Məhkəmə qərarları › İş №2-1(116)-3533/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3533/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3533/2025 18.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Günel Soltan qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “12 iyun 2025-ci il tarixli, 12-9/2-Ə-42- 630/2025 saylı imtinanın qanunsuz hesab edilməsi və ona 5550 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “12 iyun 2025-ci il tarixli, 12-9/2-Ə-42-630/2025 saylı imtinanın qanunsuz hesab edilməsi və ona 5550 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulası” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, kənd təsərrüfatı ilə məşğul olur və Ucar rayonunda özünə məxsus ferması var. Həmin fermada iribuynuzlu heyvanlar saxlayır. Bir müddət əvvəl X4 adlı şəxsdən 1 başı 5550 manata Murrah cinsli iribuynuzlu heyvan almışdır. Həmin irubuynuzlu heyvan cins olduğundan və bahalı olduğundan heyvanları Aqrar Sığorta Fondunda sığortalamışdı və buna görə ona ‘Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası üzrə Sığorta Şəhadətnaməsi” verilmişdir. xx.xx.2025-ci il tarixdə AZ AQTA ********** birka nömrəli Murrah cinsli iribuynuzlu heyvan ölmüşdür. Buna görə də o həmin ölmüş heyvanın sığorta ödənişinin ona ödənilməsi üçün Aqrar Sığorta Fonduna müraciət etmişdir. Lakin Aqrar Sığorta Fondunun 12 iyun 2025-ci il tarixli, 12-9/2- Ə-42-630/2025 saylı məktubu ilə bildirilmişdir ki, müraciətdə AZ AQTA ********** birka nömrəli Murrah cinsli iribuynuzlu heyvanın xx.xx.2025-ci il tarixdə ölməsi və bununla bağlı sığorta əməliyyatlarının aparılması qeyd olunmuşdur. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ucar rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məktubunda sözügedən iribuynuzlu heyvanda ilkin diaqnoz olaraq enterotoksemiya xəstəliyindən ölməsi qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Aqrar Sığorta Qaydalarının 1.21.1-ci bəndinin 12-ci abzası rəhbər tutularaq iribuynuzlu heyvanlarda ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə, əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizinin nəticələrinə əsasən yekun diaqnozun qoyulması qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X3 Laboratoriyasının 19.03 2025-ci il tarixli AZ-22011389/LAB04- 255064-T-5064 saylı sınaq protokolu nəticələrinə əsasən AZ AQTA ********** birka nömrəli heyvan üzrə verilən nümunədə infeksion xəstəliklərin törədiciləri aşkar edilməmişdir. Cavabdeh iddiaya qarşı münasibətini təqdim edərək aşağıdakıları bildirmişdir: - Ölkədə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) qəbul edilmiş və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Fond təsis edilmişdir. Qanunun 4.1-ci maddəsinə əsasən aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Fond tərəfindən sığortalı İddiaçı “Kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası” növü üzrə HS**********-PS nömrəli elektron sığorta şəhadətnaməsi təqdim edilmişdir. Sığortalı 2025-ci il 5 mart tarixində Fondun “1651” Çağrı Mərkəzinə müraciət edərək ona məxsus 1 ədəd iribuynuzlu heyvana xx.xx.2025-ci il tarixində zərər dəyməsi barədə məlumat vermiş və hadisənin araşdırılması üçün "xxxx" ASC tərəfindən müstəqil ekspert təhkim edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən böyrəklərdə yumşalma, mədə önlüklərində erroziya, bağırsaqlarda qan sağıntıları müşahidə edilmiş və İlkin diaqnoz olaraq anaerob enterotoksemiya xəstəliyi qeyd edilmişdir. Sığorta hadisəsinin araşdırılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Ucar Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə 2025-ci il 6 mart tarixli 12-9-1/2-432/2025 nömrəli məktubla sorğu göndərilmişdir. Sözügedən sorğuya cavab olaraq daxil olmuş 2025-ci il 16 aprel tarixli 3-22-1-2-59/2-83- 2025 nömrəli məktubda iribuynuzlu heyvanın ilkin diaqnoz olaraq anaerob enterotoksemiya xəstəliyindən ölməsi qeyd edilmişdir. Eyni zamanda müstəqil ekspertin rəyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.21.1-ci yarımbəndinin 12-ci abzası rəhbər tutularaq ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edilmiş və laboratoriyaya göndərilən nümunələrlə əlaqədar analizin nəticələri müəyyən olunduqdan sonra yekun diaqnozun qoyulacağı qeyd olunmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi X1 Laboratoriyasının 2025ci il 19 mart tarixli AZ-22011389/LAB04-255064-T-5064 nömrəli sınaq protokolu nəticələrinə əsasən AZ AQTA ********** birka nömrəli heyvan üzrə verilən nümunədə infeksion xəstəliklərin törədicisi aşkar edilməmişdir. Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla digər yoluxucu xəstəliklər nəticəsində sığortalanmış heyvanın ölümü təminat altına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Məcəllə) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məcəllənin 922.2ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məcəllənin 935.1.1-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina üçün əsadır. Qaydaların 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qeyd olunanlara əsasən, sığortalanmış AZ AQTA ********** birka nömrəli heyvanın ölümü zamanı laboratoriyanın cavabına əsasən təminatdaxili risk aşkar edilmədiyindən dəymiş zərərlə bağlı Fond sığorta ödənişinin verilməsindən imtina barədə 2025-ci il 12 iyun tarixli 12-9/2-Ə-42-630/2025 nömrəli Qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. II. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1 inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. 6.2. Sığorta qaydaları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə aşağıdakılar müəyyən olunur: 6.2.1. sığorta haqqının hesablanması, ödənilməsi qaydası və forması; 6.2.2. sığorta haqqı üzrə güzəştlər və əlavələr; 6.2.3. qismən sığorta, azadolma və gözləmə müddəti; 6.2.4. sığorta müqaviləsinin forması; 6.2.5. sığorta müqaviləsinin bağlanılması müddətləri; 6.2.6. bu Qanunun digər maddələrində müəyyən edilən hallar. 6.3. Sığorta qaydalarına sonradan edilmiş dəyişikliklər qüvvədə olan sığorta müqavilələrinə şamil edilmir. 6.4. Aqrar sığorta məhsulunun şərtləri sığorta qaydalarına uyğun olaraq hazırlanır və hər bir aqrar sığorta məhsulunun şərtləri özündə sığortalıya göstərilən xidmətlərin növləri və tarifləri, sığorta müqavilələri ilə bağlı məsələləri ehtiva edir. 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır. 6.7. Aqrar sığorta müqaviləsi sığorta qaydaları və aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş müddətdən artıq müddətə bağlanıla bilməz. 6.8. Aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”: 1.1.1. Bu Qaydalar “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun (bundan sonra – Qanun) 6.1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində aqrar sığorta mexanizminin tənzimlənmə meyarlarını müəyyən edir. 1.1.2. Aqrar sığorta müqaviləsindən (bundan sonra – sığorta müqaviləsi) irəli gələn və bu Qaydalarla tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – Məcəllə), “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Qanunla tənzimlənir. 1.2.1. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə edilir:

1. Aqrar Sığorta Fondu (bundan sonra – Fond) - Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən qeyrikommersiya hüquqi şəxs; 1.5.1. Sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. 1.6.1. Sığorta məbləği bu Qaydaların 1.6.2-1.6.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 1.10.1. Sığorta müqaviləsi sığortalının müraciəti əsasında ASİS vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum arasında bağlanılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 saylı Qərarı.

III. MƏHKƏMƏNİN MÖVQEYİ:

Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarına əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2), xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.(3.1) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(3.2) Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırki mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır. İddia ərizəsinə əsasən iddiaçı HS-**********-PS nömrəli Sığorta Şəhadətnamələrinə əsaslanaraq ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Qanunvericiliyinə əsasən sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Göründüyü kimi tərəflər arasında zərər vurulması ilə bağlı mübahisə bilavasitə tərəflər arasında mülki müstəvidə tərəflərin bərabərliyi, iddiaçının müqavilə bağlamaqda iradə sərbəstliyi prinsipinə uyğun olaraq bağlanmış sığorta müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsindən yaranmışdır. Belə ki, fiziki şəxslər aqrar sahədə risklərdən qorunması məqsədilə sığorta müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmək və onunla müqavilə bağlamaqda iradə sərbəstliyinə malikdirlər. Bundan əlavə “Aqrar sığorta haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən sığortalı sığorta ödənişinin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən maddədə ifadə olunan “inzibati qaydada” şikayət verilə bilər müddəası sığortalının inzibati qaydada yuxarı quruma ( və ya Fond daxilində yaradılan Apellyasiya Şurası) edilmiş şikayəti nəzərdə tutur. Eyni zamanda, həmin maddədə birbaşa “inzibati məhkəmə” ifadəsi işlənilməmiş, ümumən “məhkəməyə şikayət verilə bilər” müddəası qeyd edilmişdir ki, hazırkı işə münasibətdə şikayət verilə bilən məhkəmə inzibati məhkəmə nəzarətini həyata keçirən məhkəmə deyildir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir. Hazırkı iş üzrə mübahisə inzibati məhkəmə icraatının predmetinə aid olmadığından iddianın mümkünlük şərti ödənilmir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “12 iyun 2025-ci il tarixli, 12-9/2-Ə-42- 630/2025 saylı imtinanın qanunsuz hesab edilməsi və ona 5550 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulası” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar