Məhkəmə qərarları › İş №2-1(118)-1355/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1355/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1355/2020 17.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xİdmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı SS646496035AZ ştrix kodlu sifarişli məktubls göndərdiyi sənədlərə baxılmamasının qanunpozuntusu kimi tanınması və həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi 80 qəpik pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Vergi Xİdmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SS646496035AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi sənədlərə baxılmamasının qanunpozuntusu kimi tanınması və həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi 80 qəpik pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçı X3 iddia tələbini müdafiə edərək izah etdi ki, o, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə SS646496035AZ ştrix kodlu sifarişli məktubla üç sənəd göndərmişdir. Həmin məktub xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Buna baxmayaraq cavabdeh kargüzarlığın aparılmasına dair Təlimatın tələblərini kobud surətdə pozaraq həmin sənədlərə baxılması ilə bağlı iddiaçıya hər hansı cavab verməmişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı kassa aparatının qeydiyyatdan çıxarılması barədə ərizəsi xx.xx.2020-ci il tarixli məktubla cavablandırılmış və nəzarət kassa aparatının çıxarılması qaydaları izah edilmişdir. Ərizədə göstərilən digər iki sənəd vergi orqanı tərəfindən qəbul edilmişdir və bununla bağlı cavab verilməsinə ehtiyac olmamışdır. İş materiallarında olan : -iddiaçının 2 saylı Ərazi Vergilər Baş İdaəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizə ilə İddiaçı kassa aparatı ilə bağlı ərizəni təqdim etmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubda nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması qaydaları izah edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək özünün və oğlu Anar Quliyevə aid vergi və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklırin yaranmaması haqqında arayışları və kassa aparatı ilə bağlı ərizəni təqdim etmişdir. Kassa aparatı ilə bağlı vergi orqanı özünün xx.xx.2020-ci il tarixdə izahedici məktub göndərmişdir. Məhkəmə qeyd edir ki, digər iki sənəd (arayış) vergi orqanına sadəcə təqdim edilmişdir, iddiaçı həmin sənədlərlə bağlı məlumat əldə etmək və ya sair xahiş etməmişdir, vergi orqanı həmin arayışlarla bağlı vergi ödəyicisinə hər hansı cavab və ya məlumat vermək öhdəliyi daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar