Məhkəmə qərarları › İş №2-1(116)-318/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-318/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-318/2020 12.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon Şöbəsinə qarşı “ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququ yarandığı üçün sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcədə arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Cavabdehin etirazı: Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ikinci və üçüncü qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğində az olmayan pensiya təminatına mikan verilməsi şərti ilə təyin edilir. Həmin qanununun 12-ci maddəsinə əsasən 59 yaşı tamam olmuş əlillərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində 21120 manat pensiya kapitalı toplanmalı idi. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərə əsasən 01.01.2006-cı il tarixədək 23 il 5 ay sığorta stajı toplanır. Həmin staj 16906 manat pensiya kapitalına bərabərdir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Dövlət Sosial X1 rayon şöbəsinin 15.08.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu və 26.12.2019-cu il tarixli məktubu, TSEK-in sonuncu müayinəyə dair məlumatı, X3 Milli Oftalmologiya Mərkəzinin 19.02.2018-ci il tarixli 939 nömrəli, 12.04.2019-cu il tarixli 1576 nömrəli tibbi rəyləri, НB seriyalı 016416 nömrəli diplomun, БЕ seriyalı 046118 nömrəli hərbi biletin, 183 nömrəli kolxozçunun əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İddiaçı 18 fevral 1960-ci il tarixdə Zaqatala rayonunun Muğanlı kəndində doğulmuşdur. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 15 avqust 2019-cu il tarixli, **********6 saylı məktub göndərərək pensiya kapitalı tələb olunan minimum əmək pensiyası kapitalından az olduğu üçün ona pensiya təyin olunmasından imtina etmişdir. İddiaçının 18 fevral 1960-cı il təvəllüdlü olmaqla ona 04 iyul 2019-cu il tarixdə üçüncü dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 58 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 43 il x 4 ay = 172 ay : 12 = 14 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən Zaqatala rayonu Moskva kolxozunda 16 il 7 ay, 01.09.1983-04.07.1988-ci illərdə əyani təhsil aldığı 4 il 10 ay və 05 may 1979-cu ildən 07 may 1981-ci il tarixədək keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu 2 il olmaqla, cəmi 23 il 5 ay sığorta stajının olması müəyyən olunur. İddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 16906 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 172 ay / 192 = 0,895. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,895x144=128.88) və pensiya sığorta kapitalı (PSK=16906) alınmış rəqəmə bölünərək (16906 / 128.88 = 131,176 manat) pensiyanın məbləği 131,17 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan 04 iyul 2019-cu ildə minimum pensiya 160 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəm qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 14 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, lakin iddiaçının 23 il 5 ay sosial sığorta stajının olması müəyyən olunmuşdur. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 16906 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 172 olduğundan, əmsal 0,895 təşkil edir (172 : 192). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,895 x144=128.88) və pensiya sığorta kapitalı (PSK=16906) alınmış rəqəmə bölünərək (16906 : 128.88= 131.17 manat) pensiyanın məbləği 131,17 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon Şöbəsinə qarşı “ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar