Məhkəmə qərarları › İş №2-1(116)-881/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-881/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-881/2022 29.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixli imtinası əsassız hesab edilərək, həmin tarixdən əlilliyinin bərpa olunması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1978-ci ildə Şəki rayonu Zunud kəndində anadan olmuş və hazırda Şəki rayonu İnçə kəndində yaşayır. İddiaçı 1998-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən xx.xx.1999-cu ildə yaralanmış, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək N nömrəli hərbi hissədə "Kürək sümüyünün sınığı ilə sağ kürək nahiyəsinin dəlib-keçən güllə yaralanması nəticəsində, sağ çiyin qurşağının kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2002-ci il tarixli 294 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, həmin yaralanma hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2003-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2004-cü ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə ona xx.xx.2015-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə ona xx.xx.2016-cı ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona xx.xx.2021-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs İddiaçı tibbi-sosial ekspert komissiyasına xx.xx.2021-ci il tarixli 0344003AAJ46 nömrəli göndəriş vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tibbisosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı əlilliyin müəyyən edilməsindən imtina olunmuş və göstərilmişdir ki, ona qoyulmuş "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ kürək nahiyəsinin dəlib keçən güllə yaralanması, sağ kürək sümüyünün qeyri-düzgün bitişmiş sınığı" diaqnozu əlillik əlaməti təyin etmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilməsi və həmin tarixdən əlilliyin bərpa olunaraq əlilliyin kəsildiyi vaxtdan hazırkı vaxtadək ödənilməmiş əlillik pensiyasının ödənilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "cavabdehin xx.xx.2021-ci il tarixli imtinası əsassız hesab edilərək, həmin tarixdən əlilliyinin bərpa olunması" kimi ifadə etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, onun xəstəliyi davam edir və müalicələr nəticə vermir, əlillik təyinatından imtina qeyri-dəqiqdir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmiş və şifahi məhkəmə baxışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2002-ci il tarixli 294 nömrəli qərarından görünür ki, İddiaçı 1998-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən xx.xx.1999-cu ildə yaralanmış, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək N nömrəli hərbi hissədə "Kürək sümüyünün sınığı ilə sağ kürək nahiyəsinin dəlib-keçən güllə yaralanması nəticəsində, sağ çiyin qurşağının kontrakturası, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozu ilə müayinə və müalicə olunmuşdur, müəyyən edilmişdir ki, həmin yaralanma hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - İşdə olan, 17 nömrəli tibbi-sosial ekspert komissiyasının xx.xx.2003-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2004-cü ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, 17 nömrəli tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, ona xx.xx.2015-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, 17 nömrəli tibbi-sosial ekspert komissiyasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, ona xx.xx.2016-cı ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, 17 nömrəli tibbi-sosial ekspert komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, ona xx.xx.2021-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 0344003AAJ46 nömrəli göndərişindən görünür ki, İddiaçı tibbi-sosial ekspert komissiyasına göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin tibbi-sosial ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin müəyyən edilməsindən imtina olunmuş və göstərilmişdir ki, ona qoyulmuş "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ kürək nahiyəsinin dəlib keçən güllə yaralanması, sağ kürək sümüyünün qeyri-düzgün bitişmiş sınığı" diaqnozu əlillik əlaməti təyin etmir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə qərarın və ya bu barədə yazılı məlumatın ona verilməsini təsdiq edən sənəd mövcud olmadığına görə məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin sənədin 20 gün müddətində məhkəməyə təqdim olunması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təklif edilmiş, lakin cavabdeh məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bundan başqa, Həmin Əsasnamənin 4.2-ci maddəsinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci ildə tibbi-sosial ekspert komissiyası tərəfindən müayinə olunmuş, ona "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ kürək nahiyəsinin dəlib keçən güllə yaralanması. Sağ kürək sümüyünün qeyri düzgün bitişmiş sınığı" diaqnozu qoyulmuş, lakin həmin diaqnoz əlillik əlaməti təyin edilmədiyinə görə əlilliyin müəyyən edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi- Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı qoyulmuş "Yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ kürək nahiyəsinin dəlib keçən güllə yaralanması. Sağ kürək sümüyünün qeyri düzgün bitişmiş sınığı" diaqnozu təsdiq olunurmu? 2) Əgər təsdiq olunursa, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq, ona əlilliyin təyin edilməsi üçün əsas verirmi? 3) Əsas verirsə, ona neçənci dərəcəli əlillik təyin edilməlidir? Ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən hazırlanmış xx.xx.2022-ci il tarixli ekspert rəyində aşağıdakı cavab verilmişdir: - İddiaçı tibbi sənədləri və əyani müayinəsinə əsasən onda "yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sağ kürək nahiyəsinin dəlib-keçən güllə yaralanması, sağ kürək sümüyünün qeyri-düzgün bitişmiş sınığı" diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin maddələrini aid etmək mümkün olmadı. Müəyyən edildi ki, məhkəmənin qərardadında ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilsə də, ekspertiza həmin Birliyin məhkəmə-tibb eksperti X2 və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X4 tərəfindən keçirilmiş və rəy hər ikisi tərəfindən imzalanmışdır. X6 Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı işdə cavabdeh qismində çıxış edir və X4 həmin Agentliyin işçisi olmaqla qulluq mövqeyinə görə ondan asılıdır. Bununla yanaşı, müəyyən edildi ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-642/2022 nömrəli başqa bir işdə də məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş, həmin iş üzrə də ekspert rəyini həmin Birliyin məhkəmə-tibb eksperti və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti imzalamışlar. Bu səbəbdən məhkəmə ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza təyin edib ekspertizanın aparılmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi- Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə etmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 1321 nömrəli cavab məktubu ilə iş təkrar ekspertiza aparılmadan geri qaytarılmış və məktubda göstərilmişdir ki, hal-hazırda əlilliyin təyini haqqında meyarlar yalnız Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edildiyindən və bunun alternativi olmadığından Birlikdə bu ekspertiza təkbaşına icra oluna bilməz. Belə olan halda, məhkəmə qeyd edir ki, ekspert rəyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçisi olmaqla qulluq mövqeyinə görə cavabdehdən asılı olan şəxs tərəfindən imzalanması ilə razılaşmaq mümkün olmasa da, ekspert rəyi həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibb eksperti tərəfindən imzalandığına və həmin ekspertin qərəzsizliyinə şübhə olmadığına görə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə, ekspert rəyinə əsasən, İddiaçı əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin maddələrini ona aid etmək mümkün olmadığına görə məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya əlillik təyin etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixli imtinası əsassız hesab edilərək, həmin tarixdən əlilliyinin bərpa olunması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar