Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-607/2024 21.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ləğv edilməsini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “öz istəyi ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ləğv edilməsini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “öz istəyi ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmri ilə intizam tənbehi alaraq ədliyyə orqanlarından xaric edilmiş və müdafiə nazirinin sərəncamına qaytarılmışdır. İddiaçı hazırki ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401 -K əmrinin ləğv edilməsini,əmək müqaviləsinə “Öz istəyi ilə” xitam verilməsini Məhkəmədən xahiş edir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı müvafiq əmrlə xx.xx.2018-ci il tarixdə ədliyyə orqanlarında daimi qulluğa qəbul olunmuşdur Hərbi qulluqçu kimi ədliyyə nazirinin sərəncamına ezam olunması nəzərə alınaraq, 14 saylı cəzaçəkmə müəssisəsi Tıbbsanıtar hissəsinin həkim-psıxıatr-narkoloqu vəzifəsinə müsahibədən kənar təyin edilmişdir. Baş idarədə hərbi qulluq nəzərdə tutulmadığından ona müdafiə naziri tərəfindən verilən rütbəyə uyğun tibb xidməti leytenantı xüsusi rütbəsi verilmişdir. 16.10 2020-ci il tarixdən tibb xidməti baş leytenantı xususı rütbəsində olmuşdur. Penitensiar müəssisələrdə mövcud vəziyyətlə bağlı həkim-mütəxəssislərə cıddı ehtiyac olduğu nəzərə alınaraq İddiaçı qulluq keçməsinə xitam verilməsi barədə etdiyi müraciətinə "məsələyə hazırda baxılmasının mümkün olmadığı’' məzmunlu cavab verilmiş, lakin o, qanunvericiliyin tələblərini və onunla bağlanılmış müqavilə şərtlərini, o cümlədən üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozaraq xəstə məhkumlara kömək etməyə borclu olduğu halda işə gəlməyərək digər əməkdaşların işını çətinləşdirmiş, ış yükünün artmasına və ümumilikdə qurumda iş ahənginin pozulmasına səbəb olmuşdur. Əmək intizamını və etik davranış qaydalarının tələblərini pozduğuna görə 17 04.2023-cü il tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Lakin o. intizam tənbehindən lazımı nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməmiş və xidməti intizamı kobud və mütəmadi pozduğuna görə 03.08 2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı hərbi və şəxsi işindən görünür ki. o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamışdır və həqiqi hərbi xidmətdə hesab olunduğu üçün və onun həqiqi hərbi xidmət müddəti 10 ildən az olduğundan və ehtiyata buraxılması uçun əsaslar mövcud olmadığından ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamına geri qaytarılmışdır.Cavabdeh etiraz məktubunda iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə teleqram göndərərək məhkəmə prosesində iştirak edə bilməyəcəyindən işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 502-K nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 14 saylı cəzaçəkmə müəssisəsi Tibbi-sanitar hissəsinin həkim-psixiatr narkoloqu vəzifəsinə müsahibədən kənar təyin edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli 422-K nömrəli Çıxarışının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 14 saylı cəzaçəkmə müəssisəsinə baş leytenantı xususı rütbəsi verilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 24-K nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı şiddətli töhmət verilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli Əmrinin təsdiqlənmiş surətindən görünür ki, 14 saylı cəzaçəkmə müəssisəsi Tibbi-sanitar hissəsinin həkim-psixiatr narkoloqu tibb xidməti baş leytenant İddiaçı ədliyyə orqanlarından xaric edilərək Azərbaycan Respublikası Musafiə nazirinin sərəncamına qaytarılmışdır.
5. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti.
6. xx.xx.2018-ci il tarixli Əmək müqaviləsinin surəti.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 130s nömrəli, xx.xx.2009-cu il tarixli sərəncamının surəti.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, əmrin ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixində məhkəməyə vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin onun barəsində hissəsinin dəyişdirilərək “öz arzusu ilə” ədliyyə orqanlarından azad olunmasından ibarətdir. İddiaçı ilə inzibati orqan arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki,iddiaçı 10 təqvim ili müddətində ədliyyə orqanlarında işləmək öhdəliyini üzərinə götürmüşdür. Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin xx.xx.2023-cü il tarixli 24-K nömrəli əmrindən görünür ki, iddiaçı xidməti dövründə əmək intizamı və etik davranış qaydalarını pozaraq fəaliyyətində yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilərək ona “şiddətli töhmət" verilmişdir.İş materiallarından görünür ki,həmin əmr mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. M a d d ə 31. İntizam məsuliyyətinin növləri 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. M a d d ə 40. Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmə əsasları 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə; 40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 40.1.9. bu Qanunun 4.6-cı maddəsində göstərilən hal aşkar edildikdə; 40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda; 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; 40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda. “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”: 6.1.5. Tibb xidmətinin əməkdaşı: penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə davranışda tibb işçiləri üçün ümumqəbul olunmuş deontologiya qaydalarına ciddi əməl etməklə yanaşı, azadlıqdan məhrum etmə yerlərinin spesifik xüsusiyyətlərini nəzərə almalıdır; penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə davranışda onlara hər-hansı bir səbəbdən ayrı-seçkilik qoymadan öz peşə etikası çərçivəsində tibbi xidmət göstərilməsini təmin etməli, onların fiziki və psixi sağlamlığının qayğısına qalmalıdır; həkim sirrinin saxlanılması və xidməti fəaliyyəti ilə əlaqədar malik olduğu məlumatların yayılmaması üzrə ümumi qaydalara əməl etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının intizam tənbehindən lazımı nəticə çıxarmayaraq qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirmədiyi və xidməti intizamı kobud və mütəmadi pozduğu müəyyən edilirş Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 401-K nömrəli əmrinin ləğv edilməsini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “öz istəyi ilə” xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə