Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-576/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 3,59 ha torpaq sahəsinin 2,89 ha hissəsinin iddiaçının və həyat yoldaşı X16, X17, X14, X11 adına, mərhum X2 və X12 Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 1,32 ha torpaq sahəsinin 1,12 ha hissəsinin onlara məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixili məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə təqdim edərək, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 2,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində isə ümumi birgə mülkiyyət hüququnun mərhum X2 və X12 məxsus olması barədə arayışın verilməsi tələbinən dəqiqləşdirmə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “Qax rayon X13 xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə Qax rayonu Əmircan kəndində islahat aparılmış və hər bir subyektə 0,66 ha pay torpaq sahəsi verilmişdir. İddiaçıya və ailə üzvülərinə 3.59 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi hazırda onların istifadəsindədir. 3.59 ha torpaq sahəsinin 0.70 ha hissəsini çöl torpaq sahəsindən qalan hissəsi isə dədə-baba bağlarından verilmişdir. Bundan əlavə mərhum X5 və mərhum anam X12 isə 1.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.20 ha hissəsi çöl torpaq sahəsindən qalan hissəsi isə dədə- baba bağlarından verilmişdir. Torpaq sahələrinin vergilərini iddiaçı ödəyir. Lakin həmin fındıq bağının hüquqi sənədi iddiaçıya verilməmişdir. İddiaçının atası H.Mahmudov xx.xx.2011-ci il tarixdə, anası Ayna Mahmudova isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.İddiaçının mərhum atasından və anasından miras qalmış əmlakı iddiaçı istifadə və idarə edir. Miras əmlakla bağlı digər vərəsələrin heç bir mübahisəsi yoxdur. Hazırda iddiaçı həmin torpağa verilən subsidiyadan istifadə edə bilmir. Belə ki, torpağın hüquqi sənədi olmadığından subsidiya verilmir. Lakin torpaq sahəsini faktiki istifadə edir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək torpaq sahəsinə çıxarış verilməsini xahiş etdi. Cavabdeh isə əsassız olaraq müraciətindən imtina etmişdir. Cavabdeh AİK-sı aparılarkən zəbt torpaq sahəsinin pay torpaq sahəsindən hansı əmsalda çıxılması barədə məlumat olmadığını bildirmişdir. Lakin zəbt torpaq sahəsi yoxdur. Belə ki, həmin fındıq bağı da məs AİK-nın qərarı iddiaçı və ailə üzvlərinə verilmişdir. Fındıq bağları isə cavabdeh orqanın elektron bazasında mövcuddur. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ona və ailə üzvlərinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 3.59 ha torpaq sahəsinin 2.89 ha hissəsini onun və ailə üzvlərinə, mərhum atası X3 və mərhum anası X12 Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 1.32 ha torpaq sahəsinin 1.12 ha hissəsinin onlara məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya qarşı öz münasibətimizi yazılı şəkildə məhkəməyə bildirmək tələbinizə dair sərəncama Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla baxılmışdır. xx.xx.2024-cü il tarixli, 2-1(116)-2307/2024 nömrəli sərəncama əsasən iddiaya qarşı rəsmi münasibət olaraq bildiririk ki, vətəndaş İddiaçı 03 iyul 2023-cü il tarixdə ərizə ilə (daxilolma N-si 3-21-3-39/1-A-0069-8/2023) DƏDKR PHŞnin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Qax rayonu Əmircan kəndində yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahələrinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, X6 və 1 nəfər ailə üzvünün adına Qax rayonu, Əmircan kəndində 0.20 ha pay torpaq sahəsinə kod 40310018, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.25 ha həyətyanı torpaq sahəsinə kod 40310018, JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 110-cu sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmişdir, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 7-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmişdir. Qeyd olunan təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən sözügedən ailəyə verilməli torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmadığından ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-M-0069-8/2023 N-li imtina məktubu verilmişdir. Hüquqların dövlət qeydiyyatından imtina məktubunda vətəndaşa daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10- cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu ödənilərək müayinə ölçü işlərinin aparılması təmin edildikdən sonra qeydiyyata alınacaq torpaq sahəsi magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında yerləşməzsə hüquqların dövlət qeydiyyatının aparılmasına qanunvericiliyin tələblərinə uyğun baxılacağı və inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı və ailə üzvlərinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 3.59 ha torpaq sahəsinin 2.89 ha hissəsini üzərində iddiaçının ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış, torpaq sahəsinin planı və ölçüsünün, mərhum X3 və X12 Qax rayon Aqrar İslahat həmin qərarı ilə verilmiş 1.32 ha torpaq sahəsinin 1.12 ha hissəsinin ölmüş şəxslərə məxsus olması barədə arayışın verilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır” Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • Cavabdehin xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • 339 nömrəli Əmlakdan pay haqqının verilməsi barədə Aktın surəti. • Qax rayon Əmircan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 64 nömrəli arayışının surəti. • AZ-İ 134683 nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti. • AZ-İ 419375 nömrəli Ölüm haqqında Şəhadətnamənin surəti • Qax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 212 və 211 nömrəli arxiv arayışlarının surəti. • Qax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunun surəti. • 09.01.2011-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surəti. • 2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surəti. • MA ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Qax rayonu Əmircan kəndində yerləşən 0,2 ha torpaq sahəsi X1 mülkiyyətindədir. • Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surəti. • JN-0110 KOD 40310018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Akıtının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə X6 və X7 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. • JN-0111 KOD 40310018 seriya nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Akıtının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı Hamzat oğlu və ailə üzvlərinin mülkiyyətinə 0,70 ha torpaq sahəsi verilmişdir. • JN-008F KOD 40310018 seriya nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı Hamzat oğlu və ailə üzvlərinin mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. • JN-007F KOD 40310018 seriya nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 09 saylı qərarı ilə X4 mülkiyyətinə 0,25 ha torpaq sahəsi verilmişdir. • Kadastr və Yerquruluşu Layihə-X18 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunun surəti • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-6098/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Mütəxəssis qarşısına qoyulmuş sualları araşdırmaq məqsədi ilə qeyd olunan ərazidə olmuş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Aparılmış ölçmə işləri kameral şəraitdə ortofoto və təsərrüfatın xəritə materiallarından istifadə edərək baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi. Naturada göstərilən torpaq sahəsi 43635 kv.m olub döngə nöqtələri,koordinatları yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid (TEKU S məlumat bazasına əsasən uqodiyası-çoxillik əkmələr.DWG faylına əsasən uqodyası çoxillik əkmələr) olmaqla Əmircan bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir.lddiaçının bildirdiyinə görə həmin torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair ortofoto xəritəsindən çıxarış təqdim edilir. • Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ Kadastr və Yerquruluşu Lyihə- Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2025-i il tarixli məktubuna əlavə edilmiş Qax rayon Qələbə kolxozunun Əmircan kəndində torpaq payı alan subyektlərin siyahısından xüsusi görünür ki, X4 adına torpaq sahəsi verilmişdir. • Əmircan bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 17 saylı iclas protokolunun surəti. Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı iki hissədən ibarətdir: Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 2,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin; 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X2 və X12 məxsus olması barədə arayışın verilməsi. Cavabdehin imtinasının əsası kimi islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığına və ailəyə verilməli torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün edilmədiyinə istinad etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İş üzrə müəyyən edilir ki, X6 və 1 nəfər ailə üzvünün adına Qax rayonu, Əmircan kəndində 0.20 ha pay torpaq sahəsinə kod 40310018, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.25 ha həyətyanı torpaq sahəsinə kod 40310018, JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-6098/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “mütəxəssis qarşısına qoyulmuş sualları araşdırmaq məqsədi ilə qeyd olunan ərazidə olmuş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Aparılmış ölçmə işləri kameral şəraitdə ortofoto və təsərrüfatın xəritə materiallarından istifadə edərək baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi. Naturada göstərilən torpaq sahəsi 43635 kv.m olub döngə nöqtələri, koordinatları yerqurluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid (TEKUS məlumat bazasına əsasən uqodiyası-çoxillik əkmələr.DWG faylına əsasən uqodyası çoxillik əkmələr) olmaqla Əmircan bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. İddiaçının bildirdiyinə görə həmin torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair ortofoto xəritəsindən çıxarış təqdim edilir.”. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, hazırkı halda daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.25 ha həyətyanı torpaq sahəsinə kod 40310018, JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə çıxış edir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumatın olmaması və torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmadığı iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.”. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 110-cu sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmişdir, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 7-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsi olduğu göstərilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasında sadalanan hallar iddiaçının iradə ifadəsindən asılı olmayan hallardır. İddiaçıya münasibətdə JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN-007F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquqi qüvvəsini saxladığı halda bu hüquqmüəyyənedici sənədləri nəzərə almadan, yalnız yuxarıda göstərilən əsaslarla iddiaçının müraciətindən imtina edilməsi qanuni sayıla bilməz. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci və 22.2-ci maddələrindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən edilməyən əsasla iddiaçının hüququnun qeydə almaqdan imtina etmişdir. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə verilmiş 2,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun mərhum X2 və X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-576/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-576/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver