Məhkəmə qərarları › İş №2-1(118)-1329/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1329/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1329/2021 08.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan 01.01.2015-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə zəruri olan sənədlərin götürülməsi tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan 01.01.2015-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə zəruri olan sənədlərin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23.04.2021-ci il tarixli **********146267 nömrəli qərarına əsasən Cavabdeh MMC-də oktyabr 2015 - fevral 2021 vergi dövrü əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsası ilə bağlı bildirilir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin ********* nömrəli cinayət işi üzrə qəbul etdiyi 13.03.2021-ci il tarixli qərar əsasında həyata keçirilir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə tələbnamə vergi ödəyicisinin rəhbəri Natiq Yusifova təqdim edilmiş və tələbnamədə qeyd olunan sənədlərin 15 iş günü müddətində, yəni 19.05.2021-ci il tarixədək yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Lakin səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlər yoxlamaya təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina edilməsi faktı 20.05.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdi və iddia tələblərinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasəncavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 23.04.2021-ci il tarixli, **********146267 saylı Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarından görünür ki, Cavabdeh MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə oktyabr 2015 - fevral 2021 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və yoxlamanın keçirilməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsində səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət müfəttişi kiçik vergi xidməti müşaviri X2 tapşırılmışdır. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı Cavabdeh MMC-yə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 26.04.2021-ci il tarixli tələbnamə göndərilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Yoxlama aparılması haqqında” 13 mart 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Cavabdeh MMC-nin gəlir mənbələri, fəaliyyəti barədə dövlət orqanlarına hesabatlar təqdim edib-etməməsi, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında iştirakı, pul vəsaitlərinin dövriyyəsi, sair daxilolmaların təyinatının qanuniliyi və başqa xüsusatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının mütəxəssis qismində cəlb edilməklə bütün fəaliyyət dövrləri üzrə yoxlanılmasının təmin edilməsi qərara alınmışdır. - 20.05.2021-ci il tarixli imtina aktından görünür ki, 26.04.2021-ci il tarixli **********46294 saylı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə vergi ödəyicisinə 26.04.2021-ci ildə təqdim edilmiş, ona sənədlərin 19.05.2021-ci ilə kimi təqdim edilməsi bildirilmiş, lakin 20.05.2021-ci il tarixə kimi vergi ödəyicisi tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə heç bir sənəd təqdim edilməmişdir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yalnız səyyar vergi yoxlaması keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin cavabdehdən tələb olunmasına baxmayaraq həmin sənədlər vergi orqanına təqdim olunmamış və bu səbəbdən iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsi sözügedən sənədlərin "xxxx" MMC-dən götürülməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan 01.01.2015-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə zəruri olan sənədlər götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh MMC-də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan 01.01.2015-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə zəruri olan sənədlər götürülərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar