Məhkəmə qərarları › İş №2-1(116)-466/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-466/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-466/2024 12.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Meşəbaş kəndində yerləşən tütün sarayını və sarayın yerləşdiyi 0.3175 ha torpaq sahəsini iddiaçının adına vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu Meşəbaş kəndində yerləşən tütün sarayını və sarayın yerləşdiyi 0.3175 ha torpaq sahəsini iddiaçının adına vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qax rayonu keçmiş “Nizami” adına kolxozun X11 Komisiyasının xx.xx.2001-ci il tarixli qərarı ilə Meşəbaş kəndində yerləşən Tütün sarayı 20000 manat məbləğində dəyərləndirilmiş, Kuzubabaşvili Levarsan İordanoviş, X8, Kuzubababaşvili Otari Şakroyeviç, X3, X9, X4, X10 və iddiaçı arasında bölünmüşdür. İddiaçı orada əmlak payları olan subyektlərin hər birinin payını ödəmiş və əmlaka sahiblik edir. Bu fakt isə Subyektlər tərəfındən Qax rayon Notariat kontorunda yazdıqları ərizə ilə təsdiq olunur. Belə ki, X6 iddiaçının arvadıdı. O, hazırda iddiaçıya əmlak payını verməkdən imtina etmir. Eyni zamanda X7 iddiaçının anasıdır. O, da əmlak payını iddiaçıya vermişdir. İddiaçı cavabdehə müraciət edərək həmin əmlaka və əmlakın yerləşdiyi 0.3175 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Qax rayon İngiloy kənd “Nizami” kolxozunun X11 komissiyası tərəfindən kolxozun əmlakından pay almaq hüququ olan subyektlər arasında əmlak payı bölgüsü ilə əlaqədar 20 iyul 2001 ci il tarixdə atılmış püşklər cədvəlinin xx.xx.2014-cü il tarixli, 42 nömrəli arxiv çıxarışı ərizəyə əlavə edilsə də, Qax rayonu Qax rayon İngiloy kənd “Nizami” adına kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilmiş X11 komissiyasının kolxozun istifadəsində olan sözügedən əmlakın mülkiyyətə verilməsinə dair iclas protokolundan çıxarış qərarı və X11 komissiyasının əmlakdan pay haqqının verilməsi barədə aktları ərizəyə əlavə edilmədiyindən, həmçinin əlavə edilmiş Kuzibabaşvili Levarsan İordanoviçə, X5, Kuzibabaşvili Otari Şakroyeviçə, X1, X2 əmlak payının dəyərinin ödənilməsinə dair ərizələr daşınmaz əmlakda payın keçməsi üçün əsas olmadığından ərizəçiyə imtina məktubu verilmişdir. Belə ki, Qax rayonu Qax İngiloy kənd “Nizami” adına kolxozun X11 komissiyasının üzvləri tərəfindən inventarlaşdırılmış, qiymətləndirilmiş əmlakın bölgüsü ilə əlaqədar 20 iyul 2001-ci il tarixdə atılmış püşklər cədvəlində 200000 manat dəyərində qiymətləndirilmiş tütün sarayından 8 nəfər kənd sakini pay alacaq subyektlərin siyahısında olduğu halda Qax rayonu Meşəbaş kəndində yerləşən tütün sarayı və sarayın yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması barədə çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. Bundan başqa, ərizədə və iddia ərizəsində göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı Qax rayonu Qax ingiloy kənd “Nizami” adına kolxozun əmlakının hesablanması və bölgüsünün aparılması barədə Qax rayon Aqrar İslahat Komissiyasının hər hansı qərarının olmadığı və iddia edilən əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli iddiaya qarşı münasibəti.

3. Qax Rayon Dövlət Arxivinin xx.xx.2014-cü il tarixli 42 nömrəli arxiv çıxarışı.

4. Qax İngiloy kənd “Nizami” adına kolxozun xx.xx.2001-ci il tarixli protokolunun arxiv nüsxəsi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qax rayonu Meşəbaş kəndində yerləşən tütün sarayı və sarayın yerləşdiyi 0.3175 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır.İddiaçı, tələbini sözügedən torpaq sahəsinin Qax rayonu keçmiş “Nizami” adına kolxozun X11 Komisiyasnın xx.xx.2001-ci il tarixli qərarına əsasən ayrılması ilə əsaslandırır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X11ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Aqrar islahatın əsasları haqqında” Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, bir qayda olaraq, elmi tədqiqat və tədris müəssisələri, onların təcrübə bazaları; baytarlıq və bitki mühafizəsi obyektləri cins toxumçuluq və damazlıq təsərrüfatları, balıqartırma müəssisələri; təbiəti mühafizə obyektləri, qoruqları mühüm heyvandarlıq və quşçuluq kompleksləri, emal müəssisələri, meliorasiya və su təsərrüfatı obyektləri, kənd təsərrüfatı maşınları istehsalı və təmiri müəssisələri, maşın-sınaq stansiyaları və dövlət əhəmiyyətli digər obyektlər saxlanılır. Həmin Qanunun 8-ci maddəsinə əsasənSosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir.Bu zaman: səhiyyə, bədən tərbiyəsi və idman obyektləri, uşaq bağçaları və körpələr evi, ümumtəhsil məktəbləri və digər obyektlər birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır və ya bələdiyyə mülkiyyətinə verilir; kommunal təsərrüfat, istilik və su sistemləri, məişət xidməti, ticarət, ictimai iaşə obyektləri satılır və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətdə qalır, yaxud bələdiyyə mülkiyyətinə verilir; mənzillər (evlər) mənzillərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada kirayəçilərin mülkiyyətinə verilir. İddiaçı, tələbini sözügedən əmlak paylarının Qax rayon Qax-İngiloy kənd keçmiş “Nizami” adına kolxozun xx.xx.2001-ci il tarixli ümumi yığıncaq protokolunun Qərarına əsasən ayrılması ilə əsaslandırır.Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçıya həmin əmlak payların əsasında mülkiyyət hüququnun yaranmasına əsas olan şəhadətnamə verilməmişdir.Belə ki, “əmlak pay haqqının verilməsi barədə” Aktlarda da qeyd olunur ki,bu akt Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasdır.Göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış binası və torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün həmin payçılara müvafiq Şəhadətnamələr verilməli idi.İddiaçı o sənədləri payçılardan alqı-satqı qaydasında əldə etdiyi halda müvafiq hüquqmüəyyənedici sənədə malik olardı.İndiki halda nə iddiaçıya,nə də digər payçılara Şəhadətnamə verilməmişdir.İddiaçının əmlak paylarından istifadə etməsi, ona həmin əmlak paylarına mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Beləliklə, Qax rayon Qax-İngiloy kənd keçmiş “Nizami” adına kolxozun xx.xx.2001ci il tarixli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı və qeyrilərinə əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayonu Meşəbaş kəndində yerləşən tütün sarayını və sarayın yerləşdiyi 0.3175 ha torpaq sahəsini iddiaçının adına vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar