Məhkəmə qərarları › İş №2-1(116)-473/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-473/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-473/2020 12.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X9 qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı “Yevlax şəhər X6 Rəyasət Heyəti tərəfindən verilmiş 27.04.1994-cü il tarixli 37 nömrəli qərarın ləğv edilməsi”tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax şəhər X6 Rəyasət Heyəti tərəfindən verilmiş 27.04.1994-cü il tarixli 37 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 2005-ci il 05 yanvar tarixli 1 nömrəli Qərarına əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər yolu Gürcüstan Respublikası ilə həmsərhəd olan avtomobil yolu respublika əhəmiyyətli, M-6 indeksli (286 km) avtomobil yoludur və İddiaçı balansındadır. Azərbaycan Respublikası Avtomobil yolları haqqında Qanunun 13-cü maddəsinə əsasən avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün ayrılmış zəruri torpaq sahəsidir. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun (Azərbaycan Avtomobil Yollar dövlət Agentliyi nəzərdə tutulur) razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Cavabdeh etirazında bildirmişdir ki, X5 Yevlax şəhər X6 Rəyasət Heyəti tərəfindən verilmiş 27 aprel 1994-cü il tarixli 37 nömrəli Qərar, avtomobil yolunun ox hissəsinin 20 metr məsafədə olmaqla yolun mühafizə zolağını zəbt etdiyini əsaslandırmağa çalışmışdır. İddiaçı iddia ərizəsində göstərir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin" Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında “2005-ci il 05 yanvar tarixli 1 nömrəli Qərarına əsasən Kürdəmir-Ucar- Yevlax-Tərtər yolu Gürcüstan Respublikası ilə həmsərhəd olan avtomobil yolu respublika əhəmiyyətli, M-6 indeksli (286 km) avtomobil yoludur və İddiaçı balansındadır. Qeyd edir ki, Yevlax rayonu , Aşağı Qarxun kəndi, Bakı Qazax şosesi, 272-ci km-nin sol tərəfində 0.1173 ha xüsusi mülkiyyəti olan torpaq sahəsi vardır. Torpaq sahəsinin üzərində xüsusi mülkiyyəti olan Yanacaq Doldurma və maye qaz satışı Məntəqəsi təyinatlı qeyri yaşayış binası yardır. Həmin xüsusi mülkiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Yanacaq Doldurma və maye qaz satışı Məntəqəsinin 02 iyul 2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportu vardır. X1 neft məhsullarının satışı və maye qaz satışının pərakəndə ticarəti həyata keçirilirdi. Qeyd edir ki, neft məhsullarının satışı üçün lisenziya (xüsusi razılıq) alınmışdır. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərkibində olan "xxxx" ASC-yə ünvanladığı müraciətə 18.06.2015-ci il tarixli 1-4/ 14-3440 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən bərpası və dörd zolaqlı yola təkmilləşdirilməsi layihəsinin Yevlax rayonu, Aşağı Qarxun kəndi inzibati ərazisində yerləşən, X5 məxsus yanacaq doldurma məntəqəsinə aid torpaq sahəsindən yalnız reklam lövhəsi və 2.57 sotu yolun tikintisi altına düşmüşdür. Həmin torpaq sahəsinə təzminat hesablanması istiqamətində işlər aparılır və bu barədə əlavə məlumat veriləcəyi göstərilir. Əvvəlcə qeyd edir ki, Yanacaq Doldurma və maye qaz satışı Məntəqəsi təyinatlı qeyri yaşayış binası olan mülkiyyəti Azərbaycan Respublikası Dövlət Əmlak Dövlət Komitəsinin 28 mart 1997-ci ildə keçirdiyi auksion hərrac vasitəsi ilə özəlləşdirildikdən sonra həmin məntəqənin notarius vasitəsi ilə alqı-satqısı həyata keçirilmiş və o, üçüncü alıcı olmuşdur. Zəbt olunmuş torpaq sahəsinə kompensasiya alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin iş Şəki İnzibatı Məhkəməsində baxılır. Zəbt olunmuş torpağla bağlı məhkəməyə müraciət etdikdən sonra indiki İddiaçı 01 mart 2017- ci il tarixli J-3/16-1310 saylı məktubla əmlakın yolun tikintisi altına düşən hissəsinə dəymiş ziyana görə 3500 manat kompensasiya hesablandığını bildirmiş və bu barədə 2015-ci il 31 iyul tarixli bildirişin qeydiyyatda olduğu ünvana göndərildiyini qeyd etmişdir. Həmin dövrdə İddiaçı tərəfindən ona dəymiş zərərin böyük olduğunu və hüqüqularının pozulduğunu qeyd edərək, əslində yolun mühafizə zolağının onun mülkiyyətinin ərazisini 2.57 sotunu deyil, çox hissəsinin zəbt etdiyini bildirmişdir və məntəqənin köçürülməsinin zəruri olduğu üçün kompensasiya verilməsi iddiasını irəli sürmüşdür. Bundan sonra İddiaçı ekspertiza keçirilməsi haqqında məhkəmə qarşısında vəsatət qaldırmışdır. Hal-hazırki işdə iddiaçı olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə və X5 qarşı “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax rayon Məhkəməsi 06.08.2019-cu il tarixli 2 (039)-1545/2019 saylı qətnamə qəbul edərək “İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon Ərazi İdarəsinə və X5 qarşı “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddiasının" rədd edilməsi haqqında qətnamə qəbul etmişdir. Yevlax rayon Məhkəməsinin Qərarı ilə razılaşmayan, müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışan İddiaçı Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 18.12.2019-cu il tarixdə 2(107)-3187/2019 saylı Qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul etməmək haqqında qərar qəbul etmişdir. Qərarda Yevlax rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli 2(039)-1545/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını qeyd etmişdir. İddiaçı göstərilən yolda iki dəfə əsaslı təmir və yenidənqurma işləri aparmış, bundan başqa hər il cari təmirlə məşğul olmuşdur, yolun xəritəsi dəyişmişdir. Hal hazırkı işdə Yevlax şəhəri X10 Yevlax rayonlararası X2 İstismar İdarəsinə torpaq sahəsi ayırarkən bütün idarələrdən razılaşdırıldıqdan sonra Qərar çıxarırdı. Bütün müvafiq idarələrdən alınmış razılıq əsasında çıxarılmış Qərardan sonra tikintiyə başlanmışdır. Qeyd edir ki, sərəncam verilərkən Yevlax rayonlararası X2 İstismar İdarəsinə Bakı - Yevlax magistral yolunun 272 km məsafəsində Ağcaqovaq kəndinə gedən yolun üstündə Ağ neft satış məntəqəsi üçün yer ayrılması haqqında qərar vermişdi. Sərəncamdan göründüyü kimi məntəqə kənd yolunun üstündə tikililmişdir. Yol yenidənqurulma, rekonstruksiya və əsaslı təmir olunan zaman yanacaq doldurma məntəqəsinin ərazisini zəbt edərək yolun mühafizə zolağına salınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında üçüncü şəxs iddianı təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırkı işdə mübahisə olunan Yevlax şəhər X6 Rəyasət Heyəti tərəfindən verilmiş 37 nömrəli qərar 27.04.1994-cü il tarixdə qəbul olunmuşvə həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İddiaçı Cavabdehnə (üçüncü şəxs X7) qarşı “Yevlax şəhər X6 Rəyasət Heyəti tərəfindən verilmiş 27.04.1994-cü il tarixli 37 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar