Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-956/2022 27.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 14 yanvar 2022-ci il tarixli ******* nömrəli “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” qərarının ləğv edilməsi, Türkiyə Respublikasının vətəndaşı, 30 sentyabr 1971-ci il təvəllüdlü Murat Ünlüsoya İddiaçı MMCdə dərinin aşılanması, rənglənməsi və hazırlanması fəaliyyət sahəsi üzrə işləməsinə iş icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 yanvar 2022-ci il tarixli ******* nömrəli “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” qərarının ləğv edilməsi, Türkiyə Respublikasının vətəndaşı, 30 sentyabr 1971-ci il təvəllüdlü Murat Ünlüsoya İddiaçı MMC-də dərinin aşılanması, rənglənməsi və hazırlanması fəaliyyət sahəsi üzrə işləməsinə iş icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 24 yanvar 2021-ci il tarixli ******* nömrəli iş icazəsinə əsasən, Türkiyə Respublikasının vətəndaşı, 30 sentyabr 1971-ci il təvəllüdlü Murat Ünlüsoya "xxxx" MMCdə dərinin aşılanması, rənglənməsi və hazırlanması fəaliyyət sahəsi üzrə işləməsinə icazə verilmişdir. Həmin vaxtdan Murat Ünlüsoy müəssisədə işləyərək öz sahəsi üzrə çox böyük faydalar vermişdir. Lakin həmin iş icazəsi bir il müddətinə verildiyi üçün onun vaxtı 24 yanvar 2022-ci il tarixdə bitmişdir. Ona görə də "xxxx" MMC-nin müvafiq məktubu ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edilərək, Murat Ünlüsoya verilmiş iş icazəsinin müddətinin uzadılması xahiş edilmişdir. X4 Xidmətinin 14 yanvar 2022-ci il tarixli ******* nömrəli “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında qərarı” ilə "xxxx" MMC tərəfindən edilmiş 27 dekabr 2021-ci il tarixli müraciətin təmin edilməməsi qərara alınmışdır. Qərardan 30 gün müddətinə məhkəmə qaydasında şikayət vermək nəzərdə tutulmuşdur ki, hazırkı şikayət də qərar qəbul edildiyi gündən 28 gün sonra, yəni 11 fevral 2022-ci ildə təqdim edilir. Həmin qərar belə əsaslandırılmışdır ki, “aparılmış araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edilmişdir”. Lakin iddiaçı bu nəticə ilə qətiyyən razı deyil. Belə ki, iddia ərizəsinə əlavə edilən Türkiyə Cümhuriyyətinin Milli Eğitim Bakanlığı tərəfindən verilmiş 16 iyul 2019-cu il tarixli “Ustalık Belgesi” sənədindən görünür ki, Murat Ünlüsoy “dəri işləmə” ixtisası üzrə xüsusi təhsil almışdır. Yəni o, bu işin mütəxəssisidir. Yerli kadrlar arasında öz işini dərindən bacaran belə bir mütəxəssis olmadığı üçün iddiaçı Murat Ünlüsoyla işləmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, qeyd olunan qərar tamamilə əsassız olub, formal xarakter daşıdığı üçün ləğv edilməlidir. Cavabdeh 18.03.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC Türkiyə Respublikası vətəndaşı Ünlüsoy Murata (pasport nömrəsi U********) Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə (dərinin aşılanması, rənglənməsi, hazırlanması fəlaıyyətı üzrə) məşğul olması üçün iş icazəsinin müddətinin uzadılması ilə bağlı 27.12.2021-ci ıl tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında təqdim olunan sənədlər haqqında məlumatlar rəy verilməsi üçün (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 67-ci maddəsinə əsasən) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş və həmin Nazirlik tərəfindən əcnəbi barəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması barədə rəy verilmişdir. Yuxarıda qeyd olunanları və AR Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsini rəhbər tutaraq (“işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda”) iş icazəsinin müddətinin uzadılması ilə bağlı müraciətin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilmişdir. Cavabdeh etirazında iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 14.01.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı qərarı əldə etdikdən 30 gün ərzində, yəni 11.02.2022-ci il tarixli iddia ərizəsini elə həmin tarixdə poçt xidmətinə təqdim etməklə məhkəməyə müraciət etmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: 2016-cı ildə tərtib olunmuş “Nizamnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 06.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. **********4 nömrəli “Türkiye Cumhuriyyeti kimlik kartı”nın surətindən görünür ki, Ünlüsoy Murat 30.09.1971-ci ildə doğulmuşdur, Türkiyə Respublikasının vətəndaşıdır. “Türkiye Cumhuriyyeti Milli Eğitim Bakanlığı”nın 16.07.2019-cu il tarixli 2019/46 nömrəli “Ustalık belgesi”nin təsdiq edilmiş surətindən görünür ki, Murat Ünlüsoy dəri işləmə üzrə təhsil almışdır. 0055328 nömrəli 24.01.2021-ci il tarixdə verilmiş “İş icazəsi”nin təsdiq edilmiş surətindən görünür ki, Murat Ünlüsoy İddiaçı MMC-də texnoloq, dəri vəzifəsi üzrə işləyir, icazənin müddəti 24.01.2022-ci il tarixədək etibarlıdır. Cavabdehin 14.01.2022-ci il tarixli ******* nömrəli “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” Qərarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC 27.12.2021-ci il tarixdə cavabdehə müraciət edərək Murat Ünlüsoya verilmiş iş icazəsinin müddətinin uzadılmasını xahiş etmiş, lakin sözügedən qərarla müraciət təmin edilməmişdir. Qərardad imtinaya səbəb olaraq aparılmış araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu göstərilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.1-ci maddəsinə görə, əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir; 3.0.13-cü maddəsinə əsasən, iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir; 5.0.4-cü maddəsinə görə, Azərbaycan Respublikasına viza əsasında və ya viza tələb olunmayan qaydada gələn, burada müvəqqəti olan, müvəqqəti olma müddəti uzadılan, müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya proseslərinin iştirakçılarıdır; İş icazəsi adlanan 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 51.5. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində həyata keçirilir. 51.6. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 51.7. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 51.8. İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 57.1-ci maddəsinə görə, dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. 57.2-ci maddəsinə əsasən, müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər. 63.2-ci maddəsinə görə, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar; 63.5-ci maddəsinə əsasən, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir. Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən iş icazəsinin verilməsindən imtinanın əsasları aşağıdakı kimi müəyyən edilmişdir: 66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: 66.0.1. bu Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 66.0.2. təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda; 66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda; 66.0.4. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda; 66.0.5. əmək miqrasiyası kvotası dolduqda; 66.0.6. əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda; 66.0.7. əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda. 67-ci maddədə iş icazəsi ilə bağlı müraciətlərə baxılması qaydası aşağıdakı kimi təsbit edilmişdir: 67.1. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron müraciət formasında təqdim edilə bilər. 67.2. Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı məlumat verir. 67.3. İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 67.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.0.2-ci, 65.0.3-cü, 65.0.4cü və 65.0.7-ci maddələrində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 67.5. Müvafiq icra hakimiyyəti orqanı daxil olmuş məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına rəy verir. 67.6. Müvafiq icra hakimiyyəti orqanının 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 67.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iş icazəsinin verilməsindən imtina barədə qərar bu Məcəllənin 66-cı maddəsinə istinad olunmaqla əsaslandırılmalı və qərarın surəti işəgötürənə təqdim edilməlidir. 67.8. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən müraciət edə bilər. 67.9. İşəgötürən həmin şəxslərin ölkədə qanuni əsaslarla qaldıqları və ya yaşadıqları müddətdə müvafiq icra hakimiyyəti orqanına yenidən müraciət edərsə, yalnız iş icazəsi verilməsindən imtina üçün əsas olan halın aradan qalxdığını təsdiq edən sənədi təqdim edir. 67.10. İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanı 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir. 67.11. İş icazəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. 67.12. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. 67.13. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir. 67.14. İş icazəsinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və verilməsi, habelə iş icazəsi almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən iş icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X3 Sistemi vasitəsi ilə həyata keçirilir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08.07.2013-cü il tarixli 938 nömrəli Fərmanının: ... 5.4-cü hissəsinə əsasən həmin Məcəllənin 8.2-ci, 8.3-cü, 15.4-cü, 20.3-cü, maddələrində, 21.2-ci maddəsində (hər iki halda), 21.4-cü, 21.6-cı maddələrində, 21.8-ci maddəsinin birinci cümləsində, 22.3-cü maddəsində (ikinci halda), 23.5-ci, 39.1-ci, 42.4cü, 42.6-cı, 44.2-ci, 44.3-cü, 44.5-ci maddələrində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci, 47.1-ci, 47.9-cu, 48.2-ci, 48.4-cü, 51.4-cü, 52.2-ci, 52.3-cü, 53.2-ci, 54.1-ci maddələrində, 54.6-cı maddəsində (birinci halda), 54.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 54.8-ci maddəsində (birinci halda), 54.9-cu maddəsində, 54.11ci maddəsinin birinci cümləsində, 54.11-1-ci maddəsində, 55.0-cı maddəsində, 59.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində, 65.0-cı (65.0.1-ci və 65.0.7-ci maddələr istisna olmaqla), 67.2-ci maddələrində, 67.4-cü maddəsində (birinci halda), 67.5-ci maddəsində (ikinci halda), 67.7-ci, 67.9-cu, 67.10-cu, 67.11-ci, 67.13-cü, 68.1-ci, 69.2-ci, 69.6-cı, 70.3-cü maddələrində, 71.1-ci maddəsinin birinci cümləsində, 72.1-ci, 72.2-ci maddələrində, 72.4-cü maddəsinin ikinci cümləsində, 73.0-cı, 74.7-ci, 76.4cü, 77.2-ci, 77.5-ci, 79.1-ci, 79.9-cu maddələrində, 80.1-ci maddəsinin ikinci cümləsində, 80.2-ci maddəsində (hər iki halda), 80.3-cü maddəsində (hər iki halda), 80.4-cü maddəsində, 80.6-cı maddəsində (birinci halda), 80.6-1-ci maddəsində, 80.8-ci maddəsinin birinci cümləsində (birinci halda) və ikinci cümləsində (birinci halda), 80.9-cu maddəsinin ikinci cümləsində, 81.2-ci maddəsində (birinci halda), 82.2.1-ci, 83.1-ci, 83.2ci, 83.3-cü, 92.1.10-cu, 92.1.11-ci, 92.1.13-cü, 93.4-cü, 93.5-ci və 94.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; ... 5.16-cı hissəsinə görə həmin Məcəllənin 59.1-ci maddəsinin ikinci cümləsində, 59.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 59.3-cü, 59.8-ci, maddələrində, 67.4cü maddəsində (ikinci halda), 67.5-ci maddəsində (birinci halda), 67.6-cı, 75.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Sadalanan normaların tələblərindən göründüyü kimi işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina üçün əsas hesab olunur. Cavadehin etiraz məktubundan müəyyən edilir ki, cavabdeh bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlamış və Nazirlik tərəfindən əcnəbi barəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması barədə rəy verilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müraciətin cavablandırılması haqqında VMMS sistemindən çıxarışın təsdiq olunmuş surətinə əsasən müəyyən edilmişdir ki, cavabdehin Murat Ulusoya münasibətdə “müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması (iş icazəsi)” barədə 27.12.2021-ci il tarixli U23443565 nömrəli müraciətinə, rəyin müəllifi qismində ƏƏSMN tərəfindən 28.12.2021-ci il sorğu tarixli ilə 29.12.2021-ci il tarixdə baxılmış və 30.12.2021-ci il tarixli etiraz rəyi verilmişdir. Odur ki, cavabdehin imtinası Miqrasiya Məcəlləsinin 67.4 və 67.5-ci maddələrində nəzərdə tutulmuş prosedur qaydalarından çıxış edərək, 66.0.3-cü maddənin tələbi baxımından hüquqi və əsaslı olmuşdur Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslılığı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 14 yanvar 2022-ci il tarixli ******* nömrəli “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” qərarının ləğv edilməsi, Türkiyə Respublikasının vətəndaşı, 30 sentyabr 1971-ci il təvəllüdlü Murat Ünlüsoya İddiaçı MMCdə dərinin aşılanması, rənglənməsi və hazırlanması fəaliyyət sahəsi üzrə işləməsinə iş icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-956/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-956/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver