Məhkəmə qərarları › İş №2-1(116)-82/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-82/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-82/2020 20.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 Məhdud Məsuliyyət Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “müəssisənin 10.05.2019-cu il tarixli şəxsi hesab vərəqəsində mövcud olan 69,924,07 manat artıq ödəmənin müəssisənin Accessbank QSC-nin Mingəçevir filialında olan AZ10NABZ******************** nömrəli hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdim: İddiaçı1 Məhdud Məsuliyyət Cəmiyyəti cavabdeh 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “müəssisənin 10.05.2019-cu il tarixli şəxsi hesab vərəqəsində mövcud olan 69,924,07 manat artıq ödəmənin müəssisənin Accessbank QSC-nin Mingəçevir filialında olan AZ10NABZ******************** nömrəli hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 MMC 21.05.2009-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Müəssisənin 10.05.2019-cu il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, 69.924,07 manat artıq ödəməsi var. O, artıq ödənilmiş vəsaitinin ona qaytarılması üçün 11 saylı Ərazi Vergilər Departamentinə müraciət etsə də, 11 saylı Ərazi Vergilər Departamenti əsassız olaraq bundan imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı iddia ərizəsində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üçün qanunvericilik aktlarında müəyyən edilmiş müvafiq maddələri sadalamaqla "xxxx" MMCnin şəxsi hesab vərəqəsində olan artıq ödəmənin qaytarımasını bildirmişdir. Ancaq iddia ərizəsindən də göründüyü kimi iddiaçı həmin artıq ödəmənin nə cür yaranması, həmin məbləğin nə vaxt ödənməsi və həmin artıq ödəmənin müəssisəyə məxsus olub-olmaması ilə bağlı hər hansı əsaslandırma aparmadan sadəcə cavabdeh orqanın sözügedən məbləği geri qaytarmalı olduğunu xahiş etmişdir. Məhkəmənin və iddiaçının nəzərinə çatdırırıq ki, "xxxx" MMC-nin hal-hazırda şəxsi hesab vərəqəsində mövcüd olan artıq ödəmə nə hüquqi şəxs "xxxx" MMC-yə nə də ki, hüquqi şəxsin rəhbəri olan İddiaçı2 məxsusdur. İddiaçının geri qaytarılmasına dair məhkəmədə iddia qaldırmasına səbəb olan artıq ödəmə məbləği ilə bağlı qüvvədə olan məhkəmə qərarı var. Belə ki, İddiaçı1 MMC (VÖEN: **********) iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 11 saylı Ərazi Vergilər Departamentinin 27.01.2016-cı il tarixli **********530800 nömrəli və 13.05.2016-cı il tarixli **********563800 nömrəli vergilərin hesablanması barədə qərarlarının ləğv edilməsi və 70.000,0 manat məbləğində vəsaitin "xxxx" MMC-yə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə 20.06.2016-cı il tarixli 2-1 (84)-312/2016 nömrəli qərar qəbul etmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətə baxan Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2016-cı il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə 17.10.2016-cı il tarixli 2-1(107)-271/2016 qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından tərəfimizdən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.02.2017-ci il tarixli 2-1(102)-475/2017 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, 13.05.2016-cı il tarixli **********563800 nömrəli vergilərin hesablanması barədə qərar vergi orqanının özü tərəfindən ləğv edildiyindən həmin hissədə qərarın ləğvinə dair nəticəsi ləğv edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 17.10.2016-cı il tarixli 2-1(107)-271/2016 saylı qərarı qalan hissədə qüvvədə saxlanılmışdır. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Məhdud Məsuliyyət Cəmiyyəti cavabdeh 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “27.01.2016-cı il tarixli **********530800 nömrəli və 13.05.2016-cı il tarixli **********563800 nömrəli vergilərin hesablanması barədə qərarların ləğv edilməsi və 70000 manat məbləğində vəsaitin "xxxx" MMC-yə qaytarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, 20 iyun 2016-cı il tarixli 2-1(84)-312/2016 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 17 oktyabr 2016-cı il tarixli 2-1(107)-271/2016 nömrəli qərarı ilə təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2017-ci il tarixli 2-1(102)-475/2017 nömrəli qərarı ilə qismən təmin edilmişdir. Yuxrıda qeyd edilənlərdən və məhkəmə qərarlarından da, göründüyü kimi halhazırda iddiaçının iddia etdiyi artıq ödəmə məbləği İddiaçı1 MMC-yə deyil, "xxxx" MMC-yə (hazırda "xxxx" MMC ) (VÖEN: **********) məxsus olan məbləğdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2016-cı il tarixli 2-1(84)- 312/2016 nömrəli qərarından görünür ki, iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə işin faktiki hallarını, yuxarıda qeyd olunan prosessual normaları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: İddiaçı1 Məhdud Məsuliyyət Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “müəssisənin 10.05.2019-cu il tarixli şəxsi hesab vərəqəsində mövcud olan 69,924,07 manat artıq ödəmənin müəssisənin Accessbank QSC-nin Mingəçevir filialında olan AZ10NABZ******************** nömrəli hesabına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar