Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-726/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “‘İddiaçı” MMC-nin şəxsi hesab vərəqəsində yaranmış 122218.18 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə Rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 122218.18 manat artıq ödəmə məbləği yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarilması barədə ərizə ilə müraciət etmişdir. Lakin Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2020-ci il tarixili cavab məktubu ilə artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyalarını geri qaytarmaqdan imtina etmişdir. İddiaçı qeyd edir ki, "İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmənin geri qaytarılması barədə xx.xx.2020-ci il tarixli **********264700 nömrəli ərizə ilə müraciət etmişdir. İddiaçı həmçinin xx.xx.2020-ci il tarixli **********132000 nömrəli məktubla artıq ödəmənin geri qaytarılması barədə Vergilər Nazirliyinə məktubla müraciət etmişdir. Müraciətlərinə cavab olaraq xx.xx.2020-ci il tarixində **********408300 nömrəli məktubla cavab verilmiş və İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılmasından imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki. “tərəfinizdən 2019-cu il üçün əmlak vergisi bəyannaməsi təqdim edilmədiyi üçün artıq ödənilmiş vəsaitin qaytarılmasından imtina edilmişdir. Eyni zamanda 2018-ci ilin yanvar, fevral, mart, aprel, may aylarının ƏDV bəyannamələrində həll edilməmiş uyğunsuzluqların mövcud olduğu müəyyən edilmişdir ki, qeyd olunan dövrlər üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra müraciət etməyiniz tövsiyyə olunur”. Cavabdehin etirazı: İddiaçı məhkəməyə qədər həlli mümkün olan iddia tələbi üzrə üzərinə düşən vəzifələri yerinə yetirmədən və nizama salınmalı məsələləri həll etmədən birbaşa məhkəməyə mürciət etmişdir. Bekə ki, "İddiaçı" MMC xx.xx.2020-ci il tarixli **********264700 nömrəli məktubla vergi orqanına artıq ödənilmiş vəsaitin qaytarılması barədə müraciət etmiş, daha sonra xx.xx.2020-ci il tarixli **********132000 nömrəli məktubla təkrar müraciət etmişdir. Vergi ödəyicisinin hər iki müraciətinə Baş İdarədə baxılaraq xx.xx.2020-ci il tarixli **********408300 nömrəli məktubla artıq ödənilmiş vəsaitin qaytarılmasından imtina edilmişdir. Həmin məktub vergi ödəyicisinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən qeyd olunan məktub oxunmasına baxmayaraq xx.xx.2020-ci il tarixdə Məhkəməyə müraciət olunmuşdur. Halbuki xx.xx.2020-ci il tarixli imtina məktubunda imtina edilməsinin səbəbləri açıq aydın göstərilmiş və göstərilən hallar ardan qaldırıldıqdan sonra yenidən müraciət etməsi vergi ödəyicisinə tövsiyə olunmuşdur. Buna baxmayaraq indiyədək vergi ödəyicisi tərəfindən imtina məktubunda göstərilən hallar aradan qaldırılmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, vergi ödəyicisinin müraciətinə Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********387000 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər borcların ödənilməsi hesabına aid edilməsi Qaydaları”na uyğun olaraq imtina edilmişdir. Belə ki, sözügedən Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən keçmiş dövrlər üzrə təqdim edilməmiş bəyannamələrin olması aşkar edildikdə və ya bu Qaydaların 5.1.3-5.1.5-ci yarımbəndlərində göstərilmiş uyğunsuzluqlardan hər hansı biri aşkar edildikdə vergi ödəyicisinə bu Qaydaların 2 №-li əlavəsində göstərilən forma üzrə büdcəyə artıq ödəmələrin qaytarılmasından imtina edilməsi barədə məktub göndərilir. Halhazırda "İddiaçı" MMC-nin 2019-cu il üzrə əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyi müəyyən edilmiş və eyni zamanda 2018-ci ilin yanvar, fevral, mart, aprel, may aylarının ƏDV bəyannamələrində həll edilməmiş uyğunsuzluqların mövcud olduğu aşkar edilmişdir. Bu səbəbdən vergi ödəyicisinin müraciətindən qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilmişdir. Digər tərəfdən "İddiaçı" MMC-nin iddia tələbi üzrə cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlı iddiası Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələbləri baxımından qanunvericiliyə ziddir. Belə ki, Vergi Məcəlləsinin 38.3.4cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanının növbədənkənar səyyar vergi yoxlaması keçirmək hüququ vardır. İddiaçı məhkəməyə müraciət etməkdə o halda haqlı olardı ki, qeyd olunan keçmiş dövr üzrə bəyannamələri vergi orqanına təqdim etmiş olsun, qeyd olunan dövrlər üzrə uyğunsuzluqları ardan qaldırsın və vergi orqanı Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirib-keçirməyəcəyinə dair qərarını qəbul etmədən vergi ödəyicisinin müraciətinə imtina verilmiş olsun. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara cavabdehin imtina məktubu, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********056900 nömrəli etiraz məktubu, VÖEN (**********) təsdiq edilmiş surəti, “xxxx” MMC-nin Nizamnaməsinin təsdiq edilmiş surəti, Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışların surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.2-cü maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Qaydaların 2.4-cü bəndinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi orqanı tərəfindən hesablanmış vergilər, işsizlikdən sığorta haqları, hesablanmış faizlər və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə Vergi Məcəlləsinin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində tələbetmə üçün müəyyən olunmuş müddətə daxil edilmir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən, vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1, 4.1.1, 4.1.2 və 4.1.3-cü bəndlərinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. İddiaçının 2019-cu il üzrə əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etmədiyi müəyyən edilmiş və eyni zamanda 2018-ci ilin yanvar, fevral, mart, aprel, may aylarının ƏDV bəyannamələrində həll edilməmiş uyğunsuzluqların mövcud olduğu aşkar edilmişdir. İddiaçı qeyd olunan keçmiş dövr üzrə bəyannamələri vergi orqanına təqdim etməmiş, qeyd olunan dövrlər üzrə uyğunsuzluqları aradan qaldırmamış və vergi orqanı Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirib-keçirməyəcəyinə dair qərar qəbul etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində yaranmış 122218.18 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə Rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-726/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-726/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver