Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2704/2024 04.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Lətif oğlunun sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh – Cavabdeh qarşı «aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Cavabdeh yaşayış yeri üzrə aidiyyəti vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmışdır. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin 21 iyun 2024-cü il tarixli **********8630 nömrəli qərarına əsasən 27 iyun 2924-cü il tarixdə vergi ödəyicisi Cavabdeh məxsus təsərrüfat subyekti olan Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmin obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, ümumi dəyəri 106,90 manat olan 59 qutu tütün məmulatları aşkar edilmişdir. Tütün məmulatlarının aşkar olunması faktı barədə akt tərtib olunmuşdur. Bundan sonra məmulatlar həmin tarixli müvafiq protokolla götürülmüşdür. Həmin mallar digər vergi ödəyicisində məsul saxlanmaya qoyulmuşdur. İddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi hazırda Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh qarşı «aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi» tələbini irəli sürür. İddiaçı mövqeyini belə əsaslandırır ki (iddia ərizəsinə əsasən), vergi orqanı tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi barədə iddia ümumi hüquq münasibətlərindən irəli gələn məsələdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına, 24-cü maddəsinə görə isə, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.7, 34.1-ci maddələrinə əsaslanaraq Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, ümumi dəyəri 106,90 manat olan 59 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin müvafiq sərəncamına baxmayaraq, cavabdeh iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İş üzrə iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim edərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq şifahi məhkəmə baxışı iclasına gələ bilməyəcəyini qeyd etmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə görə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına, 24.1.2-2-ci maddəsinə görə vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. MPM-in 1.4-cü maddəsinə görə digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Hazırkı işin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin tələbi “vergi ödəyicisinə (cavabdehə) məxsus aksiz markaları ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi” barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Həmin Məcəllənin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi – cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Göründüyü kimi, mülkiyyətçisindən ona məxsus hər hansı əmlakın məcburi qaydada alınması formalarından biri kimi müsadirə institutunun tətbiqi onun birbaşa qanunla nəzərdə tutulması ilə şərtləndirilir. Mövcud qanunvericilikdə isə, məcburiyyət tədbiri qismində müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Həm də nəzərə alınmalıdır ki, müvafiq malların (aksiz markaları ilə markalanmamış tütün məmulatlarının) müsadirəsi inzibati orqanın səlahiyyətləri dairəsinə daxil olsa da, onun inzibati icraat yox, cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyəti çərçivəsində prosessual hərəkətidir. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, inzibati məhkəmə icraatında inzibati mübahisələrə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir, bu Məcəllədə başqa qayda müəyyən edilmədiyi hallarda isə, prosessual prinsiplərə zidd olmaması şərtilə MPM-lə tənzimlənir. Odur ki, MPM-in 1.4-cü maddəsinin məzmununa görə digər qanunlarda, o cümlədən Vergi Məcəlləsində müəyyən edilmiş qayda prosessual qanunvericilik aktlarına daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara hazırda inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. Qeyd olunanlar həm də belə qənaətə əsas verir ki, vergi orqanının “vergi ödəyicisinə məxsus aksiz markaları ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi” tələbinə dair iddiası İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi qiymətləndirilə bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «aksiz markası ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(116)-2704/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2704/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver