Məhkəmə qərarları › İş №2-1(118)-1182/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1182/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1182/2021 26.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 18.06.2020-ci il tarixli, **********941100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin 18.06.2020-ci il tarixli, **********941100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı xəbəri olmadan ona əsassız əlavə vergi məbləği hesablamışdır. Həmin qərarın surətini almaq üçün vergi orqanına müraciət etdikdən sonra, cavabdeh ona 18.06.2021-ci il tarixli **********941100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın surətini təqdim etmişdir. Hesablanmış vergi borcu ilə bağlı bildirir ki, vergi orqanına zəngi nəticəsində ona məlum olmuş ki, həmin borcun hesablanmasına əsas apardığı valyuta dəyişmə əməliyyatı olmuşdur. Cavabdeh vergi orqanı isə adına aparılmış valyuta əməliyyatlarını rəhbər tutaraq onu məcburi qaydada uçota almış, daha sonra isə 18.06.2020-ci il tarixli **********941100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərara əsasən 5409,78 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Halbuki, vergi qanunvericiliyində bu qaydada və bu əsasla vergilərin hesablanması nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdan kənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət(iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Həmin Məcəllənin 99.3-cü maddəsində qevri-sahibkarlıq fəaliyyətindən gəlirlərin dairəsi təsbit edilmişdir. Sadalanan normalardan aydın olduğu kimi, xarici valyuta ilə aparılan əməliyyatlar zamanı malların təqdim edildiyi günlə malların dəyərinin ödənildiyi günə olan müsbət məzənnə fərqi və ya şəxsin bank hesabında olan valyuta üzrə qalığın bank hesabına mədaxil edildiyi günlə ilin sonuna olan müsbət məzənnə fərqi vergi ödəyicisinin satışdan kənar gəliri hesab edilir və Vergi Məcəlləsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətindən gəlir qismində vergiyə cəlb edilir. Göründüyü kimi hər hansı əməliyyatın vergiyə cəlb edilən əməliyyat olubolmaması vergi qanunvericiliyində dəqiq müəyyən edilmiş və xarici valyuta əməliyyatlarına görə verginin tutulması qaydası və dərəcəsi isə Vergi Məcəlləsinin 13 və 69-cu maddələrində tam şəkildə təsbit edilmişdir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı vergi ödəyicisi tərəfindən aparılmış valyuta dəyişmə əməliyyatını əldə rəhbər tutaraq və həmin əməliyyatı qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi qiymətləndirərək iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Halbuki həmin əməliyyatın aparıldığı hesabat dövründə Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valvuta (ABŞ dolları) ilə bağlı elan etdiyi rəsmi məzənnədə hər hansı dəyişiklik baş verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı oğlu 03.02.2020-ci il tarixli borc müqaviləsinə əsasən X1 39 000 (otuz doqquz min) manat pul vəsaitini borca götürmüş və həmin vəsaiti şəxsi istehlak məqsədləri üçün istifadə etmişdir. Daha sonra isə həmin borcu 31.12.2020-ci il tarixədək hissə-hissə ödənişlə geri qaytarmışdır. Həyata keçirilmiş əməliyyat nəticəsində heç bir mənfəət əldə etməmişdir. Sonda iddiaçının nümayəndəsi X5 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, işin faktiki hallarına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumatda iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı nəticəsində 85.499,00 ABŞ dolları məbləğində xarici valyutanın əldə edildiyi göstərilərək vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi bildirilmişdir. Həmin gəlirin təsərrüfat fəaliyyətindən əldə edilib-ediməməsi, nağd pul vəsaitinin əldə olunma mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirlərinə aid olması, həmin gəlirin əldə edilməsinə əsas verən əməliyyatlara dair sənədlər, habelə həmin gəlirin vergiyə cəlb edilib-edilməməsi barədə vergi orqanına məlumat verilməsi üçün 03.03.2020-ci il tarixli **********308000 nömrəli məktubla İddiaçı vergi orqanına dəvət edilmişdir. Lakin istər onun özü, istərsə də qanuni nümayəndəsi vergi orqanına gəlməmiş və valyuta mübadiləsi əməliyyatının aparılması ilə əlaqədar olan sorğu vərəqəsində qeyd olunan suallara münasibət bildirilməmişdir. İddiaçı tərəfindən eyni zamanda kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 05 iyun 2020-ci il tarixli **********701600 nömrəli məktuba da hər hansı bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış mənbəyi bəlli olan məlumat əsas tutularaq iddiaçıya kameral vergi yoxlaması ilə 2019-cu il üzrə11969,86 manat məbləğində əlavə gəlir vergisinin hesablanmasına dair 18 iyun 2020-ci il tarixli **********941100 nömrəli Qərar qəbul edilmişdir. İşin hüquqi hallarına münasibət də bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergi tutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə əsasən fiziki şəxslər tərəfindən gəlirlər əldə edilənədək vergi orqanında uçota durmadıqda, vergi orqanı tərəfindən vergi ödəyicisi məcburi qaydada uçota alınır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən vergi orqanları ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Göründyü kimi, vergi orqanı tərəfindən İddiaçı 18 iyun 2020-ci il tarixli **********941100 nömrəli Qərarla 2019-cu il üzrə 5409.78 manat məbləğində əlavə gəlir vergisi hesablayarkən vergi qanunvericiliyinin yuxarıda göstərilən tələbləri əsas götürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********941100 saylı, 18 iyun 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı oğluna 2019-cu il üzrə gəlir vergisinə görə 5409,78 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada hesablanmış 5409,78 manat vergi məbləğinin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********820400 saylı, 24 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 12.02.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2020-ci il tarixli, **********941100 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən 11.03.2020-ci il tarixdə 18722 manat pul vəsaitinin 11000 ABŞ dollarına, 19919 manat pul vəsaitinin isə 11700 ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq 18 iyun 2020-ci il tarixli **********941100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 5409,78 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun 24.04.2021-ci il tarixli **********820400 nömrəli qərarı ilə izibati şikayət təmin edilməmişdir. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, konvertasiya olunmuş pul vəsaitinin mənbəyi müəyyən edilməmiş, sahibkarlıq fəaliyyətindən əldə edilməsi təsdiqlənməmiş, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlər təqdim edilməmiş, bununla da konvertasiya olunmuş vəsaitin mənbəyi müəyyən olunmamış və onun vergiyə cəlb edilmiş olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər vergi qanunvericiliyinə ziddir və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X10 Heyəti 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2020-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından 38641.29 manat gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda cavabdeh vergi orqanının konvertasiya edilmiş pul vəsaitinin mənbəyinin və ya əvvəllər vergiyə cəlb olunmuş olmasının iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03.02.2020-ci il tarixli borc müqaviləsindən və 01.03.2021-ci il tarixli üzləşmə aktından bəlli olur ki, X2 39000 manat məbləğində pul vəsaitini qaytarılmaq şərtilə İddiaçı faizsiz borc kimi borca vermiş və sonuncu müqavilə üzrə öhdəliyini icra edərək həmin borc məbləğini 31.12.2020-ci il tarixədək hissə-hissə ödəniş şəklində geri qaytarmışdır. Məhkəmə bununla bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, vergi qanunvericiliyində faizsiz borc məbləğinin gəlir kimi vergiyə cəlb edilməsi ilə bağlı hər hansı norma mövcud deyil. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı valyuta dəyişmə əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyinə dair təsdiqedici sənədləri (borc müqaviləsini və üzləşmə aktını) cavabdeh vergi orqanına təqdim etmiş və sonuncu həmin sənədlərin həqiqətə uyğun olmadığını sübuta yetirə bilmədiyi halda, əsassız olaraq həmin sənədləri nəzərə almadan, iddiaçıya əsassız əlavə vergi məbləği hesablamışdır. Həmçinin məhkəmə qeyd edir ki, hesablamaya əsas olmuş valyuta dəyişmə əməliyyatı 2020-ci ilin mart ayında həyata keçirildiyi halda, vergi orqanı mübahisələndirilən inzibati akta əsasən gəlir vergisi üzrə əlavə vergi məbləğini 2019-cu ilə hesablamış və bu uyğunsuzluğu məhkəmə baxışı zamanı əsaslandıra bilməmiş, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş18.06.2020-ci il tarixli **********941100 nömrəli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş 18.06.2020-ci il tarixli **********941100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar