Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2402/2025 30.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair qərarın ləğv olunması və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair qərarın ləğv olunması və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəi ondan ibarətdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli **********289 nömrəli “ərizə-bəyannamə” ilə müraciəti əsasında 3 nəfərdən ibarət olan ailəsinin maddiməişət şəraitinin yoxlanılması cavabdeh orqan tərəfindən müayinə keçirilmiş, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra sosial yardın) təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, **********289 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə icazə verilmədiyindən ailəyə sosial yardımın təyinatından imtina verilmişdir. Belə ki, daxil olan müraciətin araşdırılması məqsədilə iddiaçı tərəfindən ərizə- bəyannaməyə daxil edilən ünvana gəlmiş əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin yoxlanılması mümkün olmamışdır. Belə ki, təmsilçi atasının evdə olmaması səbəbilə əməkdaşların evə daxil olmağına icazə verməmişdir. Belə olan halda maddi-məişət şəraitinin müayinəsinin mümkün olmaması səbəbindən təmsilçiyə imtina cavabı verilmişdir. Bununla bağlı qeyd edilmişdir ki, ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq şəkildə maddi- məişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilir. Azərbycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş, “ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin edilməsi, verilməsi və verilməsindən imtina edilməsi qaydalarına əsasən: • 3.2-ci bənd VEMTAS tərəfindən “ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların “elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. • 3.3-cü bənd bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmağla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. • 3.4-cü bənd bölmənin və ya mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Göründüyü kimi təmsilçi atası evdə olmadığı üçün maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmasa da, Qaydalar sözügedən yoxlamanın hər hansı digər şəxsin iştirakı ilə deyil, birbaşa olarag müraciət etmiş təmsilçinin özü ilə aparılmasını tələb edir. Beləliklə təmsilçi 1. maddi-məişət şəraitinin yoxlanmasına şərait yaratmır, 2. ərizə bəyannamədə göstərmədiyi atası və anası onunla birlikdə yaşayır, 3. ərizə bəyannamədə qeyd etmədiyi atası olmadan müayinənin aparılmasına icazə vermədiyini bildirir. Halbuki əgər atası onunla ayrı təsərrüfatdırsa müayinədə iştirakına heç bir halda yol verilə bilməz. Ona görə ki, ərizə-bəyannamədə ailə üzvü kimi geyd edilməmişdir. Qeyd olunanların hər biri ayn-ayrılıgda imtina üçün ganunvericilikdə müəyyən edilmiş əsaslara daxildir. Qeyd edilir ki, bir mənzildə yaşamaqlarına baxmayaraq ayrı təsərrüfat olduqlarını iddia edən təmsilçi və onun valideynlərinin birgə təsərrüfat olması faktı, yoxlama zamanı təmsilçinin, atası evdə olmadığına görə yoxlamaya icazə verməməsi ilə birdaha öz təsdigini tapır. Buna nəzərən bildirilmişdir ki, qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması ve ya maneçilik törədilməsi imtina əsasıdır. Nəzərə çatdırılır ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən: Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat" informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyqun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" (VEMTAS) altsisteminə ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Göründüyü kimi qanunvericilik o halda müayinənin təmsilçinin özü ilə yox onun nümayəndəsi ilə keçirilməsini mümkün edir ki, nümayəndəlik barədə sənədin surəti notarial qayadada təsdiq olunmuş arayışa əlavə edilərək ərizə-bəyannamə vasitəsilə sistemə daxil edilsin. Lakin təmsilçinin atası məhkəmədə təmsilçilik hüququ verən etibarnaməni əsas gətirərək müayinənin onunla keçirilməsini tələb etmişdir. Halbuki birgə təsərrüfat olmadıqlarını bildirən şəxsin hansı niyyətlə müayinənin onunla keçirilməsini tələb etməsi və bu halda necə ayrı təsərrüfat olduqları müəmmalıdır. Əlavə olaraq o da qeyd edilmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Nəzərə çatdırılır ki, İddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli sosial yardımın təyin olunması ilə bağlı müraciətindən sonra xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə də yenidən müraciət etmiş, sonuncu müraciəti qurumlararası yoxlama (VEMTAS) mərhələsindədir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(102)-584/2024 nömrəli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə-(2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında" Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi verilən imtinalar qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3 İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bənd 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Bənd 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Bənd 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Bənd 16.4.İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. III. MƏHKƏMƏNİN MÖVQEYİ: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun deyil. Belə ki, hüquqi maraq yalnız o halda mövcud hesab edilə bilər ki, iddiaçının hüquqi müdafiə vasitəsindən istifadə etməsi onun konkret və aktual hüquq və ya qanunla qorunan marağının pozulması ilə bağlı olsun və həmin müdafiə vasitəsi ilə arzu edilən nəticəyə çatmaq mümkün olsun. İş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş sistem çıxarışından görünür ki, iddiaçı ünvanlı dövlət sosial yardım almaq məqsədi ilə xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində də cavabdeh orqana müraciət etmişdir. Məhəkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarında göstərilən hüquqi mövqeyə görə inzibati orqan tərəfindən verilmiş əvvəlki imtina qərarları (inzibati aktlar) rəsmi olaraq ləğv edilmədikcə və ya qüvvədən düşmədikcə, həmin aktlar qüvvədə qalır və bu səbəbdən məhkəmə yalnız iddiaçının sonuncu və mübahisələndirilən müraciəti əsasında yaranan sosial yardım hüququnu yoxlayaraq, həmin tarixdən (son müraciətə uyğun) yardımın təyin edilməsini qanuni hesab edilir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-442/2021 nömrəli və xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarlarında göstərilən hüquqi mövqe) izah olunmuş, iddiaçıdan iddia tələbinə dəqiqləşmə verilməsi tələb edilmiş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, təqdim etdiyi xx.xx.2024-cü il tarixli müraciətindən imtina barədə qərarın ləğvi tələbində israrlı olduğunu və sonrakı müraciətlər barədə hər hansı bir dəyişiklik və ya əlavə tələb irəli sürmədiyini, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir Göründüyü kimi iddiaçı ilkin müraciəti olan xx.xx.2024-cü il tarixli müraciətinə dair imtina qərarının ləğvini tələb etdiyi halda, sonradan xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025ci il tarixlərində təkrar müraciətlər etmişdir. Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyinə görə, əvvəlki imtina qərarları rəsmi olaraq ləğv edilmədikcə və ya qüvvədən düşmədikcə qüvvədə qalır və məhkəmə sonuncu müraciət əsasında yaranan hüququ yoxlamalıdır. İddiaçıya məhkəmə tərəfindən bu hüquqi mövqe izah edilsə də, o, ilk müraciətə dair tələbində israrlı qalmışdır. Yeni müraciətlər olmasına baxmayaraq, iddiaçı mübahisə predmeti kimi yalnız ilk müraciətin rədd edilməsi qərarını göstərmiş və onu dəyişdirməmişdir. Bu isə, hal-hazırda iddiaçının mübahisələndirdiyi inzibati akta dair hüquqi marağının olub-olmamasını şübhə altına alır, çünki sonrakı müraciətlərinə dair qərarların mövcudluğu ilk imtina qərarının ləğvinin hazırki anda iddiaçının çatmaq istədiyi məqsədə (ünvanlı sosial yardımın təyin edilməsi) nail olmaq üçün düzgün hüquqi müdafiə vasitəsi olmadığını göstərir (Ali Məhkəmə Plenumunun 5 saylı Qərarının 6.2-ci bəndi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin yuxarıda qeyd edilən hallara və Ali Məhkəmənin mövqeyinə əsasən, iddiaçı sonrakı müraciətlərini mübahisələndirmədiyi və məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq ilk müraciətə dair tələbini dəqiqləşdirmədiyi üçün iddia tələbinin bu şəkildə qaldırılması onun hüquqi marağına xidmət etmir və arzuladığı məqsədə çatması üçün düzgün hüquqi vasitə deyil. Göründüyü kimi məhkəmə yardım etmək vəzifəsini həyata keçirsə də (İPM-in 13-cü maddəsi, Plenum Qərarının 3.2, 3.3-cü bəndləri), iddiaçı tələbində israrlı qalaraq iddia ərizəsindəki çatışmazlığı aradan qaldırmamışdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun gəlmədiyindən iddia mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair qərarın ləğv olunması və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. X5 Əsədova.
Məhkəmə qərarları › İş №2-1(116)-2402/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2402/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver