Məhkəmə qərarları › İş №2-1(116)-816/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-816/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-816/2021 06.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X4, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması tələbinə dair” inzibati mübahisə üzrə iddia ərizəsinin verilməsi üçün “ötürülmüş müddətin bərpasına dair” ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı ASC cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş, səyyar vergi yoxlaması aktının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(120)-575/2021 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya 20.04.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq “vergi yoxlamalarının nəticələrinə dair” aktın inzibati akt olmadığı, ünvanlandığı tərəf üçün hüquq və vəzifə yaratmadığı, buna görə də inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilmədiyi, 4 saylı Ərazi Vergilər İdarəsinin 16.11.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş qərarı təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək hüququnun olması izah edilmiş, nöqsanın aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin təqdim edilməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı 17.05.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təkrar iddia ərizəsi təqdim edərək, cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı ASC barəsində qəbul edilmiş “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş edərək iddia ərizəsini dəyişmişdir. Şəki İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(116)-816/2021 nömrəli qərardadına əsasən dəyişdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi 06.05.2021-ci il tarixdə vəsatət verərək Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-816/2021 nömrəli inzibati iş üzrə iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(116)-816/2021 nömrəli qərardadı ilə cavabdehin “iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsi haqqında” vəsatəti təmin edilməmişdir. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi Şəki İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli 2-1(116)-816/2021 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.06.2021-ci il tarixli 2-1(107)-299/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən 26.05.2021 və 16.07.2021-ci il tarixlərdə iddiaçıya hüquqi yardım edilərək izah olunmuşdur ki, hazırki iş üzrə iddia tələbi, “mübahisələndırmə haqqında” iddia növünün - iddia qaldırmaq müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə cavab vermir (İPM-nin 38.1.m.). Bildirilmişdir ki, mübahisələndirilən “29.12.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 03.01.2021-ci il tarixdə iddiaçıya elektron qaydada təqdim edilməsinə, eyni zamanda Şirvan İnzibati Məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq, iddiaçı həmin qərardan qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddətində iddia qaldırılmamış, həmçinin iddia tələbini dəqiqləşdirilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Qeyd edilən qərarın mübahisələndirilməsi üçün müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və müddətin buraxılmasının üzürlü səbəblərinə dair sübutların təqdim edilməsi üçün iddiaçıya 10 (on) gün müddət təyin edilmişdir. İddiaçı ASC məhkəməyə “iddia müddətinin bərpa edilməsi barədə” ərizə təqdim edərək məhkəmə tərəfindən iddia müddətinin ötürülmüş hesab edildiyi halda iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 izahat verərək bildirdi ki, hazırki iş üzrə cavabdeh vergi orqanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar 03.01.2021-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur. İddiaçı irəli sürdüyü tələbi 03.02.2021-ci il tarixədək məhkəməyə təqdim etməli olduğu halda iddia müddətini 3 ay ötürdükdən sonra məhkəməyə təqdim etmişdir. 29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə iddia tələbinə dair “iddianın dəqiqləşdirilməsi barədə” ərizənin 3 aydan sonra verilməsi iddia müddətinin axımının keçməsi kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı, İddiaçı ASC-də aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair 16.12.2020-ci il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş səyyar vergi yoxlaması aktının ləğv edilməsi barədə qərarın qəbul edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir ki, bununla da səyyar vergi yoxlamasının nəticələri artıq məhkəmə qaydasında mübahisələndirilməklə məhkəmənin icraatına qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsində aidiyyatla bağlı araşdırma aparıldığından və iddiaçının hansı məhkəməyə müraciət etməli olması müzakirə edildiyindən cavabdeh tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilməsinə dair dəqiqləşməni verə bilməmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 20.04.2021-ci il tarixli bildirişə əsasən iddia ərizəsinə 04.05.2020-ci il tarixdə dəqiqləşmə verilmişdir. Bu halda iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə isə iddia məhkəmədə 3 aydan sonra qaldırılmamış, artıq məhkəmədə mövcud olan iddia üzrə məhkəmənin yardımı əsasında iddia tələbi dəqiqləşdirilmişdir. Habelə mübahisələndirilən qərar, ilkin iddia üzrə ləğv olunması tələb olunan səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmişdir ki, akt mübahisələndirilməklə qəbul ediləcək qərar da mübahisələndirilmişdir. Göstərdiklərini nəzərə alaraq, məhkəmə tərəfindən iddia müddəti ötürülmüş hesab edildiyi halda iddia müddətinin bərpa edilməsini xahiş etdi. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddiaçının nümayəndəsi və vəkili X7 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 “iddia müddətinin bərpa edilməsi barədə” ərizəyə etiraz edərək bildirdi ki, iddiaçı məhkəmə icraatı zamanı müəyyən etmişdir ki, səyyar vergi yoxlaması aktı inzibati akt deyil və onun əsasında qəbul edilmiş qərar inzibati akt olmaqla həmin qərar mübahisələndirilməlidir. İddiaçının ilkin mübahisələndirdiyi akt 16.11.2020-ci il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən 16.12.2020-ci il tarixdə mübahisələndirilmişdir. Həmin akt mübahisələndiriləndə hazırda ləğv edilməsi xahiş edilən 29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar mövcud deyildi. İddiaçının sonradan təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilkin iddia tələbi üzrə formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi və ya natamam faktiki məlumatların tamamlanmasını təmin etmək baxımından verilə bilərdi. Təqdim edilən dəqiqləşmə ərizəsi əslində yanlış iddia növünün münasib iddia növü ilə əvəz olunmasıdır ki, belə olan halda da iddiaçı 29.12.2020-ci il tarixli qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddəti buraxmışdır. Belə ki, həmin qərar iddiaçıya 03.01.2021-ci il tarixdə elektron qaydada təqdim olunmuşdur. İddiaçının yeni irəli sürdüyü iddia tələbi 03.02.2021-ci il tarixədək məhkəməyə təqdim edilməli olduğu halda, 3 ay ötürüldükdən sonra iddia tələbinin dəqiqləşdirilməsi adı altında təqdim etmişdir. Ötürülən müddətin bərpası üçün isə iddiaçı üzürlü səbəblər barədə, yəni iddianı vaxtında qaldırmağa mane olan faktiki səbəblər barədə sübutlar təqdim etməlidir. İddiaçı isə müddətin buraxılmasının üzürlü səbəbləri barədə heç bir sübut təqdim edə bilmir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən “iddia müddətinin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddia tələbinə hüquqi qiymət verilərkən məhkəmə araşdırmasının predmetini təşkil edən, aşağıda göstərilən sənədlərin məzmununa istinad olunur: - İddiaçı ASC-nin Nizamnaməsi və X3 Dövlət Reyestrindən Çıxarışın surəti, - Şirvan İnzibati Məhkəməsinin 11.01.2021-ci il tarixli hüquqi yardım məktubu, - vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat. Əsaslandırma hissəsi : Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması barədə” iddia tələbi - bu növ iddianın xüsusi mümkünlük şərtinə, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbinə cavab vermir. İddiaçı mübahisə predmeti olan qərara qarşı yönəlmiş tələbi qanunverciliklə müəyyən edilmiş qaydada 30 gün müddətində irəli sürməmişdir. Bu səbəbdən də, iddia mümkün sayıla bilməz. İş materiallarında olan, İddiaçı ASC-nin Nizamnaməsi və X3 Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı ASC-nin səhmdarlarının 20.09.2012-ci il tarixli ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş iddiaçının Nizamnaməsi 23.10.2012-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə AR Vergilər Nazirliyinin 4 saylı ƏVİ tərəfindən Dövlət qeydiyyata alınmışdır. İddiaçı ASC-nin qeydiyyata alındığı tarix 14.09.2000-ci il, hüquqi ünvanı Ağsu şəhəri, Meliator qəsəbəsidir. İş materiallarında olan, Şirvan İnzibati Məhkəməsinin 11.01.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “səyyar vergi yoxlaması aktı”nın inzibati akt olmaması və onun əsasında qəbul edilmiş qərarın mübahisələndirilməsi barədə hüquqi yardım edilmiş, iddiaçı tərəfindən hüquqi yardım məktubu qəbul edilmişdir. İş materiallarında olan, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 29.12.2020-ci il tarixli “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında” qərar və tələbnamə elektron üsulla 29.12.2020-ci il tarixdə saat 19:02:48-də İddiaçı ASC-yə (VÖEN: **********) göndərilmiş və iddiaçı tərəfindən 03.01.2021-ci il tarixdə saat 22:00:17-də oxunmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilk dəfə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən hazırki iş üzrə mübahisələndirilən inzibati akt (29.12.2020-ci il tarixli qərar) ümumiyyətlə mövcud olmamışdır. Qeyd edilən icraat çərçivəsində iddiaçı tərəfindən 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş, “səyyar vergi yoxlaması aktı” mübahisələndirilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş “səyyar vergi yoxlaması aktı” inzibati akt olmadığından həmin iddia da mümkün iddia olmayacaqdı. Belə ki, “səyyar vergi yoxlaması aktı” iddiaçı barəsində hüquq və vəzifə yaratmır və iddiaçının hüquqi sferasında hər hansı dəyişikliyə səbəb olmur. Buna görə də iddiaçının həmin akta qarşı hüquqi müdafiə ehtiyacı da olmamışdır. İddiaçı barəsində əlverişsiz inzibati akt sayılacaq qərar isə cavabdeh tərəfindən 29.12.2020-ci il tarixdə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar olmuşdur. Məhz həmin qərar inzibati akt sayıldığından və iddiaçının hüquqi sferasına müdaxilə etdiyindən iddiaçının hüquqi müdafiə marağı yaranmışdır. İlkin iddia tələbində “səyyar vergi yoxlaması aktı”-nın mübahisələndirilməsi iddiaçını 29.12.2020-ci il tarixdə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmək vəzifəsindən azad etmir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə ilkin iddia tələbinin mümkünlük şərtlərini yoxladığı kimi, dəyişdirilmiş iddia tələbinə münasibətdə də iddianın mümkünlük şərtlərini yoxlamaq vəzifəsi daşıyır. İddiaçı tərəfin mövqeyinə görə ilkin iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə verildiyindən, sonradan isə həmin iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı müraciət verildiyindən 30 günlük iddia müddəti ötürülməmişdir. Məhkəmə iddiaçı tərəfin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, hələ mövcud olmayan inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilmədiyindən, ilkin iddia ərizəsinin verilməsi sonradan qəbul ediləcək inzibati aktın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində qeyd olunmuş 30 günlük iddia müddətinin axımının dayandırılmasına səbəb ola bilməz. Yəni, iddiaçı 16.11.2020-ci il tarixdə ilkin iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini əsas götürərək 29.12.2020-ci il tarixdə qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı istədiyi vaxt mübahisələndirə bilməzdi. Əgər belə bir hala qanunvericiliklə yol verilmiş olsaydı onda İPM-nin 38.1-ci maddəsində qeyd olunmuş 30 günlük iddia müddətinin heç bir hüquqi əhəmiyyəti də qalmazdı. Digər tərəfdən iddiaçı tərəf bildirir ki, Şirvan İnzibati Məhkəməsində aidiyyatla bağlı araşdırma aparıldığından və iddiaçının hansı məhkəməyə müraciət etməli olması müzakirə edildiyindən cavabdeh tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilməsinə dair dəqiqləşməni verə bilməmişdir. Məhkəmə iddiaçı tərəfin həmin dəlili ilə də razılaşmır və qeyd edir ki, iddiaçı tərəfin yanlış iddia qaldırmaqla, ərazi aidiyyəti üzrə düzgün məhkəməyə müraciət etməməsi faktı onu İPM-nin 38.1-ci maddəsində təsbit edilmiş 30 (otuz) günlük iddia müddətinə əməl etmək vəzifəsindən azad etmir. İş materialları ilə sübut olunur ki, iddiaçının hazırda mübahisələndirdiyi 29.12.2020ci il tarixdə qəbul edilmiş qərar ona elektron qaydada 29.12.2020-ci il tarixdə göndərilmiş və iddiaçı tərəfindən 03.01.2021-ci il tarixdə oxunmuşdur. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hər bir halda iddiaçı 03.01.2021-ci il tarixdə elektron qaydada ona təqdim edilmiş, 29.12.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı 03.02.2021-ci il tarixədək mübahisələndirməli, iddia ərizəsini Şirvan İnzibati Məhkəməsinə, yaxud Şəki İnzibati Məhkəməsinə təqdim etməli idi. “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1.3. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. lazımi qaydada çatdırılmış sayılır. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni, hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Göründüyü kimi inzibati orqan qəbul etdiyi inzibati aktın maraqlı şəxsə çatdırılması ilə bağlı qanunvericiliklə üzərinə düşən vəzifəsini icra etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında elektron sistemdə gələn məktubların yüklənmədikdə bəzən görünmədiyini, cavabdeh orqanın isə həmin məktubları yüklənilmədiyi halda da baxılmış kimi qəbul etdiyini bildirmişdir. Yəni, iddiaçı tərəf elektron qaydada göndərilən sənədi almadığını yox, göndərilən sənədi yükləyib oxumadığını bildirir. Bu isə iddiaçıya inzibati aktı almadığını iddia etməyə əsas vermir. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... Elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1909/2019 02.07.2019-cu il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İş materiallarından görünür ki, 11.01.2021-ci il tarixdə Şirvan İnzibati Məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, mübahisələndirilən “səyyar vergi yoxlaması aktı”nın inzibati akt olmaması və onun əsasında qəbul edilmiş qərarın mübahisələndirilməsi bildirilmiş, iddia ərizəsinin dəqiqləşdirilməsi üçün 10 gün müddət təyin edilmişdir. İstinad olunan hüquqi yardımla bağlı məktubun üzərində İddiaçı ASC-nin möhürü vurulmuş, “surətini təhvil aldım” qeydi yazılmaqla İddiaçı ASC-nin sədri B.Y.Məmmədov tərəfindən imzalanmışdır (imzanın qarşısında ad və soyad qeyd olunmasa da, ilkin iddia ərizəsində olan imza ilə həmin imza eynidir). Şirvan İnzibati Məhkəməsində mübahisənin aidiyyət məsələsinin müzakirəsi haqqında məhkəmə iclası 09.02.2021-ci il tarixdə keçirilmiş və iddiaçı məhkəməyədək yazdığı ərizəsində qeyd etməklə, həmçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi vasitəsilə işin aidiyyəti üzrə cavabdehin olduğu yerin məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yəni, iddiaçı tərəf ən geci 09.02.2021-ci il tarixədək iddia tələbinə Şəki İnzibati Məhkəməsində baxılmalı olması və “səyyar vergi yoxlaması barədə” aktı deyil, onun əsasında qəbul edilmiş qərarı mübahisələndirməli olması ilə bağlı məlumatlı olmuş, buna baxmayaraq 29.12.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı mübahisələndirməmişdir. Hətta, hazırki qərarın mövcudluğundan iddiaçı tərəfin ən geci 09.02.2021-ci il tarixdə məlumatı olması qəbul edilsə belə, yenə də iddia müddəti ötürülmüş hesab ediləcəkdir. Belə ki, bu halda da iddiaçı tərəfindən 09.03.2021-ci il tarixədək inzibati aktın ləğv edilməsi ilə bağlı iddia qaldırılmalı idi. İnzibati material 19.04.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuş, 20.04.2021-ci il tarixdə iddiaçıya mübahisələndirilən “səyyar vergi yoxlaması aktı”nın inzibati akt olmaması və onun əsasında qəbul edilmiş qərarın mübahisələndirilməsi ilə bağlı hüquqi yardım edilmiş, 17.05.2021-ci il tarixdə isə iddiaçı tərəfindən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilməklə qərarın surətinin ona təqdim edilməsindən 3 aydan artıq müddət keçdikdən sonra 29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar mübahisələndirmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən 26.05.2021 və 16.07.2021-ci il tarixlərdə iddiaçıya hüquqi yardım edilərək cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinin “29.12.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddət ötürüldüyündən müddətin buraxılmasının üzürlü səbəblərinə dair sübutların təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “iddia müddətinin bərpası barədə” ərizədən görünür ki, iddiaçı iddia müddətinin bərpa edilməsini xahiş etsə də, əslində müddətin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmır və müddətin buraxılmasının üzürlü səbəbləri ilə bağlı heç bir sübut təqdim etmir. Məhkəmə iclasında izahat verərkən iddiaçının nümayəndələri ərizə ilə eyni məzmunlu izahat verməklə iddia müddətini buraxmış hesab etmədiklərindən həmin müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edəcək heç bir sübut təqdim etməyəcəklərini bildirdilər. Beləliklə, iddiaçı müddətin ötürülməsini əsaslandıran halları və sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmişdir. Odur ki, məhkəmə “iddia müddətinin bərpası barədə” ərizədə qeyd olunmuş hüquqi məsələlərlə bağlı iddiaçının mövqeyini iddia müddətinin bərpası üçün yetərli hesab etmir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair heç bir sübut təqdim olunmadığından, Məhkəmə İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin iddiaçının təqsiri üzündən buraxılması və həmin müddətin bərpası üçün hər hansı üzürlü səbəbin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı ASC-nin “iddia müddətinin bərpası barədə” ərizəsi təmin edilməməli və İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan, iddiaçının təqsiri üzündən buraxıldığından iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ASC-nin “iddia müddətinin bərpası barədə” ərizəsi təmin edilmir. İddiaçı ASC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “29.12.2020-ci il tarixli **********143347 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması barədə iddia tələbi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar