Məhkəmə qərarları › İş №2-1(118)-120/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-120/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-120/2021 05.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “cavabdehin onun barəsində hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə qərar qəbul edilməsi, cavabdehin depozitinə qovduğu 700 ABŞ dolları və 15 ABŞ dolları ondan qanunsuz tutulmuş pulun qaytarılması, 715 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulub ona qaytarılması, ona vurduğu mənəvi zərərə görə 100.000 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması və cavabdehin əməkdaşlarının əməllərinə cinayət tərkibi yaradan əlamətlərin mövcud olduğunu nəzərə alıb cinayət faktının araşdırılması barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4922/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük Ərazi İdarəsi ilə əvəz edilmiş və inzibati iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixində X2 Respublikasının vətəndaşı X3 ümumi etibarnaməyə əsasən iddiaçıya və onun oğlu X1 etibar etdiyi LADA 211440 Fada Samara markalı 2011-ci il buraxılışlı O 424 HFİ 05 dövlət nömrə nişanlı avtomobil iddiaçı tərəfindən gecə saat 01-02 radələrində Samur gömrük postundan keçirib gətirilmişdir. Cavabdeh orqanın Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun inspektoru əvvəlcə ondan avtomobilin Azərbaycana 1 aylıq buraxılmasına görə 1100 ABŞ dolları depozitə pul qoyulmasını tələb etmişdir. Müəyyən xahişlərdən sonra guya onun Qarabağ müharibəsi veteranı olduğunu da nəzərə alaraq həmin postda 700 ABŞ dolları məbləğində pulun depozitə qoyulmasına onu məcbur etmişlər. İddiaçı Sovet dövründə təhsil və təlim almış böyük heyətə mənsub vətənpərvər Azərbaycan zabiti kimi Azərbaycan Daxili İşlər Nazirliyinin müxtəlif orqanlarında, son dövrü isə mərkəzi aparatında müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Vətənə məlum son daşnak-erməni təcavüzü ekspansiyası zamanı Daxili İşlər Nazirliyinin bir qrup fədakar zabitləri kimi o də könüllü olaraq dəfələrlə qaynar cəbhə bölgələrinə məsul vəzifəli şəxs qismində cəlb edilmiş, uzun müddətli xidməti ezamiyyələrdə olmuş, Qarabağ və Qarabağətrafı bütün bölgələrdə ayrı-ayrı zaman kəsimində şərəflə və vicdanla xidmət etmişəm, ezamiyyə xidmətləri dövründə bir qarış olsun belə torpaq itkisinə yol verilməmişdir. Gömrükdə ondan tələb edilən 700 ABŞ dolları onun üçün böyük məbləğdir və o, həmin pulu da həmin vaxt onunla birlikdə olan qardaşından borc alıb cavabdeh orqanın işçilərinə verib qəbz almışdır. O hər ay həmin avtomobillə sərhədi keçir Depiozit adı ilə ondan məcburi alınmış məbləğ cavabdehdə qalır. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixində Samur postunda növbədə çox avtomobil olduğu səbəbindən, sərhədi Xaçmaz rayonunun Xanoba postundan keçmək qərarına gəlmişdir. Orada da böyük növbə olduğu üçün gözləməli olmuş və təqribən saat 10 radələrində həmin postu keçərkən, yenidən cavabdeh orqanın məmur özbaşınalığla üzləşmişdir. Bu dəfə növbətçi inspektor guya onun vaxtında postu keçmədiyini, bir neçə saat gecikdiyini əsas gətirərək ondan orada yerləşdirdikləri poçt işçisinə 15 ABŞ dolları ödəməyini tələb etmiş, o isə oradakı kiçik otaqda olan işçinin tələb etdiyi 26 manat pulu ona vermiş və qəbz tələb etmişdir. Həmin şəxs ona qəbz vermək istəmədikdə o, israrla qəbzi tələb etdikdən sonra ona ödəniş çeki təqdim etmişlər. Əsassız narazılıqlar yaratmaları və sair xoşagəlməz hallar olması haqqında cavabdehə xx xxxxxxxx 2019- cu il tarixində məktubla rəsmi müraciət edərək cavabdehdən nəzərə almasını, lazımi tədbir görülməsini, özbaşınalıqlara son qoyulmasını və onun şikayətində qaldırdığı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdir. Bundan sonra cavabdehin mərkəzi aparatının nümayəndəsi onu Xaçmaz şəhərində yerləşən Şimal Ərazi Baş gömrük idarəsinə dəvət etmişdir. Onun kompromisə getmədiyini gördükdə, cavabdeh tərəf ona xx.xx.2019-cu il tarixli 1000-190/1xx-xx/021335 saylı məktubla hadisələri təhrif etməyə əbəs səy göstərərək absurd və cəfəng cavab yazmışdır. İşə əlavə edilən həmin məktub ona poçt vasitəsilə xx xxxxxxx 2019-cu il tarixində çatdırılıb. Bu məktubunda cavabdeh depozitlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1-ci maddəsinə əsas gətirərək, gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələr kimi təminat üsullarından istifadə olunduğuna istinad edildiyini göstərmişdir. Əslində o, avtomobillə sərhədi keçərkən Azərbaycan tərəfində gömrükdə də ona avtomobili əlavə sığorta etdirdilər. Eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının maşınları və ya etibarnamə ilə idarə etdikləri avtomobillər sərhədi keçərkən Rusiya gömrüyündə Azərbaycan vətəndaşlarından heç bir rüsum tələb edilmir. Hesab edir ki, cavabdeh orqanın işçilərinin ona vurduğu real zərər 700+15 ABŞ dolları, əldən çıxmış fayda da bir o qədər, mənəvi zərər isə 100.000 (bir yüz min) manat pulun cavabdeh orqandan alınıb ona ödənilməsi qanuni, əsaslı və ədalətli olar, gələcəkdə cavabdehin insanlarla davranışda yalnız qanunlara və qaydalara əsaslanmasına, qanunlara hörmət ruhunda tərbiyələnməsinə rəvac verər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən iclasında iştrak edən iddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi X4 məhkəmənin xx.xx.2020-ci il tarixində keçirilən iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 286 saylı qərarı ilə təsdiq edilmiş "Təminatdan istifadə etməklə gömrük borcunun odənilməsinin təmin edilməsi Qaydaları"nın 7.6-cı bəndinə əsasən gömrük təminatı başa çatdıqdan sonra (sözügedən halda nəqliyyat vasitəsi ölkə ərazisindən kənara aparılan zaman) ödəyicinin müraciəti əsasında gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri və ya onun artıq qalan hissəsi müvafiq bank qəbzinin əsli təqdim edilməklə, 1 (bir) iş günü müddətində depozit hesabına pul vəsaitləri köçürülmüş gömrük orqanı tərəfindən geri qaytarılır. Ödəyicinin arzusu ilə bu vəsaitlər şəxsin göstərdiyi bank hesabına köçürülür və ya nəğd şəkildə qaytarılır. İddiaçı depozit hesabındakı məbləğin ona qaytarılması ilə bağlı gömrük orqanına müraciəti olmaması səbəbindən, depozit hesabındakı vəsait ona geri qaytaırılmamışdır. Həmçinin, vətəndaş İddiaçı “Lada 211440 Lada Samara” markalı, 2011-ci il buraxılışlı, O424HHO5 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkədən giriş-çıxışına dair Dövlət Gömrük Komitəsinin Vahid avtomatlaşdırılmış İdarəetme sistemindən məlum olmuşdur ki, iddiaçı mütamadi olaraq Azərbaycan Respublikası sərhədlərini tərk edərək, həmin avtomobil ilə yenidən geri qayıtmışdır. Qeyd olunan Qaydalardan müəyyən edilmişdir ki, vətəndaş nəqliyyat vasitəsini birdəfəlik əsaslar ilə ölkə ərazisindən kənara çıxardacağı tədqirdə depozitə qoyulmuş məbləğ ona geri qaytarılmalıdır. Lakin İddiaçı nəqliyyat vasitəsinə görə depozitə pul qoyduğu tarixdən sonra mütamadi olaraq həmin nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və hal hazırda həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindədir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 1000-1xx-xx/021335 saylı məktubu, Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin xx xxxx 2021-ci il tarixli 1700-612/0xx-xx/00098 saylı və xx xxxx 2021ci il tarixli 1700-012/0xx-xx/001037 saylı məktubları,Dövlət Gömrük Komitəsinin Vahid avtomatlaşdırılmış İdarəetmə sistemindən əldə olunmuş çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ona etibarnamə ilə etibar edilmiş Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobili ilə xx xxxx 2019-cu ildə Azərbaycan Respublikası ərazisinə daxil olmuş və Gömrük Məcəlləsinin tələblərinə əsasən gömrük borcunun təmin edilməsi məqsədi ilə depozit hesabına 700 ABŞ dolları pul və 15 ABŞ dolları yol vergisi ödəmişdir. İddiaçının cavabdeh təşkilata verdiyi bəyannaməyə əsasən həmin nəqliyyat vasitəsinin respublika ərazisində olma üçün 90 günlük müddət müəyyən edilmişdir. xx xxxx 2019-cu ildən sonra İddiaçı sahibliyində olan nəqliyyat vasitəsi mütamadi olaraq ölkə ərazisindən çıxarılaraq geri qaytarılmışdır. Ölkə ərazisinə sonuncu giriş xx xxxx 2020-ci ildə olmuş və həmin müddətdən sonra qeyd olunan nəqliyyat vasitəsi ilə ölkə ərazisindən çıxış olmamışdır. İddiaçı məhkəmədə iştrak edən zaman bildirmişdir ki, nəqliyyat vasitəsi ilə ölkə ərazisini tərk etdiyi vaxt depozitə qoyulmuş məbləği geri tələb etmiş, lakin həmin vəsait ona geri qaytarılmamışdır. Cavabdeh təşkilatın nümayəndəsi isə İddiaçı ölkə ərazisindən çıxışının müvvəqəti olduğunu və birdəfəlik əsaslarla ölkə ərazisini tərk etmək niyyətində olmaması səbəbindən, həmçinin depozitə qoyulmuş vəsaitin geri qaytarılması ilə bağlı yazılı müraciətinin olmaması səbəbindən vəsaitin qaytarılmadığını bildirmişdir. Hazır ki, iddia təələbi ondan ibarətdir ki, depozitə qoyulmuş məbləğ iddiaçıya geri qaytarılsın və bunun nəticəsində düşdüyü ziyan iddiaçıya geri qaytarılsın. Məhkəmə qeyd olunanlar ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Gömrük Məcəlləsinin 237.1-ci maddəsinə əsasən gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir. Həmin Məcəllənin 244.2-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılmalıdır.Həmin Məcəllənin 250.2-ci maddəsinə əsasən gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.Həmin Məcəllənin 250.4-cü maddəsinə əsasən təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.Həmin Məcəllənin 258.1.4-cü maddəsinə əsasən ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulu hesab edilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir.Həmin Məcəllənin 262.2-cü maddəsinə əsasən gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 oktyabr tarixli 286 nömrəli qərarı ilə təstiq edilmiş ”Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nın 5.1.4-cü bəndinə əsasən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsi təminatın verilməsinin məcburi halı hesab edilir. Qaydaların 7.3-cü bəndinə əsasən gömrük təminatı başa çatanadək gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri digər məqsədlər üçün istifadə edilə bilməz.Qaydaların 7.6-cı bəndinə görə gömrük təminatı başa çatdıqdan sonra ödəyicinin müraciəti əsasında gömrük orqanının depozit hesabına köçürülmüş pul vəsaitləri və ya onun artıq qalan hissəsi müvafiq bank qəbzinin əsli təqdim edilməklə, 1 (bir) iş günü müddətində depozit hesabına pul vəsaitləri köçürülmüş gömrük orqanı tərəfindən geri qaytarılır. Ödəyicinin arzusu ilə bu vəsaitlər şəxsin göstərdiyi bank hesabına köçürülür və ya nağd şəkildə qaytarılır. Sadalanan maddi hüquq normalarının tələbləri baxımından müəyyən edildi ki, xarici ölkənin dövlət qeydiyyat nişanlı avtomobilləri ölkə ərazisinə müvəqqəti gətirilrkən gələcəkdə yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitəsinin sahibi tərəfindən məcburi olaraq Gömrük Komitəsinin depozit hesabına müəyyən edilmiş məbləğ köçürülməlidir. Nəqliyyat vasitəsinin sahibinin bəyan etdiyi müddət keçdikdən sonra birdəfəlik əsaslar ilə nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən çıxararkən depozitə qoyulmuş məbləğ ona geri qaytarılmalıdır. Göründüyü kimi Qanunvericilik depozitə qoyulmuş məbləğin geri qaytarılması üçün iki vacib amil müəyyən etmişdir. Bunlar: 1) ölkə ərazisnə gətirilmiş nəqliyyat vasitəsinin ölkədən birdəfəlik çıxarılması, yəni nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisini tərk etməsi və 2) gömrük borcunun təmin edilməsi məqsədi ilə depozitə qoyulmuş məbləğin geri qaytarılması. Hər iki amil bir birini tamamladıqda depozitə qoyulmuş məbləğin geri qaytarılması cavabdeh təşkilatın vəzifə borcudur. Lakin hazır ki, iddia tələbindən hər iki amilin birlikdə olmasını müəyyən etmək mümkün deyil. Belə ki, depozitə qoyulmuş məbləğin geri qaytarılması ilə bağlı iddiaçının iradə ifadəsinin olmasına baxmayaraq, ikinci vacib amil, yəni nəqliyyat vasitəsinin ölkə ərazisindən kənarda olması məhkəmədə öz təstiqini tapmamışdır. Hazır ki, iddia tələbi araşdırılarkən, müəyyən olunmuşdur ki, İddiaçı sahibliyində olan avtomobil xx xxxx 2019-cu ildən sonra mütamadi olaraq Azərbaycan Respublikasının ərazisini çıxarılaraq geri qaytarılmış və hal-hazırda həmin nəqliyyat vasitəsi ölkə ərazisindədir. Hesab olunur ki, qeyd olunan nəqliyyat vasitəsi birdəfəlik əsaslarla ölkə ərasindən çıxarılacağı və depozitə qoyulmuş məbləğin geri qaytarılması ilə bağlı iddiaçının müraciəti olduğu tədqirdə iddiaçının depozitə qoyulmuş məbləğin cavabdeh təşkilatdan geri alınmasında hüququ yaranacaqdır. Lakin nəqliyyat vasitəsinin ölkə ərazisində olduğu tədqirdə depozitə qoyulmuş məbləğin geri qaytarılması yuxarıda sadalanan maddi hüquq normalarında öz əksini tapmamışdır. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, depozitə köçürülmüş 700 ABŞ dollarının və həmin tələbdən irəli gələn maddi zərər, o cümlədən təqsirkar şəxslərin barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanlarına göndərilməsi barədə İddiaçı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük Ərazi İdarəsi qarşı “cavabdehin onun barəsində hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə qərar qəbul edilməsi, cavabdehin depozitinə qoyduğu 700 ABŞ dolları və 15 ABŞ dolları ondan qanunsuz tutulmuş pulun ona qaytarılması, 715 ABŞ dollarının Azərbaycan manatı ilə məzənnəsi məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulub ona qaytarılması, vurulmuş mənəvi zərərə görə 100.000 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh təşkilatın əməkdaşlarının əməllərinə cinayət tərkibi yaradan əlamətlərin mövcud olduğunu nəzərə alıb cinayət faktının araşdırılması barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar