Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-334/2024 23.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonun Potu kəndində yerləşən 0,91 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonun Potu kəndində mülkiyyətində olan 0.91 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə 06 iyun 2006-cı il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1468 Kod 40812018 saylı dövlət aktına əsasən Göyçay rayonunun Potu kəndində 0,91 hektar torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində əvvəllər yaranmış hüququn dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın (forma-1) verilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayonu, Potu kəndində yerləşən 0,9078 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayon Məhkəməsində məhkəmə işi olması məlum olmuşdur. Bildirilmişdir ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,9078 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yeni elektron uçot taza məlumatlarına əsasən (TEKUİS) X3 X2, X5 faktiki istifadələrində olsa da, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(046)- 236/2022 nömrəli Qətnaməsinə əsasən həmin torpaq sahəsinin bir hissəsi elektron baza məlumatlarına əsasən (DVJ) başqa şəxsə verilmişdir. Qeyd edilmişdir ki, X4 alqı satqı əsasında dövlət qeydiyyatı reyestrdən **********227 nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli imtina məktubu, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-236/2022 nömrəli qətnaməsi, RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarış, xx.xx.2020-ci il tarixli AN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış, A501278 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış, xx.xx.2020-ci il tarixli AN0856743 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış, JN-1468 kod 40812018 nömrəli Dövlət Aktı, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-1468 Kod 40812018 saylı dövlət aktına əsasən Göyçay rayonunun Potu kəndində yerləşən 0,91 hektar torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsinə nail olmaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göyçay RAİK-nın xx.xx.1998ci il tarixli 39 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə (X7, X2, X8, İddiaçı) Göyçay rayonu Potu kəndində 1.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN:0010 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Ayrılmış torpaq sahəsi Dövlət Aktının 0010 planşetində 6271,57 kv.m, 10A planşetində 9078.51 kv.m göstərilmişdir. X9 0010 planşetində göstərilən 6271,57 kv.m torpaq sahəsi xx.xx.2004-cü il tarixdə özgəninkiləşdirilmiş, bundan sonra iddiaçının və ailə üzvlərinin adına 10A planşetində göstərilən qalan 9078.51 kv.m torpaq sahəsinə dair JN:1468 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı, JN1468 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan 0.91 ha torpaq sahəsinə münasibətdə hazırkı tələbi irəli sürmüş, cavabdeh orqan iddia olunan torpaq sahəsində əvvəllər məhkəmə çəkişməsinin olmasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-236/2022 nömrəli qətnaməsinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.27 ha torpaq sahəsinin 338 kv.m hissəsindən cavabdehlər X7, X8 və İddiaçı çıxarılması və həmin torpaq sahəsi ətrafında çəkilmiş çəpərin cavabdehlərin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmişdir. Müəyyən edilmişdir ki, JN-0010 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” 10A planşetində qeyd edilmiş 0.91 ha torpaq sahəsi DVJ xəritəsində və konfiqurasiya fərqləri olmaqla TEKUİS məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. Cavabdeh orqan JN-1468 №-li X6 elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) və Göyçay rayonu Potu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (DWJ) göstərilmədiyini bildirsə də, nəzərə alınmalıdır ki, sözügedən Dövlət Aktı JN-0010 nömrəli Dövlət Aktının 10A planşetində qeyd olunan torpaq sahəsindən ibarətdir. Odur ki, JN-0010 nömrəli Dövlət Aktı əsasında iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsi mümkündür. Həmçinin cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində iddia olunan 0.91 ha torpaq sahəsinin 0.0296 ha hissəsinin xx.xx.2020-ci il tarixdə tərtib edilmiş A№ 501311 (**********75 reyestr nömrəli çıxarış) "Torpaq sahəsinin planı və ölçüsü" sənədində əks olunan koordinatlarla müəyyənləşən 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Bununla belə cavabdeh orqan həm də qeyd edir ki, iddia olunan torpaq sahəsi 0.27 ha torpaq sahəsinə dair sonuncu - xx.xx.2023-cü il tarixdə tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədi ilə üst-üstə düşmür. İddaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0 91 ha torpaq sahəsi TEKUİS məlumatlarında göstərilən 0.91 ha (JN- 10A) ilə eyni ərazidə yerləşir. Göründüyü kimi cavabdeh orqanın üst-üstə düşmə barədə verdiyi məlumat A501311 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ilkin vəziyyətinə uyğun olmuş, sonradan uyğunsuzluqlar aradan qaldırılmışdır. Hazırda iddia olunan torpaq sahəsinin hər hansı digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmir. İddia tələbinin “məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilikdə əşyanın yüklülüyü dedikdə qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması nəzərdə tutulur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması (yüklülük) (həbs, qadağa, ipoteka, icarə, istifadə (o cümlədən, yaşayış binasının tərkib hissəsindən istifadə), servitut və s.) olduqda arayışda məhdudlaşdırılma (yüklülük) və buna əsas olan sənədlər haqqında məlumat (hüququ məhdudlaşdırılan şəxs, onun payı, məhdudlaşdırılmanın tarixi və növü, yüklü olan hissə, pay və ya paylar, yüklü edən şəxs, yüklülüyün müddəti, yüklülüyün qeydə alınma tarixi və s.) qeyd edilir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus, tələbdə qeyd edilmiş daşınmaz əmlak üzərində hər hansı məhdudiyyət və yüklülük olmamış, həmin əmlaklar üzərinə həbs qoyulmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq arayışın verilməsi üçün hüquqi əsaslar mövcud olduğundan, cavabdeh orqanın imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə Göyçay rayonun Potu kəndində yerləşən 0,91 ha torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və həmin sahəyə məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrində arayışın (forma-1) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.