Məhkəmə qərarları › İş №2-1(118)-1307/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1307/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1307/2022 11.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon Novxanı bələdiyyəsinə qarşı “Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının gündəlikdə duran 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayon Novxanı bələdiyyəsinə qarşı “Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının gündəlikdə duran 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının ləğv olunması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Hənin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq Abşeron rayonu Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasının 01 nömrəli aktı ilə (qərarı ilə) 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərar qəbul edilmişdir. Lakin bələdiyyə tərəfindən müsabiqə keçirilməsi nəzərdə tutulan torpaq sahələrinin qiymətinin hansı vaxtda keçirilmiş son müsabiqə qiymətinə uyğun müəyyən edilməsi və bu zaman bazar qiymətinin nəzərə alınıb- alınmaması qərarda qeyd olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin “Torpaq bazarı haqqında” Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə görə Torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Həmin Məcəllənin 96-cı maddəsinin 5-ci bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Tərəflərindən Abşeron rayon 1 saylı notariat ofisinə göndərilmiş sorğuya cavab olaraq Abşeron rayon ərazisində yaşayış məntəqələrinin torpaq sahələrinin alqı-satqı qiymətləri 1000 manatdan 20.000 manatadək müəyyən edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının gündəlikdə duran 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarının müzakirəyə çıxarılaraq ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 05/234 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Abşeron rayon Novxanı bələdiyyəsibələdiyyənin xx.xx.2022ci il tarixli, 02 saylı iclas protoklunun 3-cü qərarı ilə ləğv təklifini təmin etməmişdir. Əsas kimi həmin torpaq sahələrinin vətəndaşların uzun müddət istifadələrində olması və həmin torpaq sahələrini bazar qiymətinə almaq istəmədiklərini göstərmişdir. Bundan başqa müsabiqə keçirilməsi nəzərdə tutulan torpaq sahələrinin bazar qiymətinin öyrənilməsi üçün xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məktub ünvanlanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndələri hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Novxanı bələdiyyəsi müsabiqə vasitəsi ilə satmaq istədiyi torpaq sahələrinin bazar qiymətinə uyğun olaraq satılmasını tövsiyə edir. Novxanı bələdiyyəsi bildirir ki, həmin torpaq sahələri uzun müddət vətəndaşların istifadələrində olduğu üçün və həmin torpaq sahələrində vətəndaşlar özlərinə yaşayış evi, ofis tikmiş uzun müddətdir ki, həmin torpaqdan istifadə edirlər. Buna görədə Novxanı bələdiyyəsi həmin torpaq sahələrini normativ qiymətdən 2-3 qat artığına vətəndaşların mülkiyyətlərinə verilməsini təklif edir. Vətəndaşlar istifadələrində olan torpaq sahələrini bazar qitmətinə onlara satılmasına etiraz edirlər. Novxanı bələdiyyəsinin prespektiv inkişafa ayrılmış torpaq sahəsi olmadığı üçün Novxanı bələdiyyəsi ərazisində torpaqların satışını hal-hazırda bazar qiymətinə satılmasını təmin edə bilmir. Gələcəkdə Novxanı bələdiyyəsi ərazisində vətəndaşların istifadələrində olan torpaq sahələrini də vətəndaşların mülkiyyətinə verilməsi zamanı bazar qiymətlərini nəzərə alacaqdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Belə ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasında 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarda torpaq sahəsinin qiyməti 0.03144 ha torpaq sahəsi üçün hər bir sotu 435 manat, 0.01 ha torpaq sahəsi üçün hər bir sotu 450 manat müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı bələdiyyə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan kimi bələdiyyənin müvafiq qərarını mübahisələndirir . İddiaçı qeyd edir ki, bələdiyyə tərəfindən müsabiqə keçirilməsi nəzərdə tutulan torpaq sahələrinin qiymətinin hansı vaxtda keçirilmiş son müsabiqə qiymətinə uyğun müəyyən edilməsi və bu zaman bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmamışdır. Cavabdeh orqan isə qeyd edir ki, həmin torpaq sahələri uzun müddət vətəndaşların istifadələrində olduğu üçün və həmin torpaq sahələrində vətəndaşlar özlərinə yaşayış evi, ofis tikmiş uzun müddətdir ki, həmin torpaqdan istifadə edirlər. Buna görədə Novxanı bələdiyyəsi həmin torpaq sahələrini normativ qiymətdən 2-3 qat artığına vətəndaşların mülkiyyətlərinə verilməsini təklif edir. Vətəndaşlar istifadələrində olan torpaq sahələrini bazar qitmətinə onlara satılmasına etiraz edirlər. Həmçinin iddiaçı tərəflərindən Abşeron rayon 1 saylı notariat ofisinə göndərilmiş sorğuya cavab olaraq Abşeron rayon ərazisində yaşayış məntəqələrinin torpaq sahələrinin alqı-satqı qiymətləri 1000 manatdan 20.000 manatadək müəyyən edilmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular edilmiş, araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 0.01 ha torpaq sahəsinin ətrafında olan bitişik torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, 0.03144 ha torpaq sahəsinin ətrafında yalnız bir torpaq sahəsi qeydiyyatdan keçmişdir-ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29 iyun 2015-ci il tarixli, **********46-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin ətrafında yalnız bir daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi aşkar edilmişdir. AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı daşınmaz əmlakı 15000 manat qiymətə satmışdır. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərin Dövlət Xidməti publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 10 iyun 2022-ci il tarixli, **********52 saylı və 20 iyul 2022-ci il tarixli, **********46 saylı məktubları) Göründüyü kimi cavabdeh bələdiyyənin mübahisə predmeti olan torpaq sahələrini stışa çıxaran zaman bazar qiymətlərini nəzərə almaması işin mübahisə olunmayan halıdır. Məhkəmə hesab edir ki, cavabdeh bələdiyyənin mübahisə predmeti olan torpaq sahələrini stışa çıxaran zaman bazar qiymətlərini nəzərə almaması qanunsuz olmuşdur. Aşağıda qeyd edilən hüquq normaları torpaqlarının satışı zamanı qiymətləndirmənin əsaslarını müəyyən edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən : Maddə 10.1. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 94. Torpağın qiymətləndirilməsi

1. Təbii resurs kimi torpaqlar torpaq haqqının məbləğini, torpağın dəyərini və rüsumların həcmini müəyyən etmək, habelə torpaq dövriyyəsi prosesini tənzimləmək məqsədilə qiymətləndirilir.

2. Torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Maddə 95. Torpağın normativ qiyməti

1. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir.

2. Torpağın normativ qiymətindən meyar kimi aşağıdakı hallarda istifadə edilir: torpaq sahələri mülkiyyətçilərdən geri alındıqda və ya müsadirə edildikdə; torpaq sahələri alınıb satıldıqda, ipoteka qoyulduqda, nizamnamə (pay) fonduna və icarəyə verildikdə, sığorta edildikdə; torpaq sahəsi bir kateqoriyadan başqa kateqoriyalara keçirildikdə.

3. Torpağın normativ qiymətinin hesablanmasında istifadə olunan tariflər inflyasiyanın səviyyəsinə uyğun olaraq, indeksləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

4. Torpağın normativ qiymətinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 96. Torpağın bazar qiymətinin formalaşmasının əsasları

1. Torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır.

2. Xüsusi mülkiyyətdə olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər tərəflərin razılığı ilə bazar məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

3. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz.

5. Bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Lakin mövcud mübahisədə torpaq sahəsinin bazar qiymətinin nəzərə alınması müəyyən olunmur və cavabdeh bələdiyyə qanunvericiliyin tələblərini nəzərə almadan qanunsuz qərar qəbul etmişdir. Cavabdeh bələdiyyə qeyd eddir ki, həmin torpaq sahələri uzun müddət vətəndaşların istifadələrində olduğu üçün və həmin torpaq sahələrində vətəndaşlar özlərinə yaşayış evi, ofis tikmiş uzun müddətdir ki, həmin torpaqdan istifadə edirlər. Vətəndaşlar istifadələrində olan torpaq sahələrini bazar qiymətinə onlara satılmasına etiraz edirlər. Məhkəmə cavabdehin dəlillərinə münasibət bildirərək qeyd edir ki, torpaq sahəsinin geri alınmasının mümkün olmaması halında torpaq sahəsinin hərrac keçirilmədən birbaşa satılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Əks halda torpaq sahəsi geri alınaraq ondan sonra hərraca çıxarılmalıdır. Məhkəmə hesab edir ki, digər şəxslərin faktiki istifadəsində olan torpaq sahələrinin hərraca çıxarılması qeyd edilən institutun mahiyyətinə ziddiyət təşkil edir. Eyni zamanda qanunvericilik torpaqların satışı zamanı bazar qiymətinə uyğunluq yox, bazar qiymətlərinin nəzərə alına əsasını müəyyən etmişdir. Bu isə bələdiyyələrə verilmiş diskression səlahiyyətlərin sərhədlərinin müəyyən edilməsi kimi qiymətləndirilməlidir. Bu zaman isə bələdiyyələr onlara verilmiş diskression səlahiyyətlərin məqsidinə müvafiq qiymətlənidrmə apardıqlarını sübut etməlidirlər. Lakin hər bir halda qiymətləndirmə aparıan zaman bazar qiymətlərinin nəzərə alınması qanunvericilikdən irəli gələn imperativ tələbdir. Lakin cavabdeh orqan mübahisələndirilən qərarı qəbul edən zaman qanunvericiliyin qeyd edilən tələbini nəzərə almamışdır, ona görədə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bu halda məhkəmə hesab edir ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının gündəlikdə duran 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarı qanunvericliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı iclasının gündəlikdə duran 0,03144 ha və 0,01 ha torpaq sahələrinin mülkiyyətə verilməsi üçün müsabiqə keçirilməsi barədə qərarı ləğv olunsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar