Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2504/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “iddia ərizəsinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair” ərizəyə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının və xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktın qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı, “buraxılmış iddia müddətinin bərpa edilməsinə dair” ərizə təqdim edərək iddia müddətinin əsaslı səbəbdən buraxılmasını bildirmiş və bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2504/2023 nömrəli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin qeyri-müəyyən formada ifadə edilməsi, xx.xx.2006-cı il tarixli 432 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktının inzibati akt xüsusiyyətlərinə malik olmaması, buna görə də inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinin mümkünsüzlüyü, “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının ləğvi” tələbinin “mübahisələndirmə haqqında” iddia növünə aid olması, bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmasının zəruriliyi izah edilmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, hazırkı iddia ərizəsi mübahisələndirilən qərarın qəbul edilməsindən məlumatlı olduğu xx.xx.2017-ci il tarixdən 5 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. “Buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə xx.xx.2018-ci il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə ərizənin təqdim edilməsinə səbəb olaraq şirkət rəhbərliyinə təhdid və hədə qorxuların edilməsi, bunun nəticəsində həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyətin mövcud olması qeyd edilmişdir. Lakin, qeyd olunan hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Odur ki, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməsinin zəruriliyi vurğulanmışdır. Daha sonra iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia müddətinin buraxılmasını 5 il öncə 2017-2018-ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırmışdır. O izahatında bildirmişdir ki, nəmalum şəxslər gizli nömrələrdən şirkət rəhbəri kimi ona və ailə üzvlərinə qarşı təhdid hədəqorxular çatdırmış, həmin təhdid, hədə-qorxular lokal - qısa olmaqla, ərizəni məhkəmədən geri götür, yoxsa nalayiq söyüşlərlə ifadə edilərək ona və ailə üzvlərinə qarşı nələrin baş verəcəyini çatdırmaqdan ibarət olmuşdur. Zəng dərhal bitirildiyindən o, həmin şəxslərin kimliyi barədə ümumiyyətlə məlumatlı olmamışdır. Artıq onların nəyə qadir olduqlarını, istədiklərinə nail olmaq yolunda hər bir qanunsuz hərəkətlərə, əməllərə əl atacaqlarını (real təhdid, hədə- qorxunu) görərək, hiss edərək özünün və ailə üzvlərinə qarşı real təhlükənin əsaslı səbəbini və tərəfindən qarşısıalınmaz halı real - dürüst qiymətləndirə bilmişdir. Bununla da nəticəsi bəlli olmayan real təhlükənin fəsadlarının qarşısının alınması məqsədi ilə hər üç subyektin maddi və vəzifə səlahiyyətlərindən istifadə etməklə nələrin törədə bilmələrinin aydın və aşkar qəbul etmişdir. Göstərilənlərin qarşının alınmasının tək yolunun, şirkətin xx.xx.2018-ci il tarixli ərizə-teleqramını məhkəməyə təqdim etmək idi. Məhkəmənin dayandırılmasına ciddi dəlalət edən amillərin mövcudluğu təqdim etdiyi rəsmi sənədlərdə öz eksini tapır. Odur ki, məcburiyyət qarşısında qalan şirkət rəhbəri kimi, xx.xx.2018-ci il tarixli ərizə-teleqramla real narahat edici və dözülməz qanunvericiliyə zidd münasibətləri, real təhdid və hədə qorxuların nəticəsində ortaya çıxan real həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyət aradan qalxanadək, iddianın baxılmamış saxlanılması barədə məhkəməyə müraciət etmişdir. Beləliklə, şirkət baş verəbiləcək fəsadlarının real aradan qalxmasının, yenidən təkrarlanmaması etimalını düz 5 il müddətində gözləmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Naxçıvan MR-sı rəhbərliyini vəzifədən azad edərək, digər məmurlara özlərini yığışdırmağa xəbərdarlıq etdiyini bəyan etdikdən sonra, Naxçıvan MR-nın sabiq rəhbərliyinin qanunsuz şirkət və vətəndaşların əlindən alınmış torpaq sahələrinin sahiblərinə qaytarılması üçün aidiyyəti dövlət qurumları tərəfindən rəsmi araşdırmalara başlandığından şirkət məhz indi, 2023-cü ilin iyul ayının ilk günlərindən yuxarıda göstərildiyi kimi, şirkətən asılı olmayan buraxılmış prosesual müddətin bərpa olunmasına mane olan halların, əsaslı səbəbin aradan qalxdığını hesab edərək, məhkəmə qərarlarının nəticə ehtibarı ilə beş ildən sonra, istinad olunan mane olan halların, əsaslı səbəbin aradan qalxdığını hesab edərək xx.xx.2023-cü il tarixli ərizə ilə yanaşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə bələdiyyənin əsasız və qeyri qanuni xx.xx.2006-cı il tarixli 07 saylı qərarının, xx.xx.2006-cı il tarixli 432 nömrəli aktın, şirkətə məxsus 7.0 ha torpaq sahəsinə aid hissənin ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq buraxılmış prosesual müddətin bərpası edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs xx.xx.2023-cü il tarixli ərizəsində iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı sübutun mövcud olmamasını bildirmiş və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, “prossesual müddətin bərpa edilməsinə dair” ərizə mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07 saylı qərarının "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsinə nail olmaqdır. Sözügedən qərardan görünür ki, bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahəsindən "xxxx" MMC-yə 21.83 ha torpaq sahəsi satılması qərara alınmışdır. Cavabdehin “xx.xx.2006-cı il tarixli 07 saylı qərarının ləğvi” ilə bağlı tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən qərardan iddiaçının xx.xx.2017-ci il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərəkən məlumatlı olması işin mübahisəsiz halıdır və təqdim edilmiş “buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı özü də bunu qeyd edir. (məhkəmənin 2-1(84)-44/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır). Hazırkı iddia ərizəsi isə iddiaçının mübahisələndirilən qərarın qəbul edilməsindən aşkar məlumatlı olmasının müəyyən edildiyi xx.xx.2017-ci il tarixdən 5 ildən artıq müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. “Buraxılmış iddia müddətinin bərpasına dair” vəsatətdə iddiaçı, 23.1.2018-ci il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə ərizəni təqdim etməsinə səbəb olaraq şirkət rəhbərliyinə təhdid və hədə qorxuların edilməsi, bunun nəticəsində həyat və sağlamlıq üçün təhlükə yaradan vəziyyətin mövcud olmasını qeyd etmişdir. Lakin, qeyd olunan hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda iddiaçı müddətinin buraxılmasını 5 il öncə 2017-2018-ci il tarixdə tərəfindən aradan qaldırılması mümkün olmayan real təhdid, hədə-qorxu ilə əlaqədar olması ilə əsaslandırsa da, həmin hədə-qorxunun kimliyi bilinməyən şəxslər tərəfindən ona edilmiş telefon zəngindən ibarət olmasını bildirir. Nəzərə alınmalıdır ki, iddiaçı ona edilmiş hədə-qorxularla bağlı ümumiyyətlə hüquq mühafizə orqanlarına müraciət etməmiş və onu təhdid edən şəxslərin kimliyini öyrənməyə cəhd etməmişdir. Belə olan halda məhkəmə qeyd olunan halları buraxılmış müddətin bərpası üçün zəruri olan sübut qismində qəbul etmir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Mübahisələndirilən qərarın qəbul edilməsindən xx.xx.2017-ci il tarixdə iddiaçının məlumatlı olması iş materiallarından aşkar göründüyündən və hazırkı iddia ərizəsi 5 ildən artıq müddət keçdikdən sonra verildiyindən müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim edilməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir. Qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, sözügedən norma yalnız təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olduğu halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsinin mümkün olduğunu təsbit etmişdir. Qeyd olunan hallara dair sübutların mövcud olmaması müddətin bərpasına dair ərizənin və eyni zamanda cavabdehin “xx.xx.2006-cı il tarixli 07 saylı qərarının ləğvi barədə” iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-nin 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə iclasınadək təqdim edilməsi iddiaçıya təklif edilmiş, əks təqdirdə “buraxılmış müddətin bərpasına dair” ərizənin və iddia tələbinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən hüquqi qiymət veriləcəyi bildirilmişdir. Lakin, ötən müddət ərzində təlb edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında bir daha işin halları, “müddətin bərpası barədə” ərizənin və iddia ərizəsinin mümkünsüzlüyü əsasları iddiaçının nümayəndəsinə izah edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin “iddia müddətinin bərpasına dair” ərizəsi mümkün sayılmır. İddiaçı Tikinti, Turizm və Ticarət KoLTD şirkəti MMC-nin cavabdeh Qəbələ rayonu Soltan-Nuxa bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 07 saylı torpağın mülkiyyətə verilməsinə dair qərarının qismən, "xxxx" Tikinti, Turizm və Ticarət koLTD şirkəti MMC-yə məxsus 7.0 ha torpaq sahəsinə aid hissəsinin ləğv edilməsi barədə” iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2504/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2504/2023
18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver