Məhkəmə qərarları › İş №2-1(116)-292/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-292/2023

02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-292/2023 02.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı X4, İddiaçının vəkili (nümayəndəsi) Vəkil Cavabdehin nümayəndəsi X6 oğlu iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Sarıca kəndində yerləşən, istifadəsində olan 18 ha torpaq sahəsinin kəsri olan 2.50 ha hissəsi üzərində X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki şəhəri Sarıca kəndində yerləşən, istifadəsində olan 18 ha torpaq sahəsinin kəsri olan 2.50 ha hissəsi üzərində X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə JN 0086, KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçılara 15,50 ha torpaq sahəsi verilmişdir. Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə "Sarıca" taxıl istehsalı kooperativində torpaq islahatının aparılması haqqında Yerli AİK-nın xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki Rayon AİK-in xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-mümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, , Aqrar İslahat Komissiyasının qərarları ilə bağlı adambaşına düşən pay norması artırılaraq 3 ha və 18 ha ya çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, həmçinin müraciətə qeydiyyata alınmalı torpaq sahəsinin təsdiqlənmiş yerləşmə sxemi əlavə edilmədiyindən müraciətin icrası mümkün deyildir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 nömrəli protokolunun qərarından görünür ki, iddiaçılara 15.50 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə “Sarıca” taxıl istehsalı koorperativində torpaq islahatının aparılması haqqında yerli AİK-nin xx.xx.1998-ci il tarixli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubundan görunur ki, hər bir subyektə 3 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - JN-0086 Kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 15.50 ha sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 mülkiyyətinə verilmişdir. - xx.xx.2022-cı il tarixli “Ölüm haqqında” Şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-cı il tarixində vəfat etmişdir. - Azərbaycan Republikası Ədliyyə Nazirliyi Şəki 1 saylı Notariat Ofisinin xx.xx.2012ci il 3576 nömrəli məktubundan görünür ki, İddiaçı1 X3 vərəsəsidir - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-818/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı1 iddiasında göstərilən torpaq sahəsi naturada 18.87 ha olub döngə nöqtələri, koordinatları, sənəd üzrə olan torpaq sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi iddiaçının bildirdiyinə görə onun tərəfindən istifadə edilir. İddiaçının naturada sənəd üzrə olan 15,50 ha torpaq sahəsindən artıq istifadə etdiyi 3,37 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olub uqodiyası əkin olmaqla, kəndtəsərrüfatlı təyinatlı torpaqlardır. DWG faylına (mülkiyyətə verilən torpaqların kompleks yerquruluşu planına) əsasən JN-86 nömrəli dövlət aktında göstərilən 15.50 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin coğrafi yerləşməsi arasında kəskin fərq vardır, üst-üstə düşmür. Bu fərq tərtib edilən Yerquruluşu planında göstərilmişdir. Faktiki istifadədə olduğu iddia edilən 3,37 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 18.87 ha torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində yerləşir. Hüquqların dövlət reyestrində qeydiyyata alınmış qonşu torpaq sahələri ilə üst-üstə düşməsi yoxdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Aşağıdakı hallara görə iddia əsaslıdır. xx.xx.1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hazırkı mübahisədə Şəki rayonu Sarıca kəndində torpaq islahatı aparılan zaman adambaşına düşən pay torpaq norması 3 ha müəyyən edilmiş və bu işin mübahisəsiz halıdır. Lakin Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarı ilə İddiaçı1 cvə qeyrilərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 15,50 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 0086, KOD 40402037 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Cavabdeh qalan 2,50 ha üzərində iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan aşağıdakı səbəblərdən imtina etmişdir:

1. elektron baza məlumatlarında düzəliş aparılmadığından;

2. müraciətə qeydiyyata alınmalı torpaq sahəsinin təsdiqlənmiş yerləşmə sxemi əlavə edilmədiyindən. Halbuki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin hallarından göründüyü Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 saylı nömrəli qərarı ilə iddiaçılara 15.50 ha torpaq sahəsi və Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə “Sarıca” taxıl istehsalı koorperativində torpaq islahatının aparılması haqqında yerli AİK-nin xx.xx.1998-ci il tarixli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu ilə 3 ha torpaq sahəsi ayrılmış, lakin torpaq islahatı aparılan zaman iddiaçıların adına hər hansı sənəd tərtib edilməmişdir Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar, Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı və Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrəli qərarı ilə “Sarıca” taxıl istehsalı koorperativində torpaq islahatının aparılması haqqında yerli AİK-nin xx.xx.1998-ci il tarixli qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin edilməli, 2,50 ha torpaq sahəsi üzərində X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Sarıca kəndində yerləşən 2,50 ha torpaq sahəsi üzərində X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar