Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1040/2025 14.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı “Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 manat kompensasiyanın tutularaq ona ödənilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 114 saylı qərarı ilə Kommersiya məqsədi üçün tikililərin tikintisinə görə Şamaxı rayonu, S.Ə.Şirvani küçəsi ünvanında 199 m2 torpaq sahəsi ona satılmışdır. Həmin torpaq sahəsinə görə xx.xx.2007-ci ildə 17 saylı qəbzə əsasən Şamaxı Bələdiyyəsinin hesabına 300 (üç yüz) manat pul ödəmiş, ünvan 1 ünvanında ona cavabdeh tərəfindən 199 kv.m torpaq sahəsinin satılmasını xx.xx.2011-ci il tarixli aktı, xx.xx.2007-ci il tarixli 114 saylı qərar, xx.xx.2007-ci il tarixli 17 saylı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon Şöbəsinin arayışı, həmin şöbənin 17- 30 saylı rəyi, Şamaxı Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin Planı, Şamaxı şəhər Bələdiyyəsinin Yerquruluşu planından çıxarışı təsdiq edir. ƏMDK ünvan 2 ünvanında 0,0168 ha torpaq sahəsində yerləşən ümumi ölçüsü 140,8 kv.m olan qeyri-yaşayxş binasına görə onun adına xx.xx.2011-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* saylı Çıxarış qeydiyyata alınmışdır. İddiaçı 2007-ci ildən hərninq qeyri-yaşayış sahəsindən kommersiya məqsədi üçün istifadə edir,torpaq sahəsində Kommersiya işlərinin görülməsi məqsədilə tikililər tikmişdir. Torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə imtina verilmişdir. Adı çəkilən həmin imtina məktublarında qeyd edilir ki mülkiyyətçisi olduğunuz tikilinin altında yerləşən 168 kv.m torpaq sahəsi dövlətə məxsusdur. Həmin torpaq sahəsinin üzərimlə olan tikili Şamaxı rayon (kooperativlər Cəmiyyəti tərəfindən xx.xx.2011ci ildə Sizə (iddiaçıya) satılmışdır. Dövlət mülkiyyətinə aid olan torpaq sahəsini Sizin mülkiyiətinizə səlahiyyətsiz qurum - Şamaxı Bələdiyyəsi tərəfindən satıldığına görə, müraciətinizin icrası mümkün olmamışdır. Beləliklə ona məlum olmuşdur ki. Şamaxı rayon Bələdiyyəsinin müvafiq qərarı ilə ona satılmış ünvan 3 ünvanında yerləşən 199 kv.m torpaq sahəsinin mülkiyyətçisi Şamaxı Bələdiyyəsi deyildir. Şamaxı Bələdiyyəsi mülkiyyətçisi olmadığı torpaq sahəsini ona satmaqda haqlı olmamışdır. cavabdehin günahı üzündən 10000 (on min) manat maddi zərər çəkmişdir. Həmin vəsait torpaq sahəsinin alınmasına görə Bələdiyyənin hesabına ödənilən məbləğdən, sənədləşmə aparılması üçün ödənilən məbləğlərdən və s. ibarətdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı münasibət etiraz edərək bildirmişdir ki, Belə ki, İddiaçı Şamaxı Bələdiyyəsinə müraciət edərək 199 m2 torpaq sahəsinin alqı-satqı qaydasında satılmasını xahiş etmişdir. Şamaxı Bələdiyyəsi öz növbəsində satılması nəzərdə tutulan 199 m2 torpaq sahəsində müvafiq nişanlama işləri həyata keçirmişdir.“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” 15 mart 2002-ci il tarixli Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq sənədlər hazırlanarkən bələdiyyə, RİH-nin memarlıq şöbəsinə və ləğv olunmuş DTXK-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsi üzərində hər-hansı bir mübashisənin müəyyən edilmədiyi müəyyən edilmiş, ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 17- 7/ 30 nömrəli rəyində və qiymət arayışında torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu göstərilmiş və bələdiyyə tərəfindən torpaq sahəsinin alqı-satqı olunmasına dair müsbət rəylər verilmişdir. Qeyd olunanlara və “Bələdiyyə torpaqlarına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Şamaxı Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli, 114 saylı iclasının qərarı ilə İddiaçı satılmışdır.İddiaçı iddia ərizəsində də qeyd olunduğu kimi , o həmin sahədən kommersiya məqsədi üçün istifadə etmiş və gəlir əldə etmişdir, lakin ona maddi zərərin dəyməsini əsaslandıra bilməmişdir. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi, o yalnız bələdiyyə büdcəsinə 300 ( üç yüz) manat vəsait ödəmişdir.Yuxarıda qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarının surəti, Aktın surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsi tərəfindən verilmiş 17-7/30 saylı rəyin surəti, Şamaxı şəhər Bələdiyyəsinin Yerquruluşu planından çıxarışın surəti, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia kompensasiya verilməsinə dair iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı ilə komersiya məqsədləri üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğuna dair səlahiyyətli orqan olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsi tərəfindən 17-7/30 saylı rəyi də verilmişdir. İddiaçı öz növbəsində ona ayrılmış torpaq sahəsi üzərində komersiya məqsədli bina da tikmişdir. İddiaçının hüquqi marağı bələdiyyə tərəfindən zamanında düzgün olmayan qərar verilməsi nəticəsində sözügedən torpaq sahəsinin sənədləşdirə bilməməsinə görə cavabdehdən kompensasiya almaqdır. Bununla bağlı pretenziya məktubu olmasa da məhkəmə Sumqayıt Apellyasiya Məhkməsinin mövqeyini nəzərə alıb işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqdim edilən Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı qanunauyğun şəkildə qəbul edilmiş və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon şöbəsi tərəfindən də təsdiqlənmişdir. Yəni həmin dövrdə bələdiyyənin müvafiq məqsədlər üçün torpaq sahəsinin ayrılmasına səlahiyyəti olmuşdur. Göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması qanuni olduğundan, həmçinin həmin qərarın bələdiyyə tərəfindən ləğv edilməməsi müəyyən edildiyindən, iddiaçıya hər hansı kompensasiya verilməsindən söhbət gedə bilməz. İddiaçı sözügedən torpaq sahəsinə özünün mülkiyyət hüququnu qeydə almaq üçün müvafiq inzibati orqana müraciət edib, həmin inzibati orqana müraciətinin nəticəsindən asılı olaraq məhkəmədə mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Bələdiyyə inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı “Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 manat kompensasiyanın tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(118)-1040/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1040/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver