Məhkəmə qərarları › İş №2-1(116)-2846/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2846/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2846/2024 07.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ümumi orta təhsil səviyyəsində tədris edilən təbiət fənninin biologiya ixtisası üzrə biologiya müəllimlərinin tədris etməsi və müəllimlərin dərs yükü müəyyənləşdirilərkən bunun nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı “ümumi orta təhsil səviyyəsində tədris edilən təbiət fənninin biologiya ixtisası üzrə biologiya müəllimlərinin tədris etməsi və müəllimlərin dərs yükü müəyyənləşdirilərkən bunun nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, biologiya müəllimi ixtisası üzrə Ucar rayon Bağman kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. Orta məktəblərdə 2022-ci ildən tədrisinə başlanılmış təbiət fənni 5-ci və 6-cı siniflərdə tədris edilir. Bunun nəticəsində 6-cı siniflərdə həftədə 2 saat biologiya fənninə ayrılmış dərslər ləğv edilmişdir. Hazırda təbiət fənninin hansı ixtisas üzrə dərs tədris edən müəllimlər tərəfindən tədris edilməsi dəqiq məlum olmadığından müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı narazılıq yaranır. Təbiət fənninin fənn kurikulumu beş məzmun xəttindən ibarətdir. Bu məzmun xətlərindən üçün 1-ci, 2-ci və 5-ci biologiya fənn kurikulumunun 1-ci, 3-cü və 4-cü məzmun xətlərinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nda ümumi orta təhsil səviyyəsində tədris edilən təbiət fənni üzrə təlim nəticələri daha çox biologiya fənninin təlim nəticələri ilə uyğunluq təşkil edir. Təbiət və biologiya fənləri məzmun və mahiyyət etibarı ilə 70 faizdən çox uyğunluq təşkil edir. İstinad olunan “Dövlət standartları”-nın 6.2-ci bəndinə əsasən zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırkı iddia tələbini irəli sürməkdə başlıca məqsədi təbiət fənlərinin hansı ixtisas üzrə müəllimin tədris edəcəyinin konkretləşdirilməsidir. Belə ki, bu fənnin fizika və ya biologiya müəllimləri tərəfindən tədris olunması ilə bağlı tövsiyəedici məktub qeyri-müəyyənliyi aradan qaldırmır və müvafiq fənnin tədris olunması ilə bağlı məktəb direktoru ilə aralarında mübahisənin yaranmasına səbəb olur. Belə ki, məktəbin direktoru təbiət fənlərinin dərs saatlarını bölüşdürərkən onun daha yüksək göstəricilərə və qiymətləndirmə nəticələrinə malik olmasını nəzərə almamış, göstəriciləri aşağı olan digər müəllimlə bərabər şəkildə dərs yükünü bölüşdürmüşdür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdeh orqana qarşı yönəlmiş tələb və gözlənilən hüquqi nəticə ümumi orta təhsil səviyyəsində tədris edilən təbiət fənninin biologiya ixtisası üzrə müəllimlər tərəfindən tədris edilməsinin müəyyən edilməsidir. Məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir ki, faktiki olaraq mübahisənin mahiyyəti onunla müvafiq tədrisin həyata keçirildiyi orta məktəb arasında dərs saatlarının bölüşdürülməsi, konkret olaraq təbiət fənninin dərs saatlarını bölüşdürülməsi zamanı qiymətləndirilmənin düzgün aparılmaması ilə bağlıdır. Odur ki, konkret dərs saatlarının tədrisi və müəllimlərin yüklənməsi məktəbin daxili idarəçiliyi çərçivəsində həll edildiyindən, iddiaçı, müvafiq dərs saatlarının bölüşdürülməsi zamanı yaranmış mübahisə ilə bağlı hazırkı cavabdehə qarşı yox, tədrisin həyata keçirildiyi məktəbin özünə qarşı ümumi rayon məhkəməsində iddia qaldırmalıdır (faktiki mübahisə tədris müəssisəsi ilə əmək münasibətlərindən irəli gələn mübahisədir). İddiaçı, məhkəmənin hüquqi mövqeyinə cavab olaraq bildirmişdir ki, sözügedən məktəbə qarşı iddia qaldırılacağı halda mübahisə aradan qalxmayacaq və digər məktəblərdə tədris aparacağı halda yenə də, eyni problemlə üzləşəcəkdir. Odur ki, məktəbin direktoru ilə aralarında mübahisənin yaranmaması, o cümlədən qeyrimüəyyənliyin birdəfəlik aradan qaldırılması üçün hazırkı cavabdehə qarşı iddia qaldırmışdır ki, təbiət fənni üzrə dərs saatlarının hansı ixtisas üzrə müəllim tərəfindən tədris olunacağı konkret müəyyən olunsun. Göründüyü kimi iddiaçının faktiki mübahisəsi dərs saatının bölgüsü ilə bağlı tədrisin həyata keçirildiyi məktəblə yaransa da, o, hazırkı tələb çərçivəsində təbiət fənninin biologiya ixtisası üzrə müəllimlər tərəfindən tədris edilməsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilməsini tələb edir. Yəni, iddiaçının tələbi normativləşdirmənin həyata keçirilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların konkret fəaliyyətinə və fərdi aktların qanuniliyinə dair mübahisələrə mahiyyəti üzrə baxılır. İnzibati məhkəmə icraatı qaydasında normativ hüquqi aktların qəbul edilməsi və ya ümumi xarakterli qaydaların müəyyənləşdirilməsi ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoya bilməz. Bu, icra hakimiyyətinin normativ fəaliyyət sferasına aid bir məsələdir. Faktiki olaraq iddiaçının tələbi konkret bir hərəkət (hərəkətsizlik) və ya qərardan hüquqi müdafiə olunmaya yox, dəfələrlə tətbiq olunacaq geniş miqyaslı bir qaydanın qəbuluna yönəlmişdir. Məhkəmə, iddiaçının mövqeyinə uyğun olaraq inzibati akt və normativ hüquqi akt anlayışlarının hüquqi təbiətinə nəzər salınmasını zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi inzibati aktın xüsusiyyətləri fərdi xarakterli olması, birbaşa tətbiq edilməklə konkret hüquqi nəticələr doğurması, hüquq və ya vəzifə yaratması (dəyişdirməsi və ya ləğv etməsi) ilə müşaiət olunur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Göründüyü kimi normativ hüquqi aktlar müəyyən bir şəxs və ya qrup üçün deyil, bütün hüquqi subyektlər üçün tətbiq edilir, konkret hallarla məhdudlaşmır, ümumi qaydalar təsbit edir, tətbiq dairəsi geniş olmaqla yalnız xüsusi prosedurla qəbul edilir. Hazırkı halda iddiaçının tələbi birbaşa normayaratma fəaliyyəti ilə bağlıdır ki, qeyd olunan məsələnin inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilməsi “İnzibati icraat haqqında” Qanunun və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə birbaşa ziddir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh qismində qoyulan orqan inzibati orqan statusuna malik olmuş olsa da, həmçinin publik hüquq münasibətlərindən qaynaqlansa da, tələb inzibati orqanın normayaratma fəaliyyəti ilə bağlı olduğundan mübahisəyə inzibati məhkəmə icraatında baxıla bilməz. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prossesual Məcəllənin tələbinə görə inzibati məhkəmələr tərəfindən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ümumi orta təhsil səviyyəsində tədris edilən təbiət fənninin biologiya ixtisası üzrə biologiya müəllimlərinin tədris etməsi və müəllimlərin dərs yükü müəyyənləşdirilərkən bunun nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar