Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-410/2021 25.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 24.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Ona 01.03.2003-cü il tarixdən 3-cü qrup, 06.02.2013-cü il tarixdən isə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hal-hazırda 2-ci qrup əlilliyə görə 130.0 manat sosial müavinət alır. İddiaçının 03.03.1990-cı il təvəllüdlü oğlu X5 05.01.1993-cü il tarixdən sağlamlıq imkanları məhdud əlil kimi sosial müavinət alır. Həmçinin iddiaçı 01.03.2001-ci il tarixdən 01.08.2003-cü il tarixədək X10 Kompleksində kiçik tibb bacısı vəzifəsində işləmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı 15.10.2020-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi 01.03.2001-ci il tarixli, № ******* saylı əmək kitabçasına əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (1791,49 manat) əmək pensiyasının minimum (24600 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçı hesab edir ki, imtinada hal-hazırda qüvvədə olan Qanuna istinad edilmişdir və bu səbəblə cavabdeh orqanın imtinası əsassızdır. Cavabdehin etirazı: DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 08.01.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 iyul 2017-ci il tarixindən etibarən 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaqdır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına əmək pensiyasının təyin edilməsi üçün 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci və 13.3-cü maddələrinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı:
1. 57 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42 il (əmək qabiliyyətli yaş dövrü)
2. 42 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 168 ay
3. 168 ay : 12 ay = 14 il Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab vermir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı:
1. 168 ay: 192 ay (əlilliyə görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) = 0.875
2. 0.875 x 144 ay (yaşa görə əmək pensiyası üçün gözlənilən pensiya ödənişi müddətinin sayı) =126 ay
3. 126 ay x 200 manat (2020-ci il tarix üçün əmək pensiyasının minimum məbləği) = 25200 manat Tələb olunan sığorta stajı 14 il və pensiya kapitalı 25200 manat təşkil etdiyi halda İddiaçı qanuna əsasən tələb olunan şərtlərdən hər ikisini ödəmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 10.03.2021-ci il tarixli, **********2 nömrəli etiraza əlavəyə dair məktubda qeyd edilir ki, hazırda icraatda olan işlə bağlı etiraz məhkəməyə təqdim edilmişdir. Hazırda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etiraza əlavə təqdim edilir və icraata qəbul edib hüquqi qiymət verilməsi xahiş olunur. Hesab edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Sosial təminat sahəsində həyata keçirilən islahatlara əsasən “Əmək pensiyaları haqqında” Qanuna növbəti dəyişiklik 27 oktyabr 2009-cu il tarixində edilmişdir. Həmin tarixdən etibarən Qanunun 12.1 -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün şəxsin sosial sığota stajı 27 oktyabr 2009-cu il tarixindən etibarən staj tələbi şərtinə uyqun gəlməsi tələb olunur. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı:
1. 49 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 34 il (əmək qabiliyyətli yaş dövrü)
2. 34 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 136 ay
3. 136 ay : 12 ay = 11 il 4 ay Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan staj tələbi şərtinə cavab vermir. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 4 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün təşkil edir. İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajı mövcud olmamışdır. Tələb olunan sığorta stajı 11 il 4 ay təşkil etdiyi halda İddiaçı qanuna əsasən tələb olunan şərti ödəmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. İş materiallarında olan iddiaçının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İş materiallarına iddiaçı tərəfindən təsdiq edilmiş surəti əlavə edilən 496325 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X5 03.03.1990-cı ildə anadan olmuş, onun atası X6, anası İddiaçıdır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının 15.09.2020-ci il tarixli arayışında qeyd edilir ki, X5 05.01.1993-cü ildən uşaqlıqdan əlilliyə görə 014043 nömrəli pensiya işi üzrə hazırda 130.0 manat müavinət alır. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən tibbi sənədlərin surətinə əsasən iddiaçının 03.03.1990-cı il təvəllüdlü oğlu X2 05.01.1993-cü ildən sağlamlıq imkanlarının məhdud olması müəyyən edilmişdir. TSEK-in sonuncu müayinə aktına əsasən 25.04.2016-cı ildə H.Şıxıyevin diaqnozu “rezidual ensefaloaptiya, epileptik cəngolmalarla” olmaqla 2-ci dərəcə əlil olması qiymətləndirilmiş və onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin 23.04.2021-ci ilədək olması müəyyən edilir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilən sənədlərin surətindən müəyyən edilir ki, o, 2001-2003-cü illərdə X10 Kompleksində xadimə işləmişdir. Ona 2003-cü ildən 3-cü qrup, 2013-cü ildən isə 2-ci qrup əlillik dərəcəsinin təyin edilmişdir. TSEK-in sonun müayinə aktına əsasən müəyyən edilir ki, iddiaçının 2-ci qrup əlillik dərəcəsi 04.02.2016-cı il tarixdə yenidən qiymətləndirilmiş, diaqnozu “posttravmatik baş beyin araxnoiditi, şəkərli diabet 2-ci tip, piylənmə 2-ci dərəcə” olaraq təyin edilmişdir. DSMF publik hüquqi şəxsin 15 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 1 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün stajı vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən iddiaçının müraciət tarixinə 56 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 13 il 8 ay sosial sığorta stajı və 24600.0 (56 -15 = 41 x 4 = 164 /192 * 144 = 123 x 200 = 24600) manat pensiya kapitalı tələb olunur. Yuxarıdakıları nəzərə alaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə istinadən vətəndaşın tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından iddiaçının iddia tələbi əsassız hesab edilmiş və məhkəmədən təmin edilməməsini xahiş olunmuşdur. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 15 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 01.04.2021-ci il tarixdə tərtib edilmiş “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddəti barədə” Aktda qeyd edilir ki, İddiaçı 05.01.1993-cü il tarixdən 03.08.2008-ci il tarixədək doğma oğlu, 18 yaşadək SİM əlili X3 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 15 il 1 ay 29 gün təşkil edir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ 01 mart 2013-cü il tarixdə yarandığından mübahisəyə 01 mart 2013-cü il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasısığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətininməhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı 01 mart 2013-cü il tarixdə 49 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 4 ay sosial sığorta stajı tələb olunur. İddiaçının məhkəmə təqdim etdiyi əmək kitabçasına əsasən 2 il 1 ay 26 gün, əmək haqqı arayışına əsasən isə 1 il 8 ay 26 gün, “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq müddəti barədə” Akta əsasən 15 il 1 ay 29 gün stajı, ümumilikdə iddiaçının həmin tarixə tələb olunan 11 il 4 aydan çox sosial sığorta stajı var. İddiaçı cavbdehə 22.09.2020-ci il tarixində müraciət etmiş, lakin tələbində müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddiaçının tələbində qeyd olunan tarixi əsas götürmüşdür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya ona 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 01.03.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni 01.10.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Cabbarov