Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-618/2022 01.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarı ilə fərdi mənzil tikintisi üçün mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 28.11.2007-ci ildə ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət edərək, "Nur" şadlıq sarayının arxasında yerləşən, uzun müddətdir ki, bağ kimi istifadə etdiyi 300 kv.m torpaq sahəsinin fərdi mənzil tikintisi üçün ona verilməsini xahiş etmiş, ayrılmış sahədə çəkiləcək kommunikasiya xətlərinin (su, qaz, işıq, kanalizasiya) çəkilişinin öz vəsaiti hesabına həyata keçirəcəyini qeyd etmişdir. Bələdiyyənin "Ərazi, torpaq və memarlıq məsələləri" komissiyası 28.11.2007-ci il tarixli məktubla Mingəçevir Bələdiyyəsinə müraciət edərək, onlar tərəfindən əraziyə baxış keçirildiyini, qeyd olunan ərazidən 300 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsinə şəraitin olduğunu və torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi 29.11.2007-ci il tarixli məktubla Mingəçevir Bələdiyyəsinə müraciət edərək, İddiaçı mənzilə olan ehtiyacını ödəmək məqsədilə 300 kv.m torpaq sahəsinin fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarına əsasən, Naxçıvan küçəsi 36 mənzil 4-də yaşayan səhər sakini İddiaçı uzun müddət bağ kimi istifadə etdiyi Az.DRES qəsəbəsi "Nur" şadlıq sarayının arxasındakı ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 300 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Mingəçevir Bələdiyyəsi ilə İddiaçı arasında 0,03 ha torpaq sahəsinin alqısatqısına dair akt tərtib edilmiş və 26.12.2008-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsində 428 nömrəsi ilə qeydiyyata alınmışdır. Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarına istinadən, fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına A-159822 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 10.08.2009-cu ildə 1981 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona satılmış 0,03 ha torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu 12.11.2021-ci il tarixli **********86 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 29.11.2007-ci il tarixli qərarı, eləcə də "Torpaq sahəsinin alqı-satqısına dair akt"ı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Bundan sonra iddiaçı Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli qərarı ilə ona satılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, o, torpaq sahəsinin ayrılması üçün Mingəçevir Bələdiyyəsinə müraciət etdiyindən, həmin müraciət əsasında Mingəçevir Bələdiyyəsinin qərarı ilə ona torpaq sahəsi satıldığından, habelə bələdiyyə qərarının qəbul edilməsinə qədər olan proseslər onun vəzifələrinə aid edilmədiyindən torpaq sahəsi onun adına qeydə alınıb çıxarış verilməlidir. Cavabdeh məhkəməyə göndərdiyi 22.12.2021-ci il tarixli **********20 nömrəli etirazında imtina məktublarının dəlillərinə istinad etmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarından görünür ki, Naxçıvan küçəsi 36 mənzil 4-də yaşayan səhər sakini İddiaçı uzun müddət bağ kimi istifadə etdiyi Az.DRES qəsəbəsi "Nur" şadlıq sarayının arxasındakı ərazidən baş planda göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 300 kv.m torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Mingəçevir Bələdiyyəsi ilə İddiaçı arasında 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və 26.12.2008-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsində 428 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, A-159822 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarına istinadən, fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi ilə bağlı İddiaçı adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və 10.08.2009-cu ildə 1981 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, cavabdehin 12.11.2021-ci il tarixli **********86 nömrəli imtina məktubundan görünür ki, Mingəçevir Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 29.11.2007-ci il tarixli qərarı, eləcə də "Torpaq sahəsinin alqısatqısına dair" aktı "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanununun, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə ziddir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, iddiaçının tələbi 0,03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satılmalı olduğu halda, iddiaçıya sözügedən torpaq sahəsinin hərracdan kənar qaydada satılması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanununun 9.1-ci maddəsinin ilkin redaksiyasında deyilirdi ki, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 23.10.2007-ci il tarixli 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: "9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər." Deməli, əvvəlki redaksiyada bələdiyyə torpaqlarının həm bilavasitə, həm də torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla biləcəyi nəzərdə tutulduğu halda, sonrakı redaksiyada torpaq sahələrinin yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla biləcəyi nəzərdə tutulmuşdur. Müəyyən edidli ki, "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tarixi 23.10.2007-ci il olsa da, həmin Qanun 30.11.2007-ci ildə qüvvəyə minmiş və həmin günədək "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin əvvəlki, yəni torpaq sahəsinin bilavasitə satılmasına icazə verən redaksiyası qüvvədə olmuşdur. İddiaçı torpaq sahəsinin satılması barədə Mingəçevir Bələdiyyəsinin qərarı da məhz həmin müddət ərzində 29.11.2007-ci ildə qəbul edilmişdir. Həmin vaxt bələdiyyələrin torpaq sahəsini həm torpaq hərracları və ya müsabiqələri vasitəsilə, həm də bilavasitə satmaq səlahiyyəti olmuşdur. Belə olan halda, Mingəçevir Bələdiyyəsinin göstərilən qərarı qanunvericiliyə uyğun olmuşdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh 17 saylı Yevlax Ərazi İdarəsi Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,03 ha torpaq sahəsinə onun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Mingəçevir Bələdiyyəsinin 29.11.2007-ci il tarixli 41/5 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-618/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-618/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver