Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-815/2021 15.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Cavabdehnə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehlərin üzərinə inzibati öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(120)-566/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 19.04.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin dəftərxanasına daxil olmuş və həmin tarixdən icraata götürülmüş sayılmışdır. 22.04.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilmiş və cavabdeh inzibati orqanlardan birinə qarşı tələbi yönəltməklə 10 gün müddətində iddia ərizəsinin dəqiqləşdirilməsi təklif edilmişdir. 17.05.2021-ci il tarixdə iddiaçı məhkəməyə “iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək Cavabdehlərdən sırasından çıxarılmasını və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı dövlət hesabına mənzillə təmin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli 2-1(116)-815/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 01.08.1985-ci ildə X1 Mühəndisləri Məktəbinə kursant olaraq daxil olmuş, 1990-cı ildə X1 Mühəndisləri Məktəbin bitirmiş, 05.08.1992-ci ilədək SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 05.08.1992-ci ildən – 16.11.2007-ci ilədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət etmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət 15 il olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 noyabr 2007-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” (xəstəliyə görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Beləliklə, iddiaçı SSRİ və Azərbaycan Respublikası Silahlı Qüvvələrində ümumilikdə 22 (iyirmi iki) təqvim ili müddətində həqiqi hərbi xidmət keçmiş, ümumi hərbi xidmətinin 7 ilini SSRİ Silahlı Qüvvələrində, 15 ilini isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley Medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley Medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medallarla da təltif olunmuşdur. İddiaçı 20 (iyirmi) təqvim ili və daha artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı 08.06.2021-ci il tarixli etirazını iddiaçının 1991-ci ildən, 10 noyabr 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində cəmi, N il N ay xidmət etməsi, iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməsinin sübuta yetirilməməsi ilə əsaslandırmış, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 07.12.2020ci il tarixli məktubu, SHXÇÜDX-nin Zərdab rayon bölməsinin 15.12.2020-ci il tarixli arayışı, ZE seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalın vəsiqəsi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 07.12.2020-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 20 təqvim ilindən az olduğundan cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan, SHXÇÜDX-nin Zərdab rayon bölməsinin 15.12.2020-ci il tarixli arayışından görünür ki, 1968-ci il təvəllüdlü SHXÇÜDX-nin Zərdab rayon bölməsində qeydiyyatda olan, ehtiyatda olan mayor İddiaçı 01.08.1985-ci il tarixdən 05.09.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, 05.09.1992-ci il tarixdən 10.11.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olan mayor İddiaçı 10.11.2007-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” (xəstəliyə görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunub. Ehtiyatda olan mayor İddiaçı 06.01.1998-ci il tarixdən Qarabağ müharibəsi veteranıdır. İş materiallarında olan, iddiaçıya məxsus ZE seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, müvafiq hərbi biletdə iddiaçı barəsində 01.08.1985-ci ildə X1 Mühəndisləri Məktəbinə kursant olaraq daxil olması və 1990-cı ildə X1 Mühəndisləri Məktəbin bitirməsi, SSRİ Müdafiə Nazirinin 24.06.1990-cı il tarixli 0825 №-li əmri ilə “leytenant” hərbi rütbəsi verilməsi, 22.08.1990-cı il tarixdən 05.08.1992-ci il tarixədək 20 saylı Motoatıcı tank bölüyündə xidmət etməsi, 05.08.1992-ci ildən - 16.11.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 10.11.2007-ci il tarixli 0568 №-li əmri əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” (xəstəliyə görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydlər aparılmışdır. İş materiallarında olan, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalın vəsiqəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2005-ci il tarixli 050t №-li əmri ilə “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Azərbaycan Respublikasının 17.05.2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:
1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İddia tələbinin əsassız olmasının səbəbi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçusu olmasının iş materialları ilə sübut edilməməsi ilə bağlıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı yalnız, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularına münasibətdə şamil olunur. İş materiallarından görünür ki, iddiaçının 22 illik hərbi xidmət dövrünün 1985-ci ildən 1992-ci ilədək hissəsi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidməti ilə bağlı olmuşdur. Odur ki, qeyd olunan 7 il müddətin Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (07 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Qeyd olunan normanın məzmunundan aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu statusunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başladığı - 05.08.1992-ci ildə əldə etmiş, 16.11.2007-ci ildə hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar bu statusu itirmişdir. Hərbi xidmət müddətinin 1985-1992-ci illərə aid hissəsi isə Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə bağlı deyildir. İşdə olan SHXÇÜDX-nin Zərdab rayon bölməsinin 15.12.2020-ci il tarixli arayışında (05.09.1992), iddiaçıya məxsus hərbi biletdə (05.08.1992) və cavabdeh inzibati orqanın etirazında (1991) iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlaması tarixləri müxtəlif göstərilməsinə baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir halda iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illəri 20 ildən azdır. Məhkəmə iddiaçıya məxsus hərbi biletdə qeyd olunan tarixi mötəbər hesab etsə də, qeyd edir ki, hətta cavabdeh inzibati orqanın bildirdiyi kimi xidmətin başlanğıc tarixi 1991-ci ilin sentyabr ayı olaraq qəbul edildiyi halda belə iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət illəri yenə də 20 ildən az (N il N ay) olacaqdır. Bu isə o deməkdir ki, iddiaçının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri altına düşməsi üçün zəruri şərt olan - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi 20 təqvim ili və daha çox xidmət şərti yerinə yetirilmir. Məhkəmə iddiaçıya təqdim edilmiş “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalına münasibətdə qeyd edir ki, həmin medalın təqdim edilməsi iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrdə 10 təqvim ili qüsursuz xidmət etməsini təsdiq edir və məhkəməyə iddiaçının 20 təqvim ili və daha artıq qüsursuz xidmət etməsi qənaətinə gəlməyə əsas vermir. Çünki, Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmətə görə təqdim edilən ali dərəcəli medal - 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medal hesab olunur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması iş materialları ilə müəyyən edilmədiyindən inzibati orqan iddiaçının müracətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.