Məhkəmə qərarları › İş №2-1(116)-889/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-889/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-889/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yevlax regional qeydiyyat imtahan və texniki baxış şöbəsinə qarşı "1986-cı il buraxılışı tranzit nişanlı "QAZ-66" markalı yük avtomobilinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Salehov X4 rayon Keştək kəndində qeydiyyatda olmaqla, məcburi köçkün kimi Gəncə şəhərində yaşayır. "QAZ-66" markalı, 1986-cı il buraxılışlı, tranzit dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər Kəlbəcər rayonu Çərəkdar kəndi "Sabir" adına kolxozun balansında olmuşdur. Bu hal "Kəlbəcər rayon aqrar islahat komissiyasının sərəncamında olan maşın və mexanizmlərin özəlləşdirilməsinə dair məlumat"da əks olunmuşdur. Kəlbəcər Rayon Təsərrüfathesablı Avtonəqliyyat və Mexanikləşdirmə Birliyinin (bindan sonra mətndə - THANMB) yerli aqrar islahat komissiyası tərəfindən buraxılış ili 1986-cı il olan, "QAZ-66" markalı "Tranzit" avomobilə texniki baxış keçirilmiş və avtomobilin nasaz olduğu müəyyən edilmişdir. Avtomobil satış dəyəri 393000 manat qiymətləndirilmişdir. Kəlbəcər Rayon THANMB-in yerli aqrar islahat komissiyası və İddiaçı 05.10.2004-cü ildə həmin avtomobilin alqı-satqısı barədə müqavilə bağlamışlar. Kəlbəcər Rayon THANMB-in yerli aqrar islahat komissiyasının 12.10.2004-cü il tarixli 20 nömrəli qərarı ilə 1986-cı il buraxılışlı "QAZ-66" markalı tranzit dövlət qeydiyyat nişanlı avtomobilin 393000 manata sürücü İddiaçı satılması məqsədəuyğun hesab edilmişdir. İddiaçı tərəfindən 29.10.2004-cü ildə 393000 manat məbləğində pul banka ödənilmişdir. Kəlbəcər rayon aqrar islahat komissiyasının 30.10.2004-cü il tarixli SƏ-1/ik- 23 nömrəli qərarı ilə 393000 manat dəyərində "QAZ-66" markalı nömrəsiz avtomobilin həmin avtomobilin sürücüsü İddiaçı satılması məsləhət bilinmişdir. Həmin avtomobil 05.11.2004-cü ildə İddiaçı təhvil verilmiş və bu barədə akt tərtib olunmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin avtomobilin öz adına qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh 20.02.2020-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, həmin avtomobilin Kəlbəcər Rayon Təsərrüfathesablı Avtonəqliyyat Birliyinə məxsus olması barədə qeydiyyat şəhadətnaməsi və ilkin zavod təhvil-təslim aktı olmadığı üçün həmin avtomobilin qeydiyyata alınması, qeydiyyat şəhadətnaməsi və qeydiyyat nömrəsi verilməsi mümkünsüzdür. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 1986-cı il buraxılışlı tranzit nişanlı "QAZ-66" markalı yük avtomobili Kəlbəcər rayonu Çərəkdar kəndi "Sabir" adına kolxozun balansına verilmiş, lakin ona dövlət nömrə nişanı alınmamışdır. 2004-cü ildə Kəlbəcər rayon aqrar islahat komissiyasının 30.10.2004-cü il tarixli SƏ-1/İK-23 nömrəli qərarı ilə həmin avtomobil onun mülkiyyətinə verilmiş, elə həmin vaxtdan onun mülkiyyətində olmuşdur. Cavabdeh iddiaya qarşı 30.04.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Baş X8 İdarəsinin 20.02.2020-ci il tarixli 016-15/2032 nömrəli məktubundan görünür ki, 1986-cı il buraxılışı tranzit nişanlı "QAZ-66" markalı yük avtomobilinin Kəlbəcər Rayon Təsərrüfathesablı Avtonəqliyyat Birliyinə məxsus olması barədə qeydiyyat şəhadətnaməsi və ilkin zavod təhvil-təslim aktı olmadığı üçün həmin avtomobilin qeydiyyata alınması, qeydiyyat şəhadətnaməsi və qeydiyyat nömrəsi verilməsi mümkünsüzdür. - İşdə olan, Kəlbəcər Rayon Aqrar İslahat Komissiyasının 30.10.2004-cü il tarixli SƏ-1/İK-23 nömrəli qərarından görünür ki, 1986-cı il buraxılışı tranzit nişanlı "QAZ-66" markalı yük avtomobili İddiaçı mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: - istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; - nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; - komisyon və ticarət təşkilatlarının verdiyi arayiş-hesab; - vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; - əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; - qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; - nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X5-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıbalındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; - müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci abzasına görə, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, sovxoz və kolxozların islahatı ilə əlaqədar olaraq aqrar islahat komissiyaları yaradılmış və özəlləşdirilən sovxoz və kolxozların əmlakı ilə bağlı qərar vermək səlahiyyəti həmin komissiyalara verilmişdir. Kəlbəcər Rayon THANMB-in yerli aqrar islahat komissiyası və İddiaçı arasında 05.10.2004-cü ildə avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı həmin avtomobilə mülkiyyət hüququ əldə etmişdir. Həmin müqavilə və aqrar islahat komissiyalarının müvafiq qərarları "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"nin 2.9-cu bəndinin sonuncu abzasında göstərilən "müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər" anlayışına uyğun gəlir. Cavabdehin imtinasında göstərilən, avtomobilin Kəlbəcər Rayon Təsərrüfathesablı Avtonəqliyyat Birliyinə məxsus olması barədə qeydiyyat şəhadətnaməsinin və ilkin zavod təhvil-təslim aktının olmaması barədə dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, avtomobilin Kəlbəcər rayonu Çərəkdar kəndi Sabir adına kolxozun balansında olması, sonra Kəlbəcər Rayon THANMB-in sərəncamına verilməsi işdə olan, Kəlbəcər rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş "Kəlbəcər rayon aqrar islahat komissiyasının sərəncamında olan maşın və mexanizmlərin özəlləşdirilməsinə dair məlumat"da əks olunmuşdur. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh avtomobili iddiaçının adına qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. "QAZ-66" markalı 1986-cı il buraxılışı tranzit dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yevlax regional qeydiyyat imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar