Məhkəmə qərarları › İş №2-1(116)-857/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-857/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-857/2025 09.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Kür kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, Göyçay rayonu Kür kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını aşağıdakı kimi əsaslandırmışdır ki, “X2 adına ünvan 1ində yerləşən 194.4 kv.m mağaza Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 16 mart 2005-ci il tarixində Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin vəsiqə 01 nömrəli reyestr kitabında 46 səhifədə 142 nömrəli reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd edildiyi kimi, həmin mağazaya dair Qeydiyyat Vəsiqəsi mövcud olduğu üçün, iddiaçı onu yeni növ sənədlə, yəni mülkiyyəti təsdiq edən Çıxarışla əvəz etmək məqsədilə xx.xx.2024-cü il tarixdə AR İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 16 saylı U car Ərazi İdarəsinə elektron məktub ünvanlamış, lakin idarənin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 1ində yerləşən qeyri-yaşayış binasına dair Göyçay X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucra Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmadığından və həmçinin qeyri yaşayış binasının Şimal hissəsində 7.5 metr məsafəsindən, cənub hissəsindən 5,5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçdiyindən ərizənin icrasından imtina edilmişdir. Məlumat üçün bildirmək istəyirik ki, 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən imtina məktubunda idarənin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmaması vətəndaşın günahı ucbatından deyil idarənin məsul əməkdaşlarının səhlənkarlığı nəticəsindədir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “X2 ünvan 1ində yerləşən 194.4 kv.m mağazanın üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması “ tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı ərizədə qeyd olunan məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, qanunamüvafiq qaydada araşdırılaraq 3-21-3-36/2-2704/2024 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Sərənmcamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı Göyçay rayon Kürd kəndində yerləşən qeyri-yaşayış binasına dair Göyçay X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinin arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamışdır. Həmçinin qeyri-yaşayış binasının şimal hissəsindən 7.5 metr məsafəsindən, cənub hissəsindən 5.5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024- cü il tarixli, 261 saylı qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. xx.xx.2005-ci il tarixli 264 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göyşay rayonu Kürd kəndində yerləşən 194,4 kv.m mağaza X2 mülkiyyətindədir.

3. 2005-ci il tarixli texniki pasportun surətindən görünür ki, Göyşay rayonu Kürd kəndində yerləşən 194,4 kv.m mağazanın hüquqi subyekti X4r.

4. 22.07.2024-cü il traixli 52 nömrəli Göyçay rayonu Potu bələdiyyəsinin arayışı.

5. Göyçay rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 329 nömrəli məktubu.

6. Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu.

7. Milli Arxiv İdarəsi X6 filialının xx.xx.2024-cü il tarixli 53 nömrəli arxiv arayışının surəti.

8. Göyçay rayonu İcra Hakmiyyəti başçısının xx.xx.1992-ci il tarixli 325 nömrəli sərəncamının surəti.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, işin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar iddia olunan tikili naturada mövcuddur. Mağazanın inşasından 30 ildən artıq müddət keçməsi nəzərə alınmaqla tikili köhnə hesb olunur (1998). Sökülərək yenidən tikilməsi halı mövcud deyil, ümumi sahəsi 194,4 kv.m, hündürlüyü 4.50 m, mərtəbəliliyi hazırkı vəziyyət 264 inventar nömrəli texniki pasportda göstərilən tikilinin texniki göstəricilərinə uyğundur. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı-Qazax şosse yolunun arasında boş sahədən (5mx10m) ölçüdə mağaza tikintisi üçün torpaq sahəsi ayırılmış, həmin sahədə 194,4 kv. m. mağaza inşa edilərək iddiaçının atası X2 adına 01 nömrəli reyestr kitabında 46-cı səhifədə 142 reyestr nömrə ilə qeyd alınmış, 16 mart 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilərək verilmişdir. Göyçay rayonu Kürd kəndində yerləşən təsərrüfat obyekti xx.xx.2007-ci ildə X2 adına Vergi Xidmətində qeydə alınaraq, xx.xx.2023-cü ildə bağlanmışdır. Göyçay rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı X2 qanun üzrə vərəsəsi olduğu qeyd edilmişdir. Cavabdeh imtinasının əsası kimi xx.xx.2005-ci il tarixli 142 nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı arxivində saxlanılan qeydiyyat vəsiqələrinin qeydiyyatı kitabında və arxiv qovluğunda heç bir məlumat aşkarlanmamasına, həmçinin qeyri-yaşayış binasının şimal hissəsindən 7.5 metr məsafəsindən, cənub hissəsindən 5.5 metr 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçməsinə istinad etmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X2 adına 16 mart 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə münasibətdə həlledici amil kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat çıxış edir. Belə ki, iddiaçının mərhum atasının adına tərtib olunmuş 01 nömrəli reyestr kitabında 46-cı səhifədə 142 reyestr nömrə ilə qeyd alınmış, 16 mart 2005-ci il tarixli Qeydiyyat vəsiqəsi mövcuddur. Həmin qeydiyyatın mövcudluğunu cavabdeh də təsdiq edir. Bu halda, Mülki Məcəllənin 140-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Belə ki, cavabdeh iddiaçının adına edilmiş Reyestr kitabında İnv. 264, Qeyd 142, kitab 01, səh. 46-da yerləşən müvafiq qeydiyyatı mübahisələndirmir, həmçinin sözügedən qeydiyyatın sonradan cavabdeh inzibati orqan tərəfindən hər hansı qaydada ləğvinə və ya etibarsızlığına dair icraat aparılmamışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə Mülki Məcəllənin 140-cı maddəsinə istinadla reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürülməklə iddiaçının qeydiyyat vəsiqəsinin mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci və 22-ci maddələri iddiaçının tələbinin təmin olunmasının qanuni əsasını təşkil edir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Hazırkı halda isə iddiaçının tələbini “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci və 22-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığı halda, cavabdehin imtinası həmin Qanunun 15.1-ci maddəsində sadalanan hallardan heç birinə uyğun gəlmir. Analoji işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2-1(102)-810/2024 nömrəli Qərarında qeyd olunmuşdur ki, “...Yuxarıda da göstərildiyi kimi həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. İddiaçının hərracda iştirak etməsi də, vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, qeyd edilən hərrac reyestr kitabında iddiaçının adına qeydiyyat olduğu halda aparılmışdır. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda, iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır.”. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunla müəyyən edilmiş şərtlərə əsaslanmadığından, iddiaçının tələbi isə qanuni olduğundan iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Kür kəndində yerləşən sahəsi 194,4 kv.metr olan mağaza binası üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar