Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2503/2024 10.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «iddiaçının sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə iş materiallarına açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Hazırkı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə elektron rabitə kanalı vasitəsilə İddiaçı «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 10 və 14-cü maddələrinə istinad edilməklə aşağıdakı suallardan ibarət informasiya sorğusu daxil olmuşdur: 1-ci sual – Xəstəxanaya 2023 – 2024-cü illərdə dövlət büdcəsindən ayrılan vəsait barədə məlumat verilməsi (vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışları və digər sənədlər əlavə edilməklə); 2-ci sual – Hər birinin adı, ata adı, soyadı, təhsili, yaşı və vəzifəsi göstərilməklə Xəstəxananın bütün işçiləri (tibb, texniki və s.) barədə məlumat verilməsi; 3-cü sual – Dövlət tərəfindən ayrılmış vəsait hesabına müalicə olunanlar, dərman preparatları üçün 2023 və 2024-cü illərdə ayrılıqda dövlət tərəfindən ayrılan vəsait barədə məlumatın verilməsi; 4-cü sual – Xəstəxanada fəaliyyət göstərən həkimlərin pambıq, spirt, iynə, yara bantı və s. kimi lazımi tibbi ləvazimatları öz vəsaiti hesabına alması barədə fikirlərə münasibət bildirilməsi; 5-ci sual – Xəstəxananın tibb və kiçik tibb işçilərinin təhsili barədə məlumatın verilməsi (konkret tibb müəssisəsi göstərilməklə adlı siyahı); 6-cı sual – Dövlət vəsaiti hesabına xəstələr üçün ayrılan dərmanların Şəki və ətraf rayonların ərazisində satılması barədə fikirlərə münasibət bildirilməsi; 7-ci sual – Xəstəxanada olan X3 maşınları və istifadəyə yararsız texnikalar (marka və dövlət qeydiyyat nişanları göstərilməklə), həmin maşınların gündəlik təmizlənməsi və dezinfeksiya olunması barədə məlumatın verilməsi; 8-ci sual – Xəstəxananın motorlu texnikaları, onların sərf etdiyi yanacağın, sürtkü və digər yağların həcmi barədə məlumatların verilməsi (ayrılmış vəsaitlərin rəsmi sənədləri əlavə edilməklə); 9-cu sual – Xəstəxanaya dövlət tərəfindən aylıq ayrılan tibb ləvazimatları, önü şəffaf şüşə ilə bağlı kilidlənmiş rəflərdə olan tibbi ləvazimatlar barədə məlumatların verilməsi; 10-cu sual – 2023-cü il üçün Xəstəxananın və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrinin ştat vahidləri, rayon üzrə çarpayı günlərinin icra göstəriciləri barədə məlumatın verilməsi; 11-ci sual – Xəstəxananın və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrinin auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə tərtib edilən proqnozlar barədə ətraflı məlumatların verilməsi; 12-ci sual – Xəstəxanada və onun tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində bir çarpayı gününə sərf olunmuş dərman və ərzaqların siyahısına dair (onlara ayrılan xərclərlə bağlı sənədlər əlavə olunmaqla) məlumatın verilməsi; 13-cü sual – Xəstəxananın 2023 – 2024-cü illərdə tender elan etməsi və elan olunmuşdursa həmin tenderin qalibi (tenderlə bağlı digər rəsmi sənədlər əlavə olunmaqla) barədə məlumatların verilməsi. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış müvafiq cavab məktubunda aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə – “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tərəfindən təsdiq edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanasının xərclər smetası 2023-cü il üçün 19.880.900 manat, 2024-cü il üçün 22.660.800 manat təşkil etmişdir. Saxlanılma xərclərinə sərf edilən vəsaitlər haqqında məlumat, maliyyə arayışları və digər sənədlər aidiyyəti yuxarı təşkilata təqdim olunur; 2-ci sual üzrə – «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası Qanununun 5.1, 5.2 və 5.3-cü maddələrinə əsasən işçilər haqqında açıq fərdi məlumatlar siyahı şəklində təqdim olunur: siyahı ilə 2082 işçinin adı, soyadı və atasının adı barədə məlumat verilir; 3-cü sual üzrə – Dərman və tibbi sərfiyyat dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada təchiz edilir. Dərman və tibbi sərfiyyat xərcləri üçün Xəstəxanaya ayrıca vəsait ayrılmır. Xəstəxana olaraq onun aylıq dərman və tibbi sərfiyyatlara olan ehtiyacı tələbnamə şəklində TƏBİB-ə göndərilir və TƏBİB tərəfindən təchiz olunur; 4-cü sual – Ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərfiyyat üzrə xidmətlər zərfinə daxil olan dərmanlar: Təcili və təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri; stasionarda istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər), gündəlik qidalanma; Ambulator şəraitdə tibb müəssisələrində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2023-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 3315-dir. Həkimlərin pambıq, spirt, iynə, yara bantı və s. kimi lazımi tibbi ləvazimatları öz vəsaitləri hesabına alması səhv məlumatdır; 5-ci sual üzrə – Xəstəxananın tibb işçiləri ali və orta ixtisas, kiçik tibb işçiləri isə orta ixtisas, orta və ibtidai təhsilli kadrlardan ibarətdir; 6-cı sual üzrə – Xəstəxanaya dövlət hesabına xəstələr üçün ayrılan dərmanlar, həkim təyinatına əsasən xəstələrin müalicəsi üçün sərf edilir. Digər qeyd olunan (dərmanların satılması ilə bağlı) məlumatlar həqiqəti əks etdirmir; 7-ci sual üzrə – X3 avtomobilləri şöbənin təhkim edilmiş müvafiq işçiləri tərəfindən dezinfeksiya qaydalarına və tələblərinə uyğun, müvafiq dezinfeksiyaedici vasitələrlə dezinfeksiya olunur. TTY avtomobilləri haqqında məlumat əlavə olunur: siyahı üzrə dövlət qeydiyyat nişanları əks olunmaqla 40 avtomobil; 8-ci sual üzrə – İllik smeta xərclərinin ümumi məbləği haqqında məlumat 1-ci sualda cavablandırılmışdır. «İnformasiya əldə etmək haqqında» Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın; 9-cu sual üzrə – AR Səhiyyə Nazirliyinin 1 dekabr 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən dərman vasitəsi ilə təchizata uyğun olaraq xəstəxana təmin edilir (TƏBİBdən adlı siyahını əldə etmək mümkündür). Şəffaf şüşə ilə bağlı kilidlənmiş rəflərdə xəstəxanaya ayrılmış tibbi ləvazimat olur; 10-cu sual üzrə – Xəstəxanaya 2217 ştat ayrılmışdır. 135 ştat vahidi vakantdır. 2082 ştat üzrə işçi çalışır. Vakant yerlərdən 135-i həkim vəzifəsidir. 2023-cü il və 2024-cü ilin 4 ayı ərzində 8188 stasionar xəstə qəbul olunmuş, 262707 ambulator müraciət olmuşdur; 11-ci sual üzrə – «İnformasiya əldə etmək haqqında» Qanunun 2.4-1-ci maddəsi qeyd olunmaqla cavab verilmişdir; 12-ci sual üzrə – Stasionar şəraitdə müalicə alan xəstəyə sərf olunan dərman və tibbi sərfiyyat xəstənin müalicə aldığı diaqnoza uyğun olaraq həkim təyinatına uyğun olaraq təmin edilir. Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli 38 nömrəli qərarı ilə müəyyənləşdirilmiş imtiyazlı şəxslər kateqoriyasına aid edilmiş şəxslər həmin qərara əsasən Səhiyyə Nazirliyinin təsdiq etdiyi “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının və tibbi ləvazimatların siyahısı”na uyğun olaraq, eyni zamanda icbari tibbi sığorta çərçivəsində yalnız stasionar şəraitdə müalicə alan şəxslər təmin edilir. Xəstələrin ərzaqla təmin edilməsi Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları” normativinə uyğun olaraq aparılır. Adıçəkilən qərarla nk.gov.az internet səhifəsindən tanış olmaq mümkündür. Ərzaq, dərman və tibb sərfiyyat xərcləri dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. Xərclər müəssisə tərəfindən həyata keçirilmir; 13-cü sual üzrə – 2020 – 2024-cü illərdə müəssisənin tender elan etməsi və tenderlərin qalibləri barədə məlumatları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etender.gov.az internet səhifəsindən almaq mümkündür. Keçirilən tender və katirovka elanları «Dövlət satınalmaları haqqında» Qanuna əsasən elektron şəkildə həyata keçirilir. İddiaçı informasiya sorğusu ilə bağlı ona ünvanlanmış cavabla razılaşmamış və cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə qarşı sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçının mövqeyi belədir ki (iddia ərizəsinə əsasən), cavabdeh onun sorğusunu qanunla müəyyən edilmiş 7 iş günü müddətində cavablandırmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etdikdən sonra ona qanunsuz olaraq sadəcə yazıdan ibarət cavab göndərmişdir. Cavab məktubu natamam və qeyri-ciddi tərtib olunmuş, sorğuya düzgün cavab verilməmiş və bununla da «İnformasiya əldə etmək haqqında» Qanunun tələbləri pozulmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə 15 gün müddətində iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdehə göndərdiyi sorğuya aldığı cavab onu qane etmir. 1961-ci il təvəllüdlüdür, natamam orta təhsillidir, kombinatda barama açan işləmiş, bundan başqa tikiş müəssisəsində və tütün zavodunda çalışmışdır. Cavabdehə sorğunu özü yazmışdır. Sorğunu poçt vasitəsilə göndərmişdir. O, iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 qeyd etdi ki, iddiaçı əlillik təyinatı ilə bağlı müraciət etmişdir, ona əlilliyin digər qurum tərəfindən təyin edilməsinin mümkünlüyü barədə bildirilmişdir. Bundan sonra iddiaçı sorğu ilə Xəstəxanaya müraciət etmişdir. Lakin müvafiq sənədləri (əsaslandırmanı) təqdim etmədiyindən, ona bəzi suallar üzrə çox geniş cavab verilməmişdir. İşçilərin şəxsiyyət vəsiqəsi, təhsili və s. barədə məlumatlar verilə bilməz, çünki şəxsi məlumatlardır. Sorğuda tələb olunanların hamısının onun arzuladığı formada cavablandırılması həm xeyli sayda kağız materialının sərfinə, həm də vaxt itkisinə səbəb olar. Keçirilmiş tenderlərlə bağlı isə, müvafiq internet səhifəsindən məlumat alınması mümkündür. İddianın rədd olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 bildirdi ki, Xəstəxanaya elektron poçtla daxil olmuş müraciət özü şübhəlidir, imza şəxsiyyət vəsiqəsindən götürülmüşdür. Odur ki, iddia təmin oluna bilməz. Əsaslandırma hissəsi : İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan “ünvan 2 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. «İnformasiya əldə etmək haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 2.4-cü maddəsinə görə fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1-ci maddəsinə görə informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 3-cü maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır, şəxsi və ailə həyatına dair məlumat – şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilərdir, informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir, informasiyanın açıqlanması – informasiyanın sorğu verilmədən mediada, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. Həmin Qanunun 20.1-ci maddəsinə görə informasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: sorğunun icrasından imtina edir, sorğunun icrasını təmin edir, sorğunu aidiyyəti informasiya sahibinə göndərir. Həmin Qanunun 21.2.3-cü maddəsinə görə sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Həmin Qanunun 27.1-ci maddəsinə görə informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə (27.1.1), açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə (27.1.3) informasiya sorğusu icra olunmuş sayılır. Hazırkı işin məhkəmə araşdırması ilə məlum olur ki, cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi elektron poçt vasitəsilə daxil olmuş 8 aprel 2024-cü il tarixli informasiya sorğusuna yazılı cavabını həmin elektron poçt ünvanına yerləşdirməklə İddiaçı göndərmişdir. Məhkəmənin qənaətinə görə elektron poçt vasitəsilə iddiaçının adından ünvanlanmış informasiya sorğusunda əldə olunması arzulanan məlumatların xarakterik xüsusiyyətləri də nəzərə alınmaqla, sorğunun icrası məhkəmədə iddia qaldırılanadək cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən lazımınca təmin edilmişdir. Bu qənaət onunla əsaslandırılır ki, cavabdeh inzibati orqan cavab məktubunda sorğuda sadalanan bütün suallara toxunmuş və cavablandırmanı mümkün həddə yerinə yetirmişdir. Sorğudakı 2-ci və 5-ci suallar işçilərin təhsili, şəxsiyyət vəsiqəsi barədə məlumatların alınması barədədir. Lakin həmin məlumatlar qismən “fərdi məlumat” xarakteri daşımaqla yanaşı, «İnformasiya əldə etmək haqqında» Qanunun məqsədinə, yəni ictimai vəzifələrin yerinə yetirilməsinə nəzarət olunmasına xidmət etməyə yönəlməmişdir. Əks halın informasiya sahibi kimi ona əsassız məsrəflər yaratmaq ehtimalı da nəzərə alınmaqla cavabdehin işçilərin adları və sayı barədə tam məlumat verməsi yetərli cavab olaraq qiymətləndirilməlidir. Sorğudakı 3-cü və 9-cu suallarla bağlı isə, cavabdeh informasiya sahibi olmadığını bəyan etməkdə haqlı olmuşdur. Bundan başqa, bəzi suallar çox geniş şəkildə təqdim edilməsinə baxmayaraq, cavabdeh onlara tələb olunan tərzdə cavab verməklə düzgün addım atmışdır. Belə ki, məhkəmə 1-ci, 4-cü (sualın bir hissəsində), 8-ci, 11-ci, 12-ci suallarda qoyulan məsələləri bu barədə “məlumat alınması” kimi deyil, “təftiş aparılması” qismində dəyərləndirir. Məsələn, avtomobillərin sürtkü yağı və s. sərfiyyatı, dərman preparatları və tibbi ləvazimatların istifadə həcmi və s. Sorğunun 12-ci sualı üzrə cavabdehin müvafiq normativ hüquqi aktlara (Nazirlər Kabinetinin 7 mart 2005-ci il tarixli 38 nömrəli və 9 mart 1994-cü il tarixli 103 nömrəli qərarları) istinad olunmaqla ifadə olunan mövqeyi adekvat cavab qismindədir. Sorğunun 4-cü sualının qalan hissəsinə və 6-cı sualına qaldırılan məsələlərə münasibət bildirilməklə verilən cavablar qənaətbəxşdir. Həmçinin sorğudakı 7-ci və 10-cu suallar da dolğun şəkildə cavablandırılmışdır. Eləcə də, sorğunun 13-cü sualı üzrə müvafiq tenderlər barədə məlumatların açıqlanmış informasiya xarakteri daşıması bildirilməklə onunla tanış olma imkanları izah edildiyindən, sorğu həmin hissədə də icra olunmuş sayılır. Məhkəmə mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında iddiaçının informasiya sorğusunda və iddia ərizəsində əks olunmuş imzalarının aşkar şəkildə fərqləndiyi və onun informasiya sorğusunun göndərilmə üsulu barədə tam məlumatlı olmadığı (poçt vasitəsilə göndərildiyini bildirməklə), habelə tələb etdiyi məlumatlardan təhsili, peşəsi, ixtisası nəzərə alınmaqla hansı məqsədlər üçün istifadə edəcəyini əsaslandıra bilmədiyi müəyyən edilir. İPM-in 35-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (maddə 35.1). İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (maddə 35.3). Belə olan halda, iddiada qaldırılan tələb üzrə cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «iddiaçının sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(116)-2503/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2503/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver