Məhkəmə qərarları › İş №2-1(116)-866/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-866/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-866/2025 27.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2901/2024 nömrəli qərardadından verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-651/2024 nömrəli qərardadı ilə təmin edilmiş, qərardad tam ləğv edilərək inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu ildən Ağcabədi Rayonlararası Mühafizə Şöbəsinin Zərdab rayon bölməsində çalışmışdır. 1997-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsində ağacları kəsməsi ilə bağlı ona qarşı cinayət işi başlanmış, lakin sonradan xx.xx.2024-cü il tarixli qərarla cinayət təqibinə xitam verilmişdir. Bu hadisə ilə əlaqədar Baş Mühafizə İdarəsinə çağırılmış, xidməti vəsiqəsi alınmış və DİN-in xx.xx.2023-cü il tarixli əmri ilə "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə" xidmətdən azad edilmişdir. İddiaçı bildirir ki, işdən azad olunmaq üçün ərizə yazmayıb və cinayət təqibinə xitam verildikdən sonra da işə bərpa olunmayıb. DİN-ə dəfələrlə müraciət etməsinə və iki dəfə nazirin qəbulunda olmasına baxmayaraq, işinə qaytarılmayıb. İddiaçı hesab edir ki, işdən çıxarılması qanunsuz və əsassızdır, buna görə də əmrin ləğvini, işə bərpa olunmasını və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsini tələb edir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13- 17/Ə(SH)2106/2023 saylı əmri, Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, “cinayət təqibinə xitam verilməsi haqqında” qərarı, ******* №-li əmək kitabçasının surəti. Əsaslandırma hissəsi : Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı, cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. İddia tələbinin irəli sürülməsi üçün İPMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi mümkünlük şərti ödənilmişdir. Lakin, iddia əsassızdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 28. Polis əməkdaşının xidmətə qəbul edilməsi İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. ... Vİİİ. polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 33. Polis əməkdaşının məsuliyyəti Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: ... 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: ... 7) xidmətdən xaric edilmə İV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: ... 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə İİİ. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə Daxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, daxili işlər orqanlarının əməkdaşı adına ləkə gətirən hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər. DİN-in xx.xx.2011-ci il tarixli 400 nömrəli əmrilə təsdiq edilmiş “daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” Təlimatın 1.16.4-cü bəndinə əsasən, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul edilə bilməzlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində iş yerinə və vəzifəsinə bərpa olunmaqla, məcburi işburaxmaya görə pulun ödənilməsinə nail olmaqdır. Belə ki, iddiaçı, X1 Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmiş və DİN Baş Mühafizə İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddia tələbinə hüquqi qiymət verilməsi üçün iddiaçının yol verdiyi hərəkətlərin daxili işlər orqanları əməkdaşının adına ləkə gətirib-gətirmədiyi müəyyən edilməlidir. İşdə olan, Zərdab rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, “cinayət təqibinə xitam verilməsi haqqında” qərarında qeyd edilmişdir ki, iddiaçının 20-23 oktyabr 2023-cü il tarixlərdə JN-0079, KOD9051 3018 nömrəli "Torpağa mülkiyyet hüququna dair" dövlət akti ilə özünə və ailə üzvlərinə məxsus Zərdab rayonu, Şıxbağı kəndində yerləşən 3,25 ha pay torpaq sahəsində "Kzubr" markalı zəncirli mişarla dəyəri 200 manat olmaqla 24 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 30 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 300 manat olmaqla 32 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 400 manat olmaqla 38 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 500 manat olmaqla 42 sm diametrli 01 ədəd qovaq ağacı, dəyəri 800 manat olmaqla 48 sm diametrli 01 ədəd qovaq ağacı və dəyəri 1300 manat olmaqla 58 sm diametrli 01 ədəd tut ağacı olmaqla, cəmi 3800 manat dəyərində 06 ədəd qovaq və 01 ədəd tut cinsli yaş vəziyyətdə köküstə biloji inkişafda olan ağacları qanunsuz kəsərək təbiətə xeyli miqdarda ziyan vurması sübuta yetirilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri toplanmış bütün sübutlarla öz təsdiqini tapsa da, əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, cinayətin üstünün açılmasına fəal kömək etməsi və cinayət nəticəsində təbiətə dəymiş ziyanı ödəməsi səbəbindən barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-nin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Sözügedən qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs İddiaçı ərizə ilə rayon prokurorluğuna müraciət edərək barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı dövlət orqanında xidmət edən polis əməkdaşı olduğu halda, öz torpaq sahəsində qanunsuz ağac kəsmə ilə bağlı cinayət törətmişdir. Bu əməl CM-nin 259.1-ci maddəsi ilə (Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) tövsif olunmuş və sübuta yetirilmişdir. O, təqsirini boynuna alaraq, vurulmuş ziyanı ödədiyi üçün CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, lakin cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməmişdir. Diqqətəlayiq hal ondan ibarətdir ki, iddiaçı, barəsində istintaq olunan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarından göründüyü kimi barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərin daxili işlər orqanlarında xidmət keçməsini qanunvericilik birbaşa qadağan edir. Məhkəmə qeyd edir ki, polis əməkdaşı dövlətin hüquq mühafizə orqanlarının nümayəndəsi kimi, qanunçuluğun təmin edilməsində xüsusi məsuliyyət daşıyır və vətəndaşlara nümunə olmalıdır. Polis əməkdaşının hüquq pozuntusuna yol verməsi cəmiyyətin hüquq-mühafizə orqanlarına etimadını sarsıtmaqla xidmətin nüfuzuna xələl gətirir. Burada hüquq pozuntusunun ağırlığından çox, onun polis əməkdaşı tərəfindən törədilməsi xüsusi əhəmiyyət daşıyır. Yəni, polis əməkdaşının davranışı təkcə fərdi məsuliyyət çərçivəsində deyil, eyni zamanda, daxili işlər orqanlarının nüfuzuna təsir edən amil kimi qiymətləndirilməlidir. İddiaçının törətdiyi əməl inzibati xəta və ya intizam pozuntusu yox, məhz cinayət tərkibli əməl olmuşdur. Odur ki, iddiaçının əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin mövcudluğu sübuta yetirildiyindən, onun yol verdiyi hərəkətlər daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçını, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-13-17/Ə(SH)2106/2023 saylı əmrinin ləğv olunması, Ağcabədi rayonlararası mühafizə idarəsində olan əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə pulun məcburi qaydada cavabdehdən tutulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar