Məhkəmə qərarları › İş №2-1(116)-30/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-30/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-30/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, mütəxəssis X7 cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “cavabdehin tikinti işlərinin dayandırılması barədə 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin tikinti işlərinin dayandırılması barədə 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı ilə inzibati iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən araşdırılma aparılmadan tikinti işlərinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli, 0428 saylı qərar qəbul etmişdir. İddiaçının mülkiyyətçisi olduğu torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına dair İsmayıllı Rayon İcra Hakimiyyətinə 2017-ci il tarixdə məlumatlandırma icraatı qaydasında razılıq verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti fərdi yaşayış evinin tikinti layihəsini təsdiq etmiş və lahiyə əsasında tikinti işləri aparılmışdır. Həmin tikinti işlərinin aparıldığı dövrdə cavabdehin nümayəndəsi tərəfindən dəfələrlə baxış keçirilmiş və heç bir qanunauyğunsuzluqla bağlı etirazı olmamışdır. Fərdi yaşayın evinin layihəsi İsmayıllı Rayon İcra Hakimiyyətinin memarlıq-planlaşdırma şöbəsi tərəfindən təsdiq edilmiş və tikinti normalarına və layihəyə əsasən inşa edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evindı tikinti-təmir işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32A ünvanında 2 mərtəbəli zirzəmili mansard tipli yaşayış evinin tikintisi məlumatlandırma icraatı çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyəti razılaşdırmış, lakin tikinti zamanı razılaşdırılmış layihədən kənarlaşdırmalara yol vermişdir. Belə ki, tikinti zamanı 2-ci mərtəbənin yan fasadında pəncərə boşluqlarını layihədə göstərilənlərə uyğun inşa edilməmiş, ön və arxa fasadlarında isə açıq eyvan əvəzinə əlavə tikinti aparılmışdır ki, bu da binanın konstruksiyalarını daha da yüklənəməsinə gətirib çıxarmışdır. Bunun nəticəsində faktiki aparılmış tikinti-quraşdırma işləri ilə məlumatlandırma icraatının şərtləri pozulmuşdur. Eyni zamanda, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin tikintinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın 4.13cü bəndinin pozulduğu, ərazidə tikinti sıxlığı əmsalı normalara uyğun gəlmədiyi bildirilmişdir. Komitə tərəfindən tikinti sıxlığı ilə bağlı göstərilən iradlar ehtiva edir ki, cavabdehə məxsus həmin ünvanda 120 kv.metr həyətyanı torpaq sahəsində tikintialtı sahəsinin də bütövlüklə 120 kv.metr ərazidə yaşayış evinin tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərinin tələblərini pozur. Belə ki, mövcud qanunvericiliyə görə həmin həyətyanı torpaq sahəsində tikintialtı sahəsi 48 kv.metrdən artıq yaşayış evinin inşasına yol verilməməlidir. Məsələ ilə bağlı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 mart 2022-ci il tarixli MİHO/2.1-2-2022-1491 saylı məktubunda İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 32A ünvanında 2 mərtəbəli zirzəmili mansard tipli fərdi yaşayış evinin tikinti niyyətinə dair Tikintilərin Dövlət reyestrinə xx.xx.2017-ci il tarixində daxil olmuş məlumatların ləğv olunduğu göstərilir. Hal-hazırda tikili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən özbaşına tikinti sayılır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən vətəndaş İddiaçı təqdim olunan xx.xx.2022-ci il tarixli, 0428 nömrəli Qərara əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1 maddəsinin tələblərinə uyğun olaraq, obyektin tikintisinə icazə sənədinin Agentliyə 30 gün müddətinə təqdim edilməsi tapşırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti işlərinin dayandırılması barədə qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”n\n 1.4-ci bəndinə uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən tikinti işləri həyata keçirilərkən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubunun məzmuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis təqdim edilən rəyə əsasən verilmiş suallara uyğun dəqiqləşdirmə apararaq əlavə məlumatlar verdi. Mütəxəssis izahatında inşa olunmuş tikilin ilkin layihəyə qismən uyğunsuzluqla inşa olunduğunu, hazırkı vəziyyətdə tikilinin fərdi yaşayış üçün nəzərdə tutulduğunu,məlumatlandırma icraatı çərçivəsindən kənara çıxan pozuntunun olmadığını bildirdi.Layihədə mansard nəzərdə tutulduğu halda fərdi yaşayış evi mansard olmadan tamamlandığını izahatda qeyd edildi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Tikinli işlərinin dayandırlması barədə10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarının surəti.

2. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X5 surətindən görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində 32A ünvanında yerləşən 0.012 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

3. 2016-cı il tarixli İsmayıllı şəhəri, M.F.Axundov küçəsində 32A ünvanında İddiaçı məxsus zirzəmili 2 mərtəbəli mansard tipli yaşayış evinin memarlıq planlaşdırma layihəsi.

4. 081396 nomrəli Lisenziyanın surəti.

5. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2017-ci il tarixli 05/20 nömrəli məktubundan görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisinin inşasına etiraz edilmir.

6. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli 05/778 nömrəli bildiriş.

7. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli nömrəli Akt.

8. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-41/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-688/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə mübahisəyə mülki qaydada baxılmalı olmadığından İsmayıllı Rayon Məhkəməsinin 2(037)-41/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-2102/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən tikilinin faktiki ümumi sahəsi 217,3 kv.m, yarım zirzəmi sahəsi 100,3 kv.m təşkil edir. Tikilinin ümumi sahəsinə yarımzirzəmi sahəsi daxil edilməmişdir. Tikinti obyekti hal-hazırda heç bir təyinat üzrə istifadə olunmur və tikintisi tam başa çatdırılmamış, istismara hazır deyildir. Tikinti obyekti təqdim olunan tikinti layihəsinə uyğun inşa edilməmişdir. Belə ki, fakti tikinti obyekti iki mərtəbəli yarımzirzəmili olduğu halda təqdim olunan layihədə tikinti obyektinin zirzəmili, iki mərtəbəli mansard tipli olduğu göstərilmişdir. Tikinti obyektinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılıb-aparılmaması barədə rəyin bildirilməsi Ərazi İdarəsinin səlahiyyəti daxilində deyil. Tikinti obyektinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmasına Yerli İcra Hakimiyyəti Orqanlarının Memarlıq və Tikinti şöbələri həyəta keçirir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin “Tikinti işlərinin dayandırılması” barədə 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Mübahisələndirilən qərarın qəbul olunduğu vaxt qüvvədə olan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; Əlverişsiz inzibati aktlara qarşı mübahisələndirmə haqqında iddialara, bir qayda olaraq, inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə, məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik tətbiq olunur. İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialara da işin hallarının araşdırılması prinsipi şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydası : 1.1. Bu Qayda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 92.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri (bundan sonra – tikinti işləri) zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir. 1.2. Bu Qaydanın əsas məqsədi tikinti işləri zamanı sifarişçi və podratçı tərəfindən qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuların qarşısının vaxtında alınması və aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirməkdən ibarətdir. 1.4. Bu Qaydaya uyğun olaraq, Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X3 Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. 2.1. Məcəllənin 92.1-ci maddəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi zamanı aşağıdakı pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş (bundan sonra - Göstəriş) təqdim edilir: 2.1.1. tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 2.2. Tikinti işləri həyata keçirildiyi zaman bu Qaydanın 2.1-ci bəndində göstərilən hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir. 2.3. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq tərtib olunmuş texniki baxış aktı dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən imzalanır, bir nüsxəsi vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə digər nüsxədə adı, soyadı və tarix göstərilməklə, texniki baxış aktını qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə müvafiq qeyd edir. 2.4. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş texniki baxış aktı tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində Müfəttişlik tərəfindən Göstəriş tərtib olunur. 2.5. Göstərişdə tikinti işlərində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən edilir. Göstəriş Agentliyin rəhbərliyi tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.6. Göstəriş verildiyi gündən 3 (üç) iş günü müddətində vəzifəli şəxs tərəfindən sifarişçiyə (podratçıya) və ya onun məsul şəxsinə təqdim edilir, sifarişçi (podratçı) və ya onun məsul şəxsi isə Göstərişin surətində adı, soyadı və tarix göstərilməklə onu qəbul etməsi barədə imza edir. Tikinti obyektinin sifarişçisi (podratçısı) və ya onun məsul şəxsi Göstərişi qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs Göstərişin surətində bu barədə müvafiq qeyd edir. Bu halda Göstəriş sifarişli poçt göndərişi ilə onun ünvanına göndərilir. Göstəriş sifarişli poçt göndərişi ilə sifarişçiyə (podratçıya) çatdırıldığı gün həmin Göstəriş rəsmi qaydada verilmiş hesab edilir. 2.7. Sifarişçi (podratçı) ona bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq təqdim edilmiş Göstərişdə qeyd olunan pozuntuları müəyyən olunan müddətdə aradan qaldırmalı və bu barədə Müfəttişliyə yazılı məlumat verməlidir. 2.8. Müfəttişlik, bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş məlumatın verildiyi gündən, belə məlumat verilmədiyi hallarda isə, pozuntuların aradan qaldırılması üçün Göstərişdə müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində sifarişçinin və podratçının iştirakı ilə həmin pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. 2.9. Bu Qaydanın 2.8-ci bəndində nəzərdə tutulmuş qaydada aparılmış yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, yoxlama aparıldığı gündən 2 (iki) iş günü müddətində Müfəttişlik sifarişçiyə (podratçıya) icrası yoxlanılmış Göstərişin icra olunmayan hissəsi ilə bağlı yenidən yazılı göstəriş (bundan sonra - Təkrar Göstəriş), pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə isə həmin müddətdə sifarişçiyə (podratçıya) bu barədə yazılı məlumat verir. Bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq məlumatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Müfəttişlik sifarişçiyə (podratçıya) Təkrar Göstəriş və ya Göstərişdə nəzərdə tutulmuş pozuntuların aradan qaldırıldığı barədə yazılı məlumat vermədikdə, həmin pozuntular aradan qaldırılmış hesab olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki,iddiaçı mülkiyyətində olan 0,012 ha torpaq sahəsində fərdi yaşayış evinin inşasına dair layihə təqdim edərək İsmayıllı RİH-nə məlumat vermişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2017-ci il tarixli 05/20 nömrəli məktubundan görünür ki, iddiaçıya məlumatlandırma icraatı qaydasında təqdim etdiyi layihəyə uyğun fərdi yaşayış evinin tikintisinin inşasına etiraz edilməmişdir. Cavabdehin mübahisələndirilən qərarı inşa olunan fərdi yaşayış evinin məlumatlandırma icraatı çərçivəsində çıxdığı ehtimal edilərək qəbul edilmişdir. ŞTM-nin 92.4.1-ci maddəsi tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi hallara tətbiq olunmanı ehtiva edir.Cavabdeh tərəfindən məlumatlandırma icraatı qaydasında inşa olunmuş mənzilə dair tikintinin dayandırılması barədə qərar qəbul edərkən yuxarıda qeyd olunan normanı rəhbər tutmuşdur.Həmçinin,inzibati icraat çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması” Qaydasının müddəalarına uyğun inzibati icraat aparılmamışdır.Belə ki,həmin Qaydanın 2.1.1-ci maddəsində göstərilən hallar (tikinti işlərinin tikintiyə dair icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə) araşdırılmamış,qəbul edilən qərarda tikilinin layihədən kənara çıxması əsaslandırılmamışdır. Baxmayaraq ki, Qaydanın 2.1-ci bəndində göstərilən hər hansı bir pozuntu halı aşkar edildikdə, bununla bağlı Müfəttişliyin ərazi nümayəndəsi tikinti obyektinə dair iki nüsxədən ibarət texniki baxış aktı tərtib edilməli olduğu halda bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati orqan texniki baxış aktı tərtib edildiyi gündən 4 (dörd) iş günü müddətində Müfəttişlik tərəfindən Göstəriş tərtib etməli və Göstərişdə tikinti işlərində aşkar olunmuş hər bir pozuntunun ayrıca təsviri qeyd olunmaqla, həmin pozuntuların sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün, müvafiq işlərin həcmindən asılı olaraq, ağlabatan müddət müəyyən etməli olduğu halda inzibati icraat çərçivəsində həmin tələblərə riayət etməmişdir. Nəticə etibarı ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin Tikinli işlərinin dayandırlması barədə 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarı inzibati icraatın aparılması qaydalarına riayət edilmədən qəbul edilmiş və tətbiq edilən norma işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri M.F.Axundov küçəsi, 32A ünvanında yerləşən tikinti obyektində tikinti işlərinin dayandırılması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 10 iyun 2022-ci il tarixli, 0428 saylı qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar