Məhkəmə qərarları › İş №2-1(116)-650/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-650/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-650/2021 22.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmrinin ona aid hissdə ləğv edilməsi, Fondun 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı məhkəməyə müraciət edərək onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair Fondun idarə heyətinin sədri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmrinin ikinci bəndinin ona aid hissdə ləğv edilməsi, Fondun 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1989-cu il tarixdə İsmayıllı rayon Sosial təminat şöbəsinə məsləhətçi vəzifəsinə qəbul edilmiş, 1993-1995-ci illərdə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixə kimi həmin Nazirliyin İsmayıllı rayon şöbəsində müxtəlif vəzifələrdə çalışmış və həmin tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin baş mütəxəssisi vəzifəsində təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu idarə heyəti sədrinin **********3 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ikinci bəndi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 4.11.11-ci yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsistemində əlilliyi dayandırılmış vətəndaşlara pensiya ödənişini davam etdirməklə əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində Fondun qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə Fondun 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin baş mütəxəssisi vəzifəsindən azad edilmiş və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əsas kimi Fondun idarə heyətinin sədrinin xx.xx.2021-ci il tarixli **********2 nömrəli, xx.xx.2020-ci il tarixli **********1 nömrəli və Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdirinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli xidməti məruzələri, Nazirliyin Bakı şəhəri üzrə X1 Komitəsinin razılıq məktubu, İddiaçı izahatı göstərilmişdir. İşdən azad edilməyinə dair ona heç bir məlumat verilməmiş, xx.xx.2021-ci il tarixə kimi əmək funksiyalarını yerinə yetirmişdir. xx.xx.2021-ci il tarixdə İsmayıllı rayon qəbul şöbəsinin müdiri telefon vasitəsilə işdən azad olunduğunu bildirmiş, xx.xx.2021-ci il tarixdə isə elektron informasiya sisteminə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu idarə heyəti sədrinin adından, imzası olmayan **********3 nömrəli, xx.xx.2021-ci il tarixli əmr yerləşdirilmişdir. xx.xx.2021-ci il tarixli sifarişli məktubla cavabdehə müraciət edib xx.xx.2021-ci il tarixli əmrin surətinin və əmək kitabçasının, xx.xx.2021-ci il tarixli sifarişli məktubla isə digər zəruri sənədlərin ünvanına göndərilməsini xahiş etmişdir. Göstərilən sənədlər ona verilməmişdir. İddiaçı bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İsmayıllı rayon şöbəsində 32 il qüsursuz işləmiş, iki dəfə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuş, heç bir intizam tənbehi almamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxslə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlamışdır. xx.xx.2020-ci il tarixli **********7 nömrəli əmr əsasında İsmayıllı rayon filialında xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təyin edilmiş pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların təyinatının qanunauyğunluğunun yoxlanılması məqsədilə işçi qrupu yaradılmış, əmrə əsasən yoxlama xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək dövrü əhatə etməsinə baxmayaraq, qərəzli olaraq 2014-2017-ci illər də yoxlanılmış və həmin dövrə aid güzəştli şərtlərlə təyin edilmiş 6 pensiya işi ləğv edilmiş, 4 pensiya işi üzrə yenidən baxılması qənaətinə gəlinmişdir. Hazırda hüquqları məhdudlaşmış həmin şəxslər bununla razılaşmamış və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Araşdırmanın yekunlarına dair arayışın 13-cü bəndində Əlillik altsistemində əlilliyi etibarsız hesab olunmuş pensiya işləri üzrə 276.103,77 manat artıq ödənilmiş məbləğ göstərilmişdir. İddiaçı hesab edir ki, bu əlilliyi etibarsız hesab edilən tarixə kimi olan dövrə aid olduğu üçün onun günahlandırılmağı tam əsassızdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə nizamnaməsi təsdiq edilmişdir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. İddia ərizəsində istinad edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin tarixindən də göründüyü kimi cavabdehlə yeni əmək müqaviləsi artıq Fond publik hüquqi şəxs olduqdan sonra bağlanmışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmələr tərəfindən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Hazırkı iddia üzrə cavabdeh inzibati akt qəbul etmək səlahiyyətinə malik orqan olsa da, Fondla aralarında yaranan əmək münasibətləri dövlət qulluğu deyil ümumi əmək hüquq münasibətlərinə aiddir və iddiaçı dövlət qulluqçusu hesab edilmir. Odur ki, hazırkı iddia tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. İddiaçıya İPM-in 13-cü maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş və qeyd olunan məsələyə yazılı münasibət bildirməsi təklif olunmuş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məhkəmənin eyni tarixli yardım məktubu iddiaçının vəkilinə (həmçinin nümayəndəsi) də göndərilmişdir. Məhkəmənin yardım məktubu iddaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, vəkili (nümayəndəsi) tərəfindən isə xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul olunmuş, lakin məktuba müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə bildirir ki, hər hansı əmək mübahisəsinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməsi üçün İPM-in 8.1.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin maddəyə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Sözügedən normanın hüquqi təhlili göstərir ki, əmək mübahisəsinin inzibati xarakterli sayılması və ona inzibati məhkəmələrdə baxılması üçün: 1) cavabdeh inzibati orqan olmalı; 2) iddiaçı hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır. Lakin işdən göründüyü kimi, İPM-in 8.1.3-cü maddəsinin iddia tərəfinə dair şərti iş üzrə yerinə yetirilmir. Belə ki, iş üzrə iddiaçı hakim, hərbi qulluqçu və «Dövlət qulluğu haqqında» AR Qanununun 2.1, 7.1, 9 və 14.2-ci maddələri anlamında dövlət qulluqçusu deyil, onun əvvəl tutmuş olduğu və indi bərpa olunmasını istədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda nəzərdə tutulmamışdır. Belə ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə nizamnaməsi təsdiq edilmişdir. İddia ərizəsində istinad edilən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin tarixindən də göründüyü kimi iddiaçının cavabdehlə yeni əmək müqaviləsi artıq Fond publik hüquqi şəxs olduqdan sonra bağlanmışdır. «Dövlət qulluğu haqqında» AR Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Normaların müqayisəli təhlilindən də aydın olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında yaradılmış Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi dövlət orqanı deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Başqa aidiyyət qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasındakı əmək hüquq münasibətləri mülki hüquqi xarakterli olduğundan, bu münasibətlərdən irəli gələn, o cümlədən, hazırkı işdə olduğu kimi, iddiaçının əmrin ləğvi, vəzifəyə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarət tələbinə dair mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3). Məhkəmə Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «Dövlət qulluğu haqqında» AR Qanununun 2.1, 7.1, 9 və 14.2-ci maddələri anlamında dövlət qulluqçusu, onun əvvəl tutmuş olduğu və indi bərpa olunmasını istədiyi vəzifə isə dövlət qulluğu vəzifəsi olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli **********3 nömrəli əmrinin ona aid hissdə ləğv edilməsi, Fondun 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar