Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-503/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1854/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, İddiaçı ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-1854/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi, İddiaçı ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki rayonu Qoxmux Bələdiyyəsinin 01 mart 2023-cü il tarixli 04 nömrəli qərarının icrası ilə əlaqədar Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciət edilmiş və Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2023-cü il tarixli rəyi ilə alınaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanmışdır. İddiaçı Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2023-cü il tarixli rəyi alındıqdan sonra həmin 0 12 ha torpaq sahəsinə yerqruluşu planın hazırlanması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələb təmin edilməmişdir. Cavadehin iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahəsinin elektron baza kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin məsləhətçisi X1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinin Yerquqluşunun təşkili şöbəsinin yerquruluşu üzrə mühəndisi X2 və Qoxmuq bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə İddiaçı ərazisində olan 0,12 ha torpaq sahəsinə 05 iyun 2023-cü il tarixdə keçirilmiş baxışla Şəki rayonu, Qoxmuq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin “DWG” yəni, mülkiyyətə verilən torpaqların elektron yerquruluşu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edildiyindən yerquruluşu planının hazırlanması ilə bağlı imtina məktubu verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. Şəki rayon Qoxmuq Bələdiyyəsi xx.xx.2022-cı il tarixli 13 saylı iclas protokolunun surəti,
2. Şəki rayon Qoxmuq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 04 saylı iclas protokolunun surəti,
3. Şəki rayon Qoxmuq Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 222 nömrəli arayışı,
4. Şəki şəhər İcra Hakimiyyətinin Başçısı aparatının xx.xx.2023-cü il tarixli rəyi
5. 195 inventar nömrəli xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasport”un təsdiq edilmiş surətindan görünür ki, Şəki rayon Qoxmuq kəndində olan fərdi yaşayış evinin texniki göstəriciləri qeyd edilmişdir.
6. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X4 surətindən görünür ki, Şəki rayon Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur.
7. A seriyalı 172329 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1171.52 kv.m torpaq sahəsi X6 adına verilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, Torpaq sahəsinin DWG və TEKUİS bazasında və faktiki olaraq yerləşmə vəziyyəti ,döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Torpaq sahəsi faktiki 608 kv.m olub TEKUİS (X5 X9) baza məlumatlarında yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaqları kimi göstərilmişdir. Sözü gedən torpaq sahəsinə qonşu olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədi və nömrəsi elektron məlumat bazasında qeydə alınmış və tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı bələdiyyə ərazisində yerləşən,bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir.Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən ilkin olaraq yerquruluşu planının hazırlanması zəruri olduğundan həmin tələblə bağlı müraciət edilmişdir. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,qeydə alınması tələb olunan torpaq sahəsinin faktiki istifadə vəziyyəti və təyinatı ilə bağlı araşdırma aparılmışdır.Müəyyən edilir ki,TEKUİS-ə əsasən həmin torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi olmaqla həyətyanı torpaqları kimi istifadə edilir.Digər tərəfdən həmin torpaq sahəsinə bitişik torpaq sahələri üzərində cavabdeh orqan tərəfindən mülkiyyət hüququ qeydə alınmış və çıxarış verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində iddia olunan Torpaq sahəsi faktiki 608 kv.m olub TEKUİS (X5 X9) baza məlumatlarında yaşayış məntəqəsi torpaqları daxilində bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaqları kimi göstərilmişdir . Odur ki,aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia əsaslıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu: 4.0.3 yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 24.Bələdiyyə torpaqlarının monitorinqinin, torpaq kadastrının və yerquruluşu işlərinin aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə :
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.