Məhkəmə qərarları › İş №2-1(116)-3081/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3081/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3081/2025 24.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı “Diplomunun ekvivalentliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aleksandr Qriqoryeviç ve X1 adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş diplomunun ekvivalentliyinin müəyyən edilməsi və tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dunya iqtisadiyyatı fakültəsini bitirmiş və həmin universitet tərəfinden xx.xx.2014-cü il tarixli, 887 qeydiyyat nömrəsi ilə bakalavr diplomu verilmişdir. Bundan sonra ikinci ali təhsil almaq üçün həmin diplom əsasında xx.xx.2020-ci ildə Rusiya Federasiyası Aleksandr Qriqoryeviç ve X1 adına Vladimir Dövlət Universitetində (bundan sonra Vladimir Dövlət Universiteti) Hüquqşunaslıq fakültəsinə qəbul olmuş, xx.xx.2023- cü il tarixdə isə həmin universiteti bitirərək iddiaçıya xx.xx.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir. Sözügedən diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi qaydada müraciət etmiş, Agentlik tərəfindən xx.xx.2025-ci il tarixli NA00038376 saylı Xarici dövlətin ali təhsilə aid kvalifikasıyasının imtina edilməsi barədə qərar qəbul edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, inzibati icraat zamanı xx.xx.2023-cü il tarixli diplom əlavəsinə əsasən iş üzrə təhsilalma formasının Rusiya Federasiyasında “əyaniqiyabi” formada olduğu müəyyən edilmişdir. Ərizəçinin xarici dövlətdə təhsil aldığı proqram üzrə təhsilalma forması əyani-qiyabi (axşam təhsili) olmuşdur ki, aparılan icraat zamanı müəyyən olunmuşdur ki, bu formada tədris olunan ali təhsil proqramlarının məzmunu, tədris prosesinin planlaşdırılması, onun həyata keçirilməsinin forma və metodları, tədris yükünün həcmi, tədris mərhələlərinin (semestrlərin) müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən əyani təhsilalma forması üçün nəzərdə tutulmuş minimum tələblərə uyğun gəlir. Cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-getməyib (pandemiya dövrü) İİ il-1 ay 14 gün (pandemiya dövrü) İİİ il-1 ay 16 gün Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində əks olunmuş tanınmaya dair tələblərlə hazırkı iş üzrə vətəndaşın təhsil aldığı xarici dövlətin ərazisində olması müddətlərinin həcmi uyğunsuzluq təşkil etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2025-ci il tarixli NA00038376 nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina olunmuşdur.

2. İddiaçıya məxsus Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 103324 ******* nömrəli diplomun surəti.

3. İddiaçıya məxsus C03108441 nömrəli Pasportun surəti;

4. Vladimir Dövlət Universiteti tərəfindən verilmiş tələbə biletinin surəti;

5. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-2711/25 nömrəli məktubu.

6. Cavabdehin xx.xx.2025-ci il tarixli etirazı və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. İş materialları ilə müəyyən olunur ki,iddiaçıya Stoletovlar adına Vladimir Dövlət Universiteti tərəfindən Hüquqşunaslıq ixtisasına dair xx.xx.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir. Cavabdehin imtina əsası iddiaçının təhsil aldığı dövlətdə olduğu müddətin az olması və diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçı təhsil aldığı 2020-2023-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur.Təhsil müəssisəsinin təqdim etdiyi bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Hazırkı işin hallarından göründüyü kimi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. İddiaçının təhsili əyani-qiyabi olmaqla bərabər 2020-2023-cü illərdə təhsil aldığı dövlətdə olduğu müddət nəzərdə tutulmuş normaya uyğundur.Belə ki, tələb olunan sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı aşağıdakı tədris illərində göstərilən müddət ərzində təhsil aldığı dövlətdə olmuşdur : 2020-21-ci tədris ili ərzində- getməyib (pandemiya dövrü); 2021-22-ci tədris ili ərzində-44 gün; 2022-23-cü tədris ili ərzində-46 gün; Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 1.6-cı bəndinin tələbindən göründüyü kimi Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir... Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Göründüyü kimi sözügedən “Qaydalar” yalnız əsas (baza ali) tibb təhsilinə münasibətdə əyani təhsilalma formasını nəzərdə tutumuşdur. İddiaçının təhsil aldığı “hüquqşünaslıq” ixtisası üzrə həm əyani, həm də qiyabi təhsil alma forması nəzərdə tutulduğundan cavabdeh orqanın əyani-qiyabi təhsil alma formasının nəzərdə tutulmamasına istinadı tamamilə əsassızdır. Digər tərəfdən cavabdeh özü də yeni qaydalarla həmin təhsil formasını qəbul etdiyini bildirir. Bununla belə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında Hüquqşünaslıq ixtisası peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların Siyahısında qeyd edilmişdir. Hazırda qüvvədə olan “Qaydaların” tələbləri baxımından sınaq imtahanında iştirak etmədən Hüquqşünaslıq ixtisası üzrə peşə tanınması mümkün deyildir. Yeni “Qaydalar”a uyğun ilkin inzibati icraat aparılmadığından və mübahisə həmin “Qaydalar” qüvvəyə minənədək yarandığından, məhkəmə mübahisəyə iddiaçının imtina cavabı aldığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq edərək iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; ... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, təhsilalma formasının müəyyən edilməsi tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsinə qiymət verilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməkdə cavabdeh orqan haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X3 üzərinə İddiaçı Stoletovlar adına “Vladimir Dövlət Universiteti” tərəfindən verilmiş 103324 ******* nömrəli, 1818 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar