olunması isə Yevlax RİH-nin 1 aprel 2011-ci il tarixli sərəncamında əksini tapdığından, uşağın valideyn himayəsindən məhrum olması hüquqi cəhətdən müəyyən sayılır və bununla əlaqədar valideynlərin valideyn hüququndan məhrum olması təsbit olunan əlavə məhkəmə qərarına da ehtiyac yaranmır. Çünki, mövcud qanunvericilik (o cümlədən Ailə Məcəlləsi) valideyn himayəsindən məhrum olunmanı təkcə sağ valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə şərtləndirmir, valideyn himayəsinin olmadığı digər halları da nəzərdə tutur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mövqeyi ilə razılaşmır və iddiaçının tələbini əsaslı sayır, İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı təyin edilmiş müavinətin 2024-cü ilin aprel ayından sonrakı dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş müavinətin 2024-cü ilin aprel ayından sonrakı dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X24
Məhkəmə qərarları › İş №2-1(116)-2243/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2243/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver