Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-704/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı “xx.xx.2021-ci il tarixli müayinə aktı ləğv edilərək hüququnun yarandığı tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi^ Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı “xx.xx.2021-ci il tarixli müayinə aktı ləğv edilərək hüququnun yarandığı tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktına əsasən 2014-ci il tarixdən İİ dərəcəli əlil növü üzrə sosial müavinət təyin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının Qərarı ilə əlilik dərəcəsinin verilməməsi və sosial müavinət təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin imtinanı qeyri qanuni hesab edir və hesab edir ki, aşağıda qeyd olunanlara əsasən əlilik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İlkin müayinə diaqnozu ilə ona 2014-cü ildə ikinci dərəcə əlillik təyin edilmişdir. Göstərilən diaqnoza əsasən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş ‘"Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddia tələbinə dair etiraz məktubunu məhkəməyə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti 24.01,2007-ci ildə ilkin qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Şəxsin əlillik vəziyyəti xx.xx.2014-cü ildə təkrar qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Sonrakı dövrdə İddiaçı “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2015cı il tarixdən “Əlillik” altsistemi tərəfindən 5(beş) il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən şəxsin iştirakı olmadan elektron qiymətləndirilir. Vətəndaşın əlillik müddətinin bitdiyi xx.xx.2020-ci ildən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən 2 göndəriş (Forma-088) daxil olmuşdur: Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 0218003AAH0X nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və əsas diaqnozu təsdiq edəcək köməkçi müayinələr dəqiqləşdirilmədiyindən, “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 0218003AAJGR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və stasionar müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Qeyd edək ki, hər iki halda İddiaçı əlillik vəziyyətinin TSEK-lər tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş və qəbul edilmiş qərarlar düzgün və əsaslıdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 341/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-5. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 JST«-li Formada) qeyd edilən, hazırda da əziyyət çəkdiyi “K59.3-başqa rubrikalarda təsnif olunmayan meqakolon, dolixomeqakolon. Ağırlaşma: K65.5-bağırsaq bitişmələri, keçməməzlik ilə, periton bitişmələri, K56.6-digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi, hissəvi bağırsaq keçməməzliyi. Yanaşı xəstəliklər: K59.1-funksional ishal, ishal 6-7 dəfə. K66- peritonun digər zədələnmələri, bitişmə xəstəliyi, K91.8-həzm orqanlarının başqa rubrikalarda təsnif olunmayan, tibbi prosedurlardan sonra əmələ gələn digər pozğunluqları, postop sorulma pozğunluğu, K90.4-həzm traktının digər şöbələrinin qazanılma olmaması, hemikolektomiya (90 sm yoğun bağırsaq), R19-həzm sistemi və qarın boşluğuna aid olan digər simptomlar, ishal 6-7 dəfə, K91.3-cərrahi əməliyyatdan sonra yaranan bağırsaq keçməməzliyi, postop bağırsaq keçməməzliyi” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator- instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını hazırda aid etmək mümkün olmadı. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyini üçün tibb müəssisəsindən yeni Forma №-088 rəsmiləşdirilməlidir. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin təyini üçün əsas deyil. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı “xx.xx.2021-ci il tarixli müayinə aktı ləğv edilərək hüququnun yarandığı tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-704/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-704/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver