Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1011/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 22 saylı qərarına əsasən onun mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Saray bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli, 22 saylı qərarı ilə ona ayrılmış 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Saray Bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 22 saylı qərarına əsasən iddiaçıya Abşeron rayon Saray qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi ayrılmış və 22 noyabr 2007-ci il tarixli qəbz əsasında ona satılan həmin torpaq sahəsinin razılaşdırılmış dəyəri 400 manat məbləğində pul Saray bələdiyyəsinin hesabına mədaxil edilmişdir. Ona ayrılmış torpaq sahəsinin təhkim aktı hazırlanmış, nişangah qoyulmuş və bu akt Abşeron rayonunun baş memarı və ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsinin müdiri tərəfindən razılaşdırılmışdır. İddiaçıya həmin torpaq sahəsinin Saray bələdiyyəsi tərəfindən hazırlanmış yerquruluşu planından çıxarış da verilmişdir. İddiaçı artıq 15 ildir ki,bu torpaq sahəsindən istifadə etməklə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və ailə üzvləri ilə bu evdə yaşayır.Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş,lakin cavabdeh təşkilat mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən 0.03 ha torpaq sahəsinin 15 noyabr 2007-ci il tarixdə, 22 nömrəli qərarla ayrıldığı balda, alqı-satqt aktının təqdim edilmədiyi; Saray bələdiyyəsinin verquruiuşu planından çıxarışının Saray bələdiyyəsinin, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmədiyi; torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyyat fondunun torpaqlarına aid edildiyi aşkar edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Saray bələdiyyəsi tərəfindən 15 noyabr 2007-ci il tarixli 22 saylı Qərarından görünür ki, X1 rayon Saray qəsəbəsi ərazisində 0,03 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli aktdan görünür ki, İ.Abazəliyevə ayrılmış 0.03 ha torpaq sahəsi ona təhvil verilmişdir. -04 saylı xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, İ.Abazəliyev Aberon rayonu Saray bələdiyyəsinin hesabına 400 manat torpaq pulu ödəmişdir. - Abşeron rayon Saray bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İ.Abazəliyevə ayrılmış 0.03 ha torpaq sahəsi barəsindədir. -Məhkəmənin sorğusuna əsasən xx.xx.2023-cü il tarixdə İ.Abazəliyevə ayrılmış 0.03 ha torpaq sahəsinə dair müayinə aktı məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 22 saylı qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsi Abşeron rayon Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşir və sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş Abşeron rayonu, Saray bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsi elektron baza məlumatlarına əsasən (DWG) bələdiyyənin ehtiyyat fondu təyinatlı torpaq sahəsinə aiddir. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.20223-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Saray bələdiyyəsinin 22 saylı xx.xx.2007-ci il tarixli qərarından çıxarışın və ona aid alt sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Cavabdeh inzibati orqan verdiyi imtina cavabını üç dəlillə əsaslandırmışdır: 1) torpaq sahəsina dair alqı-satqı aktının tərtib edilməməsi; 2) yerquruluşiu planından çıxarışın ərizəyə əlavə edilməməsi; 3) torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması. Yuxarıda göstərilən qanunvericilik normaları və Konstiusiya Məhkəməsi Plenumunun Qərarının məzmununa görə cavabdehin birinci və ikinci dəlilləri əsassız hesab edilə bilər. Yəni alqı-satqı aktının vaxtında tərtib edilməməsi və yerquruluşu planından çıxarışın möhürlə təsdiq edilməməsi imtina üçün əsas olmamalıdır. Lakin torpaq sahəsinin bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması özüözlüyündə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 33.1 Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. 33.3 Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. 33.4.Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. 33.5.Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 47.5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin,sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar yarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”: 1.11. Torpaqların kateqoriyaları Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 12-33-cü maddələrinə əsasən müəyyən edilir. 1.14. Ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Göstərilən normaların məzmunundan aydın olur ki, bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahələri yalnız müvafiq kateqoriyaya keçirildikdən sonra özgəninkiləşdirmə obyekti ola bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1011/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1011/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver