Məhkəmə qərarları › İş №2-1(116)-91/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-91/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-91/2021 18.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atəşkəs dövrünədək, yəni 08 may 1994-cü ilədək dövr ərzində döyüşmüş müharibə veteranlarına ödənilməli olan birdəfəlik müavinətin – sığorta pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 11.03.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. O, bugünədək digər veteranlara ödənilən sığorta pulunu ala bilməmişdir. Belə ki, sığorta pulunun ödənişinin olunması üçün iddiaçı müvafiq orqana xidməti rəy və travma haqqında arayış təqdim etməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, yaralanması barədə arayışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 10.02.2020-ci il tarixli, 038-136H- 3220 nömrəli imtina məktubunda qeyd etmişdir ki, arxivdə iddiaçının şəxsi işində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə ezam edilməyi barədə əmrlər aşkar olunmuşdur. Lakin yaralanması barədə heç bir məlumat qeyd edilmədiyi üçün müvafiq arayışın verilməsi mümkün olmamışdır. İddiaçı 20.11.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 17.03.2020-ci il tarixli sərəncamı ilə cavabdeh orqandan iddia tələbinə qarşı rəsmi münasibət (etiraz) bildirilməsi tələb olunmasına baxmayaraq, iddiaçının iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin “Arif Heydərov” adına Respublika Hospitalının iddiaçıya dair 04.12.2019-cu il tarixli epikrizinin diaqnoz bölümündə “əsas diaqnoz- Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki budun orta 1/3 hissəsini dəlib keçən odlu silah (güllə) yaralanmasından sonrakı vəziyyət (24.04.1994). Xəstəliklə yanaşı gedən – 110 essensial (birincil) hipertenziya” qeyd edilmişdir. İş materiallarında olan Baş Mühafizə İdarəsi Yevlax Rayon Mühafizə Şöbəsinin 18.09.2019-cu il tarixli, 32 nömrəli xidməti rəyindən görünür ki, iddiaçı 20.12.1984-cü ildən 15.03.2006-cı ilədək Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət aparmış və müxtəlif tarixlərdə Goranboy, Xanlar, Şuşa, Tərtər, Qubadlı, Ağdam, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan DİN Xüsusi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 30.08.2019-cu il tarixli, 029/XHK-25 nömrəli məktubda qeyd edilir ki, xəsarətin səbəb əlaqəsinin qiyabi təyin edilməsi üçün xidməti təhqiqat materialları (xidməti rəy, travma haqqında arayış), əmək kitabçası və stasionar müalicə aldığı xəstəxanalardan verilmiş xəstəlik tarixindən çıxarışların (epikriz) əsilləri ilə Komissiyaya dəvət olunmuşdur. İş materiallarında olan Mühafizə Şöbəsi rəisinin 151 nömrəli aprel 1994-cü il tarixli əmrindən görünür ki, İddiaçı digər polis nəfərləri ilə birgə (cəmi 4 nəfər) Goranboy rayonuna ezam edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin göndərişi ilə iddiaçı Daxili İşlər Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Yevlax RMX publik hüquqi şəxsinin iddiaçıya verdiyi 1142 nömrəli çıxarışda xəstəliyinin diaqnozu “hər iki budun orta 1/3 hissəsinin yumşaq toxumasından dəlib keçən güllə yarası” kimi qeyd edilmişdir. İş materiallarında olan Yevlax RMX publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli, 04-02-791/20 nömrəli məktubda qeyd edilir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Arxiv bölməsinə məxsus sənədlər Arxiv qaydalarına uyğun olaraq, 2015-ci ilə qədər olan sənədlər saxlanılmaqla digər sənədlər Milli Arxiv İdarəsinin Yevlax şəhər filialına təhvil verilmişdir. İş materiallarında olan X4 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışında qeyd edilir ki, Dövlət Arxivində mühafizə olunan X3 1994-cü ilə dair Qarabağda travma alan xəstələrin Stasionar müalicəsi jurnalında 1960-cı il təvəllüdlü Xaldan kəndində yaşayan polis İddiaçı Yevlax xəstəxanasında müalicə alması barədə aşağıdakı məlumatlar vardır. İddiaçı 24 aprel 1994-cü il tarixdən 16 may 1994-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində stasionar müalicə almışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 27 nömrəli xəstəlik tarixçəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 09.04.2021-ci il tarixli, 038-7492-1221 nömrəli məktubda qeyd edilir ki, Sabiq polis nəfəri, polis baş serjantı İddiaçı 20.12.1984-cü il tarixdən 15.03.2006-cı il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yevlax Rayon Mühafizə Şöbəsində xidmət etmişdir. DİN-in BƏSİİ-dən daxil olmuş əmrlərin, Yevlax Rayon Mühafizə Şöbəsindən isə daxil olmuş xidməti rəyin surətlərində İddiaçı xidmət etdiyi dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi göstərilmişdir. Lakin onun döyüşlərdə xəsarət alıb-almaması ilə bağlı yoxlama və müqayisəli təhlil aparılması DİN-in Daxili Təhqiqatlar İdarəsinin Əsasnaməsinə uyğun olaraq onların səlahiyyətlərinə aiddir. İş materiallarında olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli **********9 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçıya filial tərəfindən hər hansı növ təqaüd ödənilmir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.05.2021-ci il tarixli, 038-9279-1221 nömrəli məktubda qeyd edilir ki, məhkəmənin müraciəti ilə bağlı sabiq polis nəfəri, polis baş serjantı İddiaçı qurumdan daxil olmuş arxiv şəxsi işindən xidmətkeçmə siyahısının və barəsində müəyyən olunmuş Yevlax Rayon Mühafizə Şöbəsinin 26.10.1992-ci il tarixli 522, 04.02.1993-cü il tarixli 66 və 22.04.1994-cü il tarixli 151 saylı əmrlərinin çıxarılmış surəti göndərilməklə, İddiaçı arxiv şəxsi işində onun yaralanması barədə sənəd aşkar olunmadığı da diqqətə çatdırılır. İş materiallarında olan DSMF-nin 17 saylı Regional ərazi filialının məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, İddiaçı təqaüdü 30.04.2021-ci il tarixədək ödənmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 20.05.2021-ci il tarixli, 038-10401-1221 nömrəli məktubda qeyd edilir ki, «Müharibə veteranı» vəsiqəsinin verilməsi DİN-in X5 İdarəsi tərəfindən toplanmış sənədlər əsasında Nazirlikdə fəaliyyət göstərən komissiyanın səlahiyyətlərinə aiddir. Lakin həmin idarədən daxil olan məktubda İddiaçı adı çəkilən vəsiqənin verilməsi faktının müəyyən edilməməsi göstərilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, travma alması ilə bağlı xidməti yoxlama aparılması DİN-in 15.10.2010-cu il tarixli, 637 saylı əmri ilə təsdiq olunmuş «Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimat»ın 4.4 maddəsinə əsasən Daxili Təhqiqatlar İdarəsi tərəfindən həyata keçirilir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQnin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 22.04.1994-cü il tarixində Goranboy rayonuna ezam olunmuş, 24.04.1994-cü il tarixində hər iki budun 1/3nin yumşaq toxumasından keçən güllə yarası diaqnozu ilə Yevlax xəstəxanasına daxil olmuş, 16.05.1994-cü il tarixinə kimi orada stasionar müalicədə olmuşdur. Cavabdeh orqan özü də iddiaçının müxtəlif vaxtlarda döyüş bölgələrinə ezam olunması faktını təsdiq etmiş, ezam olunma barədə əmrlərin surətini məhkəməyə təqdim etmişdir. Cavabdehin imtinasının səbəbi iddiaçının arxiv şəxsi işində onun yaralanması barədə sənəd aşkar olunmaması olmuşdur. Halbuki, X4 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışında qeyd edilir ki, Dövlət Arxivində mühafizə olunan X3 1994-cü ilə dair Qarabağda travma alan xəstələrin Stasionar müalicəsi jurnalında 1960cı il təvəllüdlü Xaldan kəndində yaşayan polis İddiaçı Yevlax xəstəxanasında müalicə alması barədə aşağıdakı məlumatlar vardır. İddiaçı 24 aprel 1994-cü il tarixdən 16 may 1994-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində stasionar müalicə almışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 27 nömrəli xəstəlik tarixçəsi ilə qeydiyyata alınmışdır. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan arayışı əldə edəcəyi təqdirdə sığorta ödənişinin alınması, həmçinin həmin sənəd əsasında Xüsusi Həkim Komissiyasında xəsarətin səbəb əlaqəsinin təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, travma alması ilə bağlı xidməti yoxlama aparılmasının DİN-in 15.10.2010-cu il tarixli, 637 saylı əmri ilə təsdiq olunmuş «Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimat»ın 4.4 maddəsinə əsasən Daxili Təhqiqatlar İdarəsi tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, xidməti yoxlamanın aparılması həqiqətən də qeyd olunan orqan tərəfindən həyata keçirilə bilər, lakin bu hal cavabdehi müraciətlə bağlı inzibati icraat aparılması vəzifəsindən azad etmir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat başlamalı, lazım gələrsə müvafiq orqanlara sorğular verməli, nəticə etibarı ilə aparılmış araşdırma nəticəsində qanunamüvafiq qərar verməli idi. Lakin cavabdeh heç bir araşdırma aparmamış, onun dinlənilmə hüququnu təmin etməmiş, iddiaçının yaralanması barədə sənəd olmamasına istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar