Məhkəmə qərarları › İş №2-1(116)-241/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-241/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-241/2021 23.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı Rayon İcra Hakimiyyəti) “İsmayıllı rayon Xalq X7 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı Rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Xalq X7 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı Rayon Xalq X7 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı qərarı ilə İddiaçı İsmayıllı rayon Mican inzibati ərazi bölgüsündən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün müəyyən işlər görülmüşdür. İddiaçı ötən dövr ərzində öz səhlənkarlığı ucbatından torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarış əldə edə bilməmişdir. Bundan sonra ailəsini dolandırmaq üçün X2 Respublikasına getmişdir. Daha sonra oranın vətəndaşlığını qəbul etmişdir. Nümayəndə qardaşı İddiaçı tərəfindən ona verilən etibarnamə üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 16.09.2020-ci il tarixli, **********46 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, təqdim oluann yerləşmə sxemində qeyd olunan koordinatlara əsasən torpaq sahəsinin yerləşdiyi ərazi, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında JN-302A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında X4 və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Xarici dövlətin vətəndaşının (əcnəbi) Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 09.10.2020-ci il **********41 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, İddiaçı xarici ölkə vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilər. 48.3-cü maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Eyni zamanda bildirilir ki, mübahisəli torpaq sahəsinin faktiki sahəsi 0.1147 hektardır, torpaq sahəsi İsmayıllı rayonu Mican kəndinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında fərq yoxdur. Torpaq sahəsinin istifadəçisi İddiaçıdur. Qeyd edilən torpaq sahəsində yarımçıq tikili mövcuddur. İddiaçı adına Ərazi İdarəsində mövcud olan subyektlər siyahısında JN- 1302 A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeyd edilmişdir. Ləğv edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qeyd edilən şəhadətnamə hazırlanmamışdır və Ərazi İdarəsinnin arxivində həmin şəhadətnamənin arxiv nüsxəsi mövcud deyil. Bu səbəbdən də şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X12 filialının 29.10.2017-ci il tarixli, 753 nömrəli arxiv çıxarışından görünür ki, İsmayıllı rayon XDS rəyasət heyətinin 22.05.1992-ci il tarixli, 24 saylı qərarı ilə XDS-in xüsusi torpaq fondu hesabına Mican inzibati ərazi bölgüsü üzrə İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan İsmayıllı RİH başçısının məhkəməyə ünvanladığı 21.10.2020-ci il tarixli 01/585 nömrəli məktubda qeyd edilir ki, İddiaçı istifadəsində olan 0,06 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi və nəzərdə tutulan torpaq sahəsinin koordinatları İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsi və İsmayıllı bələdiyyəsi tərəfindən təsdiq edilmiş və iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.10.2020-ci il tarixli, **********89 nömrəli məktubuna təsdiq edilmiş surəti əlavə edilən “İsmayıllı rayonunun İsmayıllı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəldən görünür ki, 1302-ci sırada İddiaçı adı qeyd edilmiş və ona 0.06 ha həyətyanı torpaq sahəsinin verildiyi göstərilmişdir. İş materiallarında olan JN-302A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı AİK-nın 20.02.2001-ci il tarixli, 120 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi X8, X9 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04.05.2021-ci il tarixli **********68 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 11 mart 2021-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı rayonu X14 Rəyasət Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə iddiaçıya ayrılmış 0,06 hektar torpaq sahəsi məhkəmə tərəfindən təqdim edilmiş cizgiyə əsasən JN-302A seriyalı kod 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmür. JN-302A seriyalı kod 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X3 adı qeyd edilmişdir. Tələbdə qeyd edilmiş və faktiki naturada ölçülmüş 0.06 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasına əsasən İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-1302 A seriyalı kod 40719028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etməmişdir. Üçüncü şəxs İsmayıllı RİH 21.10.2020-ci il tarixli, 01/585 nömrəli məktubla nümayəndənin iştirakı olmadan işə mahiyyəti üzrə baxıb qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madəsinin 2-ci bəndinə əsasən, islahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. 2-ci maddəsinə əsasən, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması aqrar islahatın əsas istiqamətlərindən olmuşdur. 5-ci maddəsinin 1-ci bəndinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, İsmayıllıı rayonunun İsmayıllı kəndində iddiaçının qanuni istifadələrində 0,06 ha həyətyanı torpaq sahəsi olmuşdur. İsmayıllı rayon AİK-nın 20.02.2001-ci il tarixli 120 nömrəli Qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, adına Ərazi İdarəsində mövcud olan subyektlər siyahısında JN-1302 A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qeyd edilmişdir. Lakin ləğv edilmiş DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən qeyd edilən şəhadətnamə hazırlanmamışdır, bununla belə tələbdə qeyd edilmiş və faktiki naturada ölçülmüş 0.06 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasına əsasən İsmayıllı şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-1302 A seriyalı kod 40719028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Yuxarıda sadalanan maddi hüquq normaları Azərbaycan Respublikasında keçirilən aqrar islahatın nəticəsində aqrar bölmədə yeni mülkiyyət növlərinin formalaşdırılmasını və vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəsində olan ölçüdə verilməsini də tənzimləmişdir. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da islahat aparılan zaman Azərbaycan Respublikasının vətəndaşı olaraq, İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatda olmuşdur. Qeyd olunan kənddə iddiaçının qanuni istifadəsində olan 0.06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Dövlət qeyd olunan torpaq sahəsini sonuncunun mülkiyyətinə əvəzsiz olaraq verməklə həmin torpaq sahəsini ona bağışlamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Şərh olunan qanunvericilik normasının məzmunundan göründüyü kimi xarici fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət hüquqları vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində əmələ gələ bilər, bu əqdlər nəticəsində onların hüquqları qeydiyyata alınmalı lakin qeydiyyat anından bir il müddətində özgəninkiləşdirilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xarici fiziki şəxs olmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi ona bağışlama qaydasında verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının tələbi üzrə cavabdehin üzərinə mübahisə predmeti olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon Xalq X7 Heyətinin 22 may 1992-ci il tarixli 24 saylı Qərarına əsasən İsmayıllı rayon Mican inzibati ərazi bölgüsü üzrə mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc cavabdeh orqana aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X13 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar