Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-772/2021 28.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinə qarşı “cavabdehin elektron portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemində” yerləşdirdiyi övladlığa götürmə ilə əlaqədar müraciətdən imtinaya dair xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıların övladlığa götürməsinin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinə qarşı məhkəməyə müraciət edərək cavabdehin elektron portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemində” yerləşdirdiyi övladlığa götürmə ilə əlaqədar müraciətdən imtinaya dair xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıların övladlığa götürməsinin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, xx.xx.1991-ci il tarixdə rəsmi nikahla evlənmişlər, birgə nikahdan övladları olmamışdır. X1 razılığı ilə onun dünyaya gətirdiyi uşağı övladlığa götürmüşlər. Doğulan vaxtdan, yəni 2020-ci ilin yanvar ayından, artıq 1 il 3 aydır ki, uşağa onlar baxır, uşaq onları öz valideynləri kimi tanıyır. Övladlığa götüməni rəsmiləşdirmək üçün əvvəlcə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişlər, Məhkəmə ərizəni geri qaytarmışdır ki, bu məsələ elektron qaydada cavabdehin razılığından sonra olmalıdır. xx.xx.2020-ci il tarixdə uşağı dünyaya gətirən X3 və iddiaçılar notariat qaydada ərizələrini cavabdehə elektron qaydada göndərmişlər. Bundan sonra cavabdehin nəzdindən elektron kabinet yaratmış və həmin kabinetdə şəxsi məlumatlarını yerləşdirmişlər. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən imtina verilmiş, iddiaçılara xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçılara xx.xx.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq qanunvericiliyin tələbləri izah edilmiş, bildirilmişdir ki, mübahisə inzibati məhkəmənin səlahiyyətinə aid deyil. Odur ki, hazırkı iddia ilə ərazi aidiyyəti tələbləri nəzərə alınmaqla ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldırmaq hüququna malikdirlər. Cavab olaraq iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, cavabdeh təşkilat heç bir araşdırma aparmadan onların aylıq gəlirinin yaşayış minimumundan aşağı olmasını əsas gətirərək imtina qərarı qəbul etmiş və hesab etmişdir ki, onların mənafeyi uşağın övladlığa götürülməsinə uyğun gəlmir. DOST Agentliyi inzibati orqan olduğundan və onun qəbul etdiyi imtina qərarı iddiaçıları uşağı övladlığa götürmə hüququndan məhrum etdiyindən, ilk növbədə həmin qərarın ləğv edilməsi zərurəti yaranmışdır. İnzibati orqanın qəbul etdiyi imtina qərarının ləğvi isə ümumi (publik) hüquq sahəsinə aiddir. Ona görə də iddianın həmin hissəsinin aidiyyət məsələsi inzibati məhkəməyə aiddir. İddianın digər hissəsi isə yəni, övladlığa götürmənin mənafeyinə uyğunluğunun müəyyən olunması barədə rəy verməsi öhdəliyi iddiada göstərilən birinci tələblə əlaqədar olduğundan bir iddiada birləşdirilmişdir. Bundan başqa, uşağın övladlığa götürülməsi ilə əlaqədar mülki məhkəməyə, yəni Zaqatala Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsi sənədləri geri qaytarmışdır. Belə ki, cavabdeh təşkilat onların uşağı övladlığa götürməsinin uşağın mənafeyinə uyğun olması barədə rəy verdikdən sonra mülki məhkəmə belə bir iddiaya baxa bilər. Nə qədər ki, cavabdeh təşkilat övladlığa götürmə ilə əlaqədar müraciətə imtina verərək rədd etmişdir, mülki məhkəmənin belə hallarda iddianı icraata götürərək baxmaq səlahiyyəti yoxdur. Ərizə xx.xx.2021-ci il taridə məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri baxımından təhlil edərək hesab edir ki, hazırkı tələb üzrə mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.1-ci maddəsinə əsasən, övladlığa götürmənin “övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi” kimi üç mərhələdə həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Məcəlləninin 118.3-cü maddəsinə görə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 119.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. Uşağın övladlığa götürülməsi ilə bağlı münasibətlər çərçivəsində övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq kimi mühüm hüquqlarının həyata keçirilməsinin təmin olunmasına xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda uşağın (şəxsin) qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə münasibətdə də analoji mövqedən çıxış etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi son mərhələdə məhz ümumi məhkəmələr tərəfindən övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsinə xidmət edir. Belə ki, “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli 01/2009 nömrəli qərarının 1-ci bəndinə əsasən övladlığa götürmə barədə işlərin övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aid olduğu müəyyən edilmişdir. Qərarın həmin bəndində göstərilmişdir ki, uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Belə ki, xüsusi hüququn başlıca sahəsi olan mülki hüquq qeyriticarət dövriyyəsinin müstəqil subyektləri arasındakı əmlak münasibətləri ilə yanaşı ailə münasibətlərini və bəzi şəxsi hüquqları tənzimləyən normaları da özündə birləşdirir. Bu baxımdan ailə hüququ müstəqil hüquq sahəsi, yaxud da mülki hüququn yarımsahələrindən biri kimi xüsusi hüquqa aid edilir. Digər tərəfdən ailə hüququnun xüsusi hüquq sahəsinə aid olmasına baxmayaraq bu çərçivədə yaranan bəzi münasibətlərə dövlətin müdaxiləsinin şahidi oluruq ki, belə müdaxilələr ərin, arvadın və ya yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi məqsədi güddüyündən, hətta bəzən zəruri xarakter daşıdığından sırf buna istinadən ailə münasibətlərindən doğan hüquqi tənzimetməni ümumi (publik) hüquq sahəsinə aid etmək hüquqi tənzimetmənin məzmununa ziddir. Eləcə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların son məqsədi xüsusi hüququn mühüm sahələrindən biri olan ailə hüququnun övladlığa götürmə institutunun qanunvericiliklə tənzimlənən təzahürlərinin prosessual baxımdan gerçəkləşdirilməsi olmuşdur. Belə olan halda bu növ iddialara inzibati məhkəmə icraatı çərçivəsində baxılması prosessual qənaət prinsipi baxımından da əlverişsiz olacaqdır. Ailə Məcəlləsinin 118.1-ci maddəsi ilə müəyyən edilmiş, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsindən ibarət üç mərhələli prosedur qaydasının həyata keçirilməsi ilə bağlı mübahisələrin iki məhkəmə icraatı (inzibati və mülki) qaydasında həyata keçirilməsi mübahisənin tərəflərinin hüquqi vəziyyətinə, onlar arasındakı münasibətlərin hüquqi nizamasalma predmetinə və iddiaçıların hüquqi maraqlarına ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinə qarşı “cavabdehin elektron portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemində” yerləşdirdiyi övladlığa götürmə ilə əlaqədar müraciətdən imtinaya dair xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıların övladlığa götürməsinin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-772/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-772/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver