Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2270/2023 24.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən 8 yaşına çatmamış uşağa qulluq edən muzdlu işdən orta aylıq gəlirinin ondan asılı olmayan səbəblərdən hər-hansı ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan 5 nəfərdən ibarət sosial yardım almaq hüququna malik olan aztəminatlı ailəsinin eyni ünvanda ayrı yaşayan, ayrı təsərrüfat aparan qanun tərəfindən keçmiş ailə üzvü sayılan valideyninin ailəsinə görə xx.xx.2021-ci il tarixdə “ailə tərkibinin düzgün göstərilməməsi” bəhanəsi ilə sosial yardımın təyinatından imtina edilməsi barədə qanunsuz qərar qəbul edən, keçmiş ailə üzvü sayılan valideyninin ailəsini öz ailəsinin tərkibində göstərməsə daim “ailə tərkibinə” görə imtina cavabının veriləcəyini deyən, sosial yardımı həm dövlət büdcəsinin vəsaiti hesabına, həm də keçmiş ailə üzvü sayılan valideyninin büdcəsinin vəsaiti hesabına təyin edən, hal-hazırda 6 nəfərdən ibarət olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailəsinin qanun tərəfindən keçmiş ailə üzvü sayılan valideyninin indeksləşdirilmiş pensiyasına görə 1 (bir) il müddətinə müraciət etmək hüququnun məhdudlaşdırılması barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə etdiyi ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-193873/2023 nömrəli etiraz məktubundan müəyyən olunur ki, daha sonra iddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********959 nömrəli ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən ailəsinə xx.xx.2022-ci il tarixdə 1 (bir) il müddətinə 570 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixli qərardan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının həmçinin nəzərinə çatdırılmışdır ki, əgər onun hüquqi marağı ailəsinə təyin edilmiş sosial yardımın dayandırılması ilə bağlı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğvi ilə bağlıdırsa, hazırkı iddia tələbinə dəqiqləşdirmə apararaq həmin qərarı mübahisələndirə və ya yeni iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddianı dəqiqləşdirərək cavabdehin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirdiyi halda isə iddiaçının nəzərinə çatdırılmışdır ki, təyin olunmuş ünvanlı dövlət sosial yardımının ödənişinin dayandırılması artıq sözügedən qərardan həmin tarixdən məlumatlı olduğu qənaətinə gəlməyə əsas verir. Yardım məktubunda iddiaçıya yuxarıda qeyd olunanlarla bağlı yazılı münasibətini beş gün müddətində məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsi ilə cavabdehin etirazına öz yazılı münasibətini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd etmişdir ki, sosial yardım almaq məqsədi ilə 23 avqust 2023-cü il tarixli **********931 nömrəli “Ərizə bəyannamə” ilə təkrar müraciət edən zaman müraciətində heç bir kənarlaşma və uyğunsuzluq aşkarlamayan VEMTAS bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailəsinin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə təmsilçi ilə razılığa gəldikdə sosial yardım təyin edən, razılığa gəlmədikdə qanunsuz imtinalar verən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisilərinə tapşırıq göndərdi. Bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla mənzilə daxil olub axtarış və çəkiliş aparan Şöbənin işçiləri bu Qaydaların 3.7.2-ci bəndində göstərilən halı seçib imtina cavabı verdilər: Maddi-məişət şəraitinin müayinəsi keçirilmiş və kənarlaşma aşkarlanmışdır. Bu səbəbdən imtina edilmişdir; Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Son 12 ayda muzdlu işdən 4217,28 manat olan onun gəlirləri barədə məlumatı və valideyni ilə onun arasında olan ailə münasibətlərinə xitam vermiş Ailə Məcəlləsinin 56.2-ci maddəsi tərəfindən keçmiş ailə üzvü sayılan ünvanda yaşayan, ayrı təsərrüfat aparan valideyninin son 12 ayda 4237,35 AZN pesiyasıyadan olan gəliri barədə məlumatı elektron müraciəti qəbul edən sistemə cavabdeh özü daxil edib. Göründüyü kimi, gəlirləri barədə məlumatı sistemə cavabdeh özü daxil edə-edə özü də imtina cavabı verir ki, guya iddiaçı ailəsinin gəlirləri barədə düzgün məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixli qərardan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı məhkəmənin yardım məktubuna cavabında da bu məsələyə münasibət bildirməmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məcəllənin 24.4-cü maddəsinə görə isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı cavabdeh orqandan imtina cavabı aldıqdan iki ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnu artıq itirmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2270/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2270/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver