Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1067/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Quba rayon Güləzi bələdiyyəsinə qarşı “Quba rayon Güləzi bələdiyyəsi ilə Xıdır Ələsgərovun arasında bağlanmış 15 may 2021-ci il tarixli mövsümi icarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “Xırt” Birgə Təsərrüfatı cavabdeh Quba rayon Güləzi bələdiyyəsinə qarşı “Quba rayon Güləzi bələdiyyəsi ilə Xıdır Ələsgərovun arasında bağlanmış 15 may 2021-ci il tarixli mövsümi icarə müqaviləsinin ləğv olunması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq iş materialları üzrə araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi 1999-cu ildə seçilmiş Güləzi bələdiyyəsinin sabiq sədri X2 tamahı üzündən 20 ildir ki, “Xırt” birgə təsərrüfatına məxsus torpaq sahələrini itirmişlər. Güləzi icra nümayəndəliyinin ona verdiyi 13 fevral 2013-ci il tarixli arayışında qeyd edildiyi kimi kəndin yaylaq sahəsində özlərinə yaylaq evi tikərək hər il yay mövsümündə şəxsi təsərrüfatlarında olan mal-heyvanı Güləzi bələdiyyəsinin Xırt kənd ərazisində olan yaylaq sahələrinə aparmışlar. Mərhum atası X1 adına “Xırt” adlı birgə təsərrüfatı yaradaraq ailə üzvləri və təsərrüfatlarına üzv olan vətəndaşlara çatan əmlak payı, mal-heyvanı və 153 ha torpaq sahəsinə aqrar islahat komisiyasının 14 oktyabr 1995-ci il 7№-li qərarı ilə 1980-ci illərdən istifadə etdikləri yuxarıda adı qeyd edilən ərazidən həmin torpaqlara 08 aprel 1996-cı il 43№-li akt və xəritə almışdır. Ona verilən akt və protokolları imzalayan yerli islahat komisiyası üzvlərindən bir neçəsi sonradan bələdiyyə üzvü və bir nəfəri də bələdiyyələr yaranana kimi 20 il istifadə etdikləri təsərrüfata aid əraziyə oğlu Xıdır Ələsgərovun adına qeyri-rəsmi müqavilə bağlayan Məhəmməd Ələsgərov olmuşdur. Özünün 5 il bələdiyyəlik müddəti başa çatdıqdan sonra isə özündən sonra ikinci çağırış bələdiyyə sədri seçilmiş Güləzi bələdiyyəsinin sədri X5 Ələsgərovun adına 24 sentyabr 2005-ci il, 10 saylı qərarı ilə 15 il müddətinə icarə müqaviləsi bağlayaraq Şamaxılıların istifadəsinə vermişdir. İddiaçı bu ötən illər ərzində bu barədə 2006-cı ildə Güləzi bələdiyyəsinin 6 nəfər üzvü ilə Quba rayon İcra Hakimiyyətinə təsərrüfatın üzvləri ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, Azərbaycan Respublikası Torpaq Komitəsinə və bir neçə dəfə də ayrı-ayrı illərdə məhkəmələrə iddia ərizəsi ilə müraciət edilsə də torpaqları geri qaytara bilməmişlər. İddiaçı Güləzi bələdiyyəsinə rəsmi olaraq müraciət etdikdə o iddiaçını aldadaraq Güləzi bələdiyyəsinin büdcəsinə 320 manat pul ödətdirərək 25 may tarixində 60 ha torpaq sahəsinə mövsümi müqavilə versə də onların heyvanlarını həmin əraziyə də buraxmadılar. İddiaçı bu barədə Quba rayon icra hakimiyyətinə, Rayon prokurorluğuna, Quba rayon polis şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət edərək köməklik olunmasını xahiş etsə də, 17.06.2021 tarixində Xaçmaz Regional İdarəsindən, 29 iyun 2021-ci il tarixində Quba rayon İcra Hakimiyyətinin müavini Ruslan Şahbalayev tərəfindən gələn məktubla yaranmış problemin həllində bələdiyyəyə köməklik olunması tapşırılmışdır. Lakin Şamaxılıların onların heyvanlarına baxanlara - Babayev Rasim və qardaşı Kərimov Sərkara qarşı kobud rəftar edilərək heyvanlarınn suya və otlaq sahəsinə buraxılmaması üzündən xeyli sayda heyvanları tələf olmuşdur. Və nəhayət həmin ərazidən onları çıxarmışlar. Yenidən yay mövsümünün başlanmasına az bir müddət qaldığından həmin halların təkrarlanmaması üçün kənar yerlərdən gələn, onların dinc yaşamaq imkanlarınıı məhdudlaşdıranlara və onlara havadarlıq edənlərə qanunsuzluğa yol verməməyi izah etmək lazımdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti Quba rayon Güləzi bələdiyyəsi ilə Xıdır Ələsgərovun arasında bağlanmış 15 may 2021-ci il tarixli mövsümi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, əqdlərin və ondan sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421-424-cü maddələrində göstərilib və həmin tələblərin əsasında tərəflər arasında yaranmış mübahisələrə ümumi məhkəmələr tərəfindən mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 14.2-ci bəndində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Göründüyü kimi, iddiaçı iddia tələbində icarə müqaviləsinin ləğvini tələb edir. Lakin qeyd etmək lazımdır ki, müqavilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən inzibati akt hesab edilə bilməz. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. İddiaçının mübahisələndirdiyi müqavilə isə yuxarıda qeyd olunan əlamətlərin hamısına malik olmamaqla ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmır, habelə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Quba rayon Güləzi bələdiyyəsinə qarşı “Quba rayon Güləzi bələdiyyəsi ilə Xıdır Ələsgərovun arasında bağlanmış 15 may 2021-ci il tarixli mövsümi icarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1067/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1067/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver