Məhkəmə qərarları › İş №2-1(116)-2419/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2419/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2419/2023 07.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “cavabdehin 19 iyun 2023-cu il tarixli, **********6343 nömrəli qərarının ləğv edilməsi və 1000 manat məbləğində vergi məsuliyyətinin hesabından silinməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili əzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 29 iyun 2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi barədə cavabdehin 19 iyun 2023-cu il tarixli, **********6343 nömrəli qərarının ləğv edilməsi və 1000 manat məbləğində vergi məsuliyyətinin hesabından silinməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 iyun 2023cü il tarixli, **********6343 nömrəli qərarına əsasən ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 29 iyun 2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi 19 iyun 2023-cü il tarixli, **********6343 nömrəli qərardan göründüyü kimi həmin qərarın 14 may 2023-cü il tarixli, 025422 nömrəli akt əsasında qəbul edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının tərtib etdikləri 14 may 2023-cü il tarixli, 025422 nömrəli akta isə onun həmin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Halbuki, onun belə bir aktın tərtib edilməsindən məlumatı olmamış və ona imzalamaq üçün belə bir akt təqdim edilməmişdir. Qeyd edilən aktın haradan və nə zaman yazılmasından məlumatlı deyil. Bundan başqa onun tərəfindən konkret olaraq hansı pozuntunun edildiyini həmin aktla müəyyən etmək mümkün deyildir. Göründüyü kimi formal və məlum olmayan əsaslarla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları qarşılarına qoyulmuş planı bitirmək məqsədi ilə belə bir prosedur hərəkətlər etmişlər. Bütün bunlar onun vəziyyətini ağırlaşdırmaqla yanaşı, onun hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2011-ci il tarixdə "Mağaza” adlı ticarət obyektinin qeydiyyata alındığı, fəaliyyət növlərinin "X2 X4 Satışı" (əsas fəaliyyət), “X1 X5” və "YEMƏKXANALAR TƏRƏFİNDƏN XİDMƏTLƏRİN Göstərilməsi" olduğu müəyyən edilmişdir. Fərdi sahibkar İddiaçı "MAĞAZA” adlı ticarət obyektinə (Obyektin kodu: **********-30001) xx.xx.2022-ci İl tarixdə zavod nömrəsi F220320A00201444 olan TPS 320 Smart POS markalı nəzarət-kassa aparatı quraşdırılmışdır. Fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********6575 nömrəli qərarı ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 19:24-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan “İlham” marketdən 0.70 manat dəyərində bir ədəd 250 ml həcmli Bizon içkisi alınmış, ödənilmiş 0.70 manata görə müştəriyə nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Marketdə quraşdırılmış nəzarət-kassa aparatı blok vəziyyətində olduğu üçün yoxlayıcı müfəttiş tərəfindən nəzarət kassa aparatına kassa çekinin bərpası mümkün olmamışdır. Bu hal DVX seriyalı 025422 nömrəli aktla rəsmiləşdirilmiş, fərdi sahibkar İddiaçı həmin aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabına qeyd edilib-edilməməsi araşdırılarkən fərdi sahibkar İddiaçı onlara belə bir kitabın verilmədiyini bildirmiş və bu barədə sərbəst formada tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 11.2.11 -cİ maddəsinə görə obyektlərdə NKA- dan istifadə olunması müvəqqəti mümkün olmayan hallarda (elektrik enerjisinin kəsilməsi, NKA-nın nasaz olması və s.) nağd hesablaşmaların operator tərəfindən möhürlənmiş “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na işlənilməsi yoxlanılır. Həmin qaydaların 7.9-cu maddəsinə görə nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabına qeyd edilib-edilməməsi araşdırılır. Həmin qaydaların 7.10-cu maddəsinə görə nəzarət zamanı vergi ödəyicisi nəzarətkassa aparatının hər hansı səbəbdən təmirə aparıldığı barədə məlumat verdikdə, həmin məlumatın düzgünlüyü vergi ödəyicisinin nəzarət-kassa aparatının operatoruna (bundan sonra "operator") və nəzarət-kassa aparatının qeydiyyata alındığı vergi orqanına rəsmi qaydada müraciət edib-etməməsi və operatorun səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalında aparatın təmirə götürülməsi barədə qeydinin olub-olmaması ilə dəqiqləşdirilir, bununla bağlı nəzarətin nəticələri barədə tərtib olunan aktda müvafiq qeydlər edilir. Odur ki, keçirilmiş operativ vergi nəzarəti tədbirinə dair tərtib edilmiş sənədlərin surəti vergi ödəyicisinə xx.xx.2023-ci il tarixdə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Fərdi sahibkar barəsində qəbul ediləcək qərar üzrə operativ vergi nəzarəti materiallarına baxılmasında iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli **********224900 nömrəli bildiriş göndərilmiş və həmin bildiriş vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 15:55:25- də oxunmuşdur. Operativ vergi nəzarəti materiallarına baxılması üzrə fərdi sahibkar barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 -ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi barərə xx.xx.2023-cü il tarixli **********6343 nömrəli qərar qəbul edilərək həmin tarixli **********435400 nömrəli məktubla vergi ödəyicisinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə 12:45:21-də oxunmuşdur. İddiaçının iddia tələbini əsaslandırdığı konkret hallarla bağlı isə bildiririk ki, işin hallarından da göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri yanlış olmaqla iş materialları ilə təkzib olunur və iddia ərizəsi formal xarakter daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “vergi ödəyicisinin vergi qanunvericiliyinn pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2023-cü il tarixli, **********6343 nömrəli qərardan görünür ki, iddiaçı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə vəlb edilmişdir. - “operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli, **********6575 nömrəli qərarda və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231920581 nömrəli çıxarışında aşağıda qeyd edilən məlumatlar öz əksini tapmışdır: yoxlayıcı orqan – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı – İddiaçı Əlican qızı (Vöen: 3********), yoxlamanın müddəti – xx.xx.2023-xx.xx.2023, yoxlanılan dövr-cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları- Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü- 30001 mağaza; AZ5500 ünvan 1laşmamış mağazalarda sair X5, yoxlamanın növü- operatov vergi nəzarət, yoxlamanın tipi- plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas- Vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olması (Vergi Məcəlləsi, maddə 50.2.4). Həmçinin yoxlayıcı şəxslər barəsində məlumatlar qeyd olunmuşdur. - xx.xx.2023-cü il tarixli seriya DVX 025422 №-li aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus, Şəki şəhəri Bağbanlar ev 68 ünvanında yerləşən, “İlham” marketindən xx.xx.2023-cü il tarixdə saat 19:24-də müştəri tərəfindən 0,70 man dəyərində Bizon 250 ml içkisi alındı. Alınmış mala görə ödənilmiş pula müştəriyə verilməli olan NKA çeki təqdim edilmədi. NKA blokda olduğu üçün bərpa çeki çıxartmaq mümkün olmadı. Sözügedən aktın iddiaçı tərəfindən imzalanmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, iddiaçı həmin qərarı xx.xx.2023-cü il tarixdə mübahisələndirmişdir. Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Tətbiq edilən hüquq. Vergi Məcəlləsi: Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (-); 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. (-). Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (-). 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; (-). 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş, “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”: 2.2. NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.3. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir. İş materiallarından görünür ki, iddiaçının məşğul olduğu fəaliyyət növü ixtisaslaşmamış mağazalarda sair X5 olmuş, cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlama müddəti müəyyən edilərək əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:24-də (yoxlamanın keçirilməsi nəzərdə tutulmuş tarix aralığında) iddiaçıya məxsus, Şəki şəhəri Bağbanlar ev 68 ünvanında yerləşən, “İlham” market operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan “İlham” marketdən 0.70 manat dəyərində bir ədəd 250 ml həcmli Bizon içkisi alınmış, ödənilmiş 0.70 manata görə müştəriyə nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Belə ki, cavabdeh orqan sözügedən obyektdə (obyektin kodu: **********-30001) xx.xx.2022-ci il tarixdə zavod nömrəsi F220320A00201444 olan TPS 320 Smart POS markalı nəzarət-kassa aparatının quraşdırılmasını, operativ vergi nəzarəti tədbiri zamanı marketdə quraşdırılmış nəzarət-kassa aparatı blok vəziyyətində olduğu üçün yoxlayıcı müfəttiş tərəfindən nəzarət kassa aparatına kassa çekinin bərpasının mümkün olmamasını bildirir. İddiaçı, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilmədiyini bildirsə də, nəzarət-kassa aparatının daim işlək vəziyyətdə olmasını, “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nın mövcudluğunu sübut edə bilməmiş, sahibkarlıq obyektində xx.xx.2023-cü il tarixə (saat 19:24) aid müşahidə kamerasının görüntüləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus, operativ vergi nəzarəti tədbiri həyata keçirilən sahibkarlıq obyektində “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”-nın olmaması özlüyündə onu deməyə əsas verir ki, nəzarət-kassa aparatında nasazlığın baş verməsi halı üçün nağd pul hesablaşmalarının qeydiyyatının aparılması ümumiyyətlə təşkil edilmir. Nəzərə alınmalıdır ki, müvafiq qeydiyyat kitabının mövcud olmasının zəruriliyi məhz nəzarət-kassa aparatlarında baş verməsi gözlənilən nasazlıq halında qeydiyyatın aparılmasının təşkil edilməsi ilə bağlıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili əzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 29 iyun 2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi barədə cavabdehin 19 iyun 2023-cu il tarixli, **********6343 nömrəli qərarının ləğv edilməsi və 1000 manat məbləğində vergi məsuliyyətinin hesabından silinməsi öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar