Məhkəmə qərarları › İş №2-1(116)-407/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-407/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-407/2020 20.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2017-2018-ci illərdə kənd təsrüffatı mallarının ixracı ilə məşğul olmuşdur. Kənd təsərüffatının ixrac edilməsində heç bir gəlir vergi nəzərdə tutulmamalıdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Yəni vasitəsiz olaraq, kimin tərəfindən istehsalı məlum olamayan, arada heç bir şey (şəxs) iştirak etmədən, istehsal olunan kənd təsərrüfatı malları kimin tərəfindən satışı təşkil olunursa olsun birbaşa və dolayısı yolla kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Bundan başqa ixrac zamanı onun tərəfindən hər ixrac olunan maşın üçün 271.40 manat gömrük rüsum və vergiləri və malların göndərilməsinə də 100 manat məbləğində sertifikat və sənədlərin alınmasına ödənilir. Nəzərə alınsa ki, ixrac zamanı bir maşın üçün 371.40 manat vergi və rüsumlar ödənilirsə bunun 20 faiz məbləğini hesablansa (371,40/20 * 100 = 1857 manat) bir maşın kənd təsərrüfatı mallarına 1857 manat gəlir hesablanmış olar. 1857 manat gəlir kənd təsərrüfatı mallarının ixracında çox yüksək rentabellikdir. Bilindiyi kimi, kənd təsərrüfatı malları yaş mallardır, yəni tez xarab olan mallar hesab olunur. Kənd təsərrüfatının ixracında məqsəd tez bir zamanda, tez xarab olan malları ixrac etmək və tez xarab olan malların natura formasını dəyişərək valyutaya çevirməkdən ibarətdir. Bu da öz növbəsində ölkəyə valyutanın daxil olması deməkdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona analoji olaraq vergi hesablanmışdır. Cavabdehin etirazı: İddiaçı xx.xx.2005-ci il tarixdə fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş və əsas fəaliyyət növü saxlama və anbarlara yığma olmuşdur. İddiaçının özünündə etiraf etdiyi kimi, o 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuşdur. İddiaçı ərizəsində göstərir ki, kənd təsərrüfatı məhsullarının ixrac edilməsində heç bir gəlir vergisi nəzərdə tutulmamalıdır. Öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə istinad edir. Lakin, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədə əsas məqam bilavasitə sözü ilə bağlıdır hansının ki mənası vasitəsiz olaraq, arada heç bir vasitə olmadan mənasına bərabərdir. Başqa sözlərlə desək şəxs özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarından alınan gəlirə görə gəlir vergisindən azaddır. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını vətəndaşlardan alaraq, həmin məhsulları ixrac edirsə Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. Digər tərəfdən İddiaçı (VÖEN: **********) xx.xx.2018-c tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4064701,68 manat, xərclərin isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. Göründyü kimi, İddiaçı iddia ərizəsində kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisi “nəzərdə tutulmamalıdır” yazsa da, xx.xx.2018-ci il tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində ödəməli olduğu gəlir vergisinin 1740.34 manat olduğunu göstərmişdir. Göstərilənlərdən belə nəticə çıxarmaq olar ki, iddiaçı kənd təsərrüfatı məhsullarının ixracına görə gəlir vergisinin ödənilməli olduğunu bilir və qəbul edir. Razılaşmadığı məqam isə ödəməli olduğu verginin həqiqi məbləğidir.X3 başa çatdıqdan sonra iddiaçı xərclərini təsdiq edən “malların alış aktını” vergi orqanına təqdim etmişdir. Həmin aktlarla tanış olduqda məlum olmuşdur ki, onlar "xxxx" MMC tərəfindən çap edilmişdir. "Bərdə Poliqraf” MMC 2017-ci ilin noyabr ayında İddiaçı üçün HAN seriyalı 001251-001300 saylı və 2019-cu ilin iyul ayında HAN seriyalı 003901-004050 malların alış aktını çap etmişdir. HAN seriyalı 001251-001300 saylı malların alış aktı 2017-ci ilin noyabr ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr və oktyabr ayları qeyd edilmişdir. Həmçinin HAN seriyalı 003901-004050 saylı malların alış aktı 2019-ci ilin iyul ayında çap edilsə də iddiaçının vergi orqanına təqdim etdiyi həmin aktlarda malların alınma tarixi 2017-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qeyd edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara xx.xx.2019cu il tarixli **********028400 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, AR Vergilər Nazirliyinin 11 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********59400 nömrəli etirazı, çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabatın və şəxsi hesab vərəqəsinin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır, lakin əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının qərarının ləğv edilməsinə dair tələb mümkündür. Cavabdeh orqanın mübahisə predmeti olan qərarına qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın mümkünlüyü sual doğurmamalıdır. Çünki sözügedən qərarla vergi ödəyicisi məsuliyyətə cəlb edildiyindən söhbət, şübhəsiz, İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddia əsassızdır və rədd edilməlidir. İddiaçı tələbini əsaslandırmaq üçün 2 hala istinad etmişdir. Onlar bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlərin gəlir vergisindən azad olması və ödəməli olduğu verginin məbləğinin qərarda göstəriləndən az olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edir. Bu maddədən də göründüyü kimi bilavasitə dedikdə vasitəsiz olaraq, yəni şəxsin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışından əldə etdiyi gəlir başa düşülür. Şəxs başqalarının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını alaraq, həmin məhsulları ixrac edirsə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən gəlir vergisindən azad edilmir. İddiaçının iddia ərizəsindən də görünür ki, o, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş, kənd təsərrüfatı məhsullarını istehsal etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.29-cu maddəsinə əsasən malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılmasıdır. 13.2.37-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 13.2.55-ci maddəsinə əsasən ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. 13.2.60-cı maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir. 13.2.61-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi: 13.2.61.1-ci maddəsinə əsasən istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. 13.2.61.2-ci maddəsinə əsasən bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir. 37.1-ci maddəsinə əsasən X3 vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən X3 vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən X3 keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən X3 başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-ci maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-ci maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-ci maddəsinə əsasən X3 zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 67.14-ci maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. İddiaçı xx.xx.2018-c tarixdə təqdim etdiyi 2017-ci ilin gəlir vergisi bəyannaməsində dövriyyəsi 4064701,68 manat, xərclərin isə 4056000,0 manat, vergiyə cəlb edilən gəlir 8701.68 manat, gəlir vergisinin 1740.34 manat olduğu göstərmişdir. “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı əsasında şərti rentabellik səviyyəsi 20% götürülərək vergi ödəyicisinin dövriyyəsindən dövlət büdcəsinə ödəməli olduğu gəlir vergisinin məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də iddiaçı bunun əksini sübut edə bilmədi. Beləliklə, yuxarıda şərh olunanları qanunvericiliyin tələbi baxımından təhlil edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarın qanunazid olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunun təsdiq edən sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi”barədə iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar