Məhkəmə qərarları › İş №2-1(116)-2726/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2726/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2726/2023 31.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “istifadəsində və sərəncamında olan “X2” markalı, 99VH629 dövlət qeydiyyat nişanlı, vaqon tipli, 7+1 yerli nəqliyyat vasitəsinin oturacaqların sayını artıraraq 12+1 yerli mikroavtobus kimi avadanlıqlaşdırılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cabvabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, istifadəsində və sərəncamında olan “X2” markalı, 99VH629 dövlət qeydiyyat nişanlı, vaqon tipli, 7+1 yerli nəqliyyat vasitəsinin oturacaqların sayını artıraraq 12+1 yerli mikroavtobus kimi avadanlıqlaşdırılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, “X2” minik markalı, 99VH629 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi uzun müddətdir iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan həmin nəqliyyat vasitəsinin 7+1 yerli oturacaq saylarını artıraraq 12+1 yerli mikroavtobus kimi avadanlıqlaşdırılmasına icazə veriməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq xx.xx.2022ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarla nəqliyyat vasitəsinin texniki vəziyyəti barədə DYPİ-nin Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi tərəfindən verilmiş müayinə aktının və avadanlıqlaşdırmanın təhlükəsizlik tələblərinə cavab verilməsi ilə bağlı quraşdırma işlərini həyata keçirəcək müəssisənin zəmanət sənədinin Baş X4 İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim edilməsininin zəruri olması bildirilmişdir. İddiaçı tərəfindən quraşdırma işlərini həyata keçirəcək müəssisədən, yəni Qəbələ şəhər Ford Servis və Ticarət müəssisəsindən xx.xx.2023-ci il tarixli arayış əldə etmişdir. Bundan sonra iddiaçı BDYPİ-nin X1-İmtahan və Texniki baxış şöbəsindən xx.xx.2023-ci il tarixli müayinə aktı əldə edərək yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının eyni məzmunlu müraciətinə baxılmış və xx.xx.2022-ci il tarixli 016-76977/5-M-3222 nömrəli məktubla cavab verilmişdir. Sözügedən imtina məktubunda qeyd olunmuşdur ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X3 nəzarəti qaydaları barədə” Təlimatın tələblərinə müvafiq olaraq layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılığın verilməsi DİN BDYPİ-nin Avtortexniki müfəttişlik şöbəsi əməkdaşlarının vəzifə səlahiyyətinə aid olduğu üçün müvafiq quraşdırma işləri yalnız DİN Baş DYP İdarəsi tərəfindən verilmiş müvafiq sənəd əsasında həyata keçirilə bilər. Lakin iddiaçı razılığın verilməsinə dair müvafiq sənəd əldə etmədən qeyd olunan avtomobilin tipini dəyişərək onu icazəsiz avadanlıqlaşdırdığına, habelə quraşdırma işlərinin təhlükəsizlik tələblərinə uyğun aparılması barədə ixtisaslaşdırılmış texniki təmir stansiyasından hər hansı sənəd təqdim etmədən nəqliyyat vasitəsinin təkrar qeydiyyata alınması üçün X1-imtahan və texniki baxış şöbəsinə müraciət etdiyinə görə qanunvericiliyə müvafiq olaraq qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 2-126204/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaş İddiaçı lahiyə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılığın verilməsinə dair müvafiq sənəd əldə etmədən qeyd olunan avtomobilin tipini dəyişərək onu icazəsiz avadanlıqlaşdırdığına, habelə quraşdırma işlərinin təhlükəsizlik tələblərinə uyğun aparılması barədə ixtisaslaşdırılmış texniki təmir stansiyasından verilən hər-hansı sənəd təqdim etmədən nəqliyyat vasitəsinin təkrar qeydiyyata alınması üçün X1-imtahan və texniki baxış şöbəsinə müraciət etdiyinə görə qanunvericiliyə müvafiq olaraq qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmiş və ona quraşdırma işlərini həyata keçirmiş ixtisaslaşdırılmış texniki təmir stansiyasının təhlükəsizlik zəmanətinə dair sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə müsbət cavab veriləcəyi barədə məlumat verilmişdir. Vətəndaş İddiaçı iştirakı ilə aparılmış araşdırma zamanı DYP əməkdaşı tərəfindən ona qarşı qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, müraciətlərinə baxılmasının nəticəsi barədə xx.xx.2022-ci il tarixli 016-76977M-4222 nömrəli, xx.xx.2022-ci il tarixli 016- 144218/4M-4222 nömrəli, xx.xx.2022-ci il tarixli ***-*******M-3222 nömrəli, xx.xx.2023-cü il tarixli 3-13-16-2-M-11124/3 nömrəli, xx.xx.2023-cü il tarixli 3-13-16-2-M-80510/2 nömrəli, xx.xx.2023-cü il tarixli № 3-13-16-2-M-48355 məktublarla cavab verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan AD seriyalı 753390 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 99VH629 qeydiyyat nişanlı “X2” minik markalı avtomobil 2008-ci ildə istehsal olunmuş, ban nömrəsi WDB906731S282706, tipi 7+1 olmaqla iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Qəbələ şəhər “Ford servis və ticarət” müəssisəsinin iddiaçıya verdiyi 22 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, 99VH629 nömrə nişanlı 2008-ci il buraxılışlı avtomaşın xx.xx.2023-cü il tarixdə Qəbələ “Ford servis və ticarət” müəssisəsinə qəbul olunmuşdur. Sifarişçinin gətirdiyi avadanlıqlar əsasında avtomaşına oturacaqlar quraşdırılmışdır. Oturacaqların sayı 12 (on iki) ədəddir. Quraşdırılmada istifadə olunan avadanlıq və köməkçi materiallar sifarişçi tərəfindən gətirilmişdir. Quraşdırma aparılarkən təhlükəsizlik qaydalarına tam riayət edilmişdir. Qəbul olunarkən avtomaşında heç bir qəza halı aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin texniki müayinə aktından görünür ki, Şəki rayon QTBŞ tərəfindən iddiaçıya məxsus, 2008-ci ildə istehsal olunmuş, ban nömrəsi WDB906731S282706 olan nəqliyyat vasitəsinə baxış keçirilmiş və texniki nasazlıq aşkar olunmamışdır. Aktda onun 30 gün müddətində etibarlı olduğu qeyd edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 27-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; 2) tramvayları və tolleybusları yerli icra hakimiyyəti orqanlarında; 3) traktorları, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində; 4) texnoloji nəqliyyat vasitələrini, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində; 5) yarış məqsədli idman nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər; Azərbaycan Ordusunun mexaniki nəqliyyat vasitələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyində dövlət qeydiyyatına alınırlar. Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələri həmin dövlət orqanları tərəfindən dövlət qeydiyyatına alınırlar. Əsasnamənin 1.3-cü bəndinə əsasən dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X3 nəzarəti qaydaları barədə” Təlimata əsasən:

5. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edilməsində DYP-nin əsas vəzifələri: 5.1. Nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək; 5.2. Mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsində iştirak etmək, normativ tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar göndərmək; 5.3. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək; ... 6.1. AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: 6.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat verir; 6.1.2. layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verir; ... Normaların tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verir. Bunun üçün quraşdırma işlərinin təhlükəsizlik tələblərinə uyğun aparılmasına dair ixtisaslaşdırımış texniki təmir stansiyasının görülən işlərin təhlükəsizlik zəmanətinə dair müvafiq sənəd və avtomobilin texniki vəziyyətinə dair DYP-nin müayinə aktını təqdim etməli olduğu halda, iddiaçı zəmanətə dair Qəbələ şəhər Ford Servis və Ticarət müəssisəsinin arayışına istinad etməkdədir. Həmin 22 nömrəli xx.xx.2023-cü il tarixli arayış isə yalnız sifarişçinin gətirdiyi avadanlıqlar əsasında avto maşına oturacaqların quraşdırıldığını, onların 12 ədəd olduğunu, quraşdırmada istifadə olunan avadanlıq və köməkçi materialların sifarişçi tərəfindən gətirildiyini, quraşdırma aparılarkən təhlükəsizlik qaydalarına riayət edildiyini ifadə edir. Sözügedən arayış nə rəsmi istehsalçı tərəfindən, nə də bu sahədə ixtisaslaşmış müəssisə tərəfindən verilmədiyindən ixtisaslaşdırılmış texniki təmir stansiyası tərəfindən verilmiş təhlükəsizlik zəmanətini əvəz edə bilməz. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı sözügedən nəqliyyat vasitəsilə sərnişin daşıma fəaliyyətini həyata keçirməkdədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən isə müəyyən olunur ki, X2 minik vaqon tipli nəqliyyat vasitəsi istehsalçı tərəfindən 7+1 yer üçün avadanlıqlaşdırılmış və göstərilən şəkildə qeydiyyata alınmışdır. Odur ki, istehsalçının və ya ixtisaslaşdırılmış təmir stansiyasının zəmanəti yenidən avadanlıqlaşdırmanın aparılması üçün zəruri şərtdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə məhkəmə xərci olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “istifadəsində və sərəncamında olan “X2” markalı, 99VH629 dövlət qeydiyyat nişanlı, vaqon tipli, 7+1 yerli nəqliyyat vasitəsinin oturacaqların sayını artıraraq 12+1 yerli mikroavtobus kimi avadanlıqlaşdırılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar