Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1344/2023 06.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 51 saylı evdə yerləşən 20 saylı mənzilinin **********02285 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 51 saylı evdə yerləşən 20 saylı mənzilinin **********02285 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 51 saylı evdə yerləşən 20 saylı mənzil iddiaçının mülkiyyətindədir. O, mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daha sonra cavabdehə müraciət edərək mənzilin abonent kodunun onun adna keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh əvvəlki mülkiyyətçinin borcunun olmamasına istinad edərək ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı mənzili əldə edərkən əvvəlki mülkiyyətçidən kommunal xidmətlərə görə borcunun olmaması barədə arayışı tələb etməli idi. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.18-ci bəndinə görə istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. Qaydaların 8.22-ci bəndinə görə məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. Hazırki iş üzrə mübahisə obyekti olna mənzil üzrə nə borc ödənilməmiş, nə də iddiaçı kommunal xidmətlərə görə borcun olmaması barədə arayış təqdim eməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, notarial alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 51 saylı evdə yerləşən 20 saylı mənzil iddiaçı tərəfindən əldə edilmiş və mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının hazırkı iş üzrə tələbi abonent kodunun öz adına keçirilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsasını isə elektrik enerjisi üzrə borcun mövcudluğu təşkil edir. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda göstərilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən “...Dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir. “İctimai maraq” demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmitexniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Elektrik enerjisindən istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su, qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər... Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. Eyni zamanda, təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar... fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar... Təbii inhisar subyekti ilə bağlanan müştəri (abonement) müqaviləsi isə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir Müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında” Qanunun 10.3-cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Bu baxımdan ... elektrik enerjisi istehlakçısı ilə bağlanmış müqaviləni inzibati müqavilə ... hesab etmək düzgün olmaz... Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPMin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.” İstinad edilmiş Konstitusuya Məhkəməsinin Qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş «müqavilə» anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. Hazırkı iş üzrə də iddiaçı ilə təbii inhisar subyekti olan "xxxx" ASC arasındakı münasibətlər mülki hüququ münasibətləri çərçivəsində yaranmışdır və fərdi xarakter daşıyır. Bu münasibət hakimiyyət - tabeçilik prinsipi əsasında qurulmamışdır.Odur ki, bu münasibətdən irəli gələn mübahisə inzibati icraatın predmetini təşkil edə bilməz. Başqa sözlə, iddiaçının tələbinin qanuniliyinə qiymət verilməsi mülki hüquqi müqavilə üzrə tərəflərin (əvvəlki mülkiyyətçi və "xxxx" ASC-nin) öhdəliklərinin düzgün icra edilibedilməməsinin araşdırılmasını zəruri edir ki, bu məsələ inzibati icraatın predmetini təşkil etmir. Odur ki, qeyd edilənlərə əsasən hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 51 saylı evdə yerləşən 20 saylı mənzilinin **********02285 saylı abonent kodunun onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1344/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1344/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver