Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1498/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, X6 Şaban qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətdən azad olunmasının cavabdehə həvalə edilməsi barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən azad olunmasının cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, təhsilini davam etdirmək üçün o, 2007-ci ildə Rusiya Federasiyasının İvanov şəhərinə getmişdir. Həmin ildə boks üzrə Rusiya Federasiyasının üzvü olmuşdur. Bununla yanaşı 2009-cu ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 19 may 2010-cu ildən 20 may 2011-ci ilə qədər hərbi qulluqda olmuşdur. Hərbi xidmətini bitirəndən sonra o Rusiya Federasiyasında qalmış və hər il Azərbaycan Respublikasında yaxın qohumlarına baş çəkmiş, gediş-gəliş baxımından heç bir problem yaşamamışdı. 2014-cü il tarixdən o, Aleksandr Qriqoriviç və X3 adına Valdimir Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur. Üzrlü səbəbdən diplomunu ala bilməmişdir. 2015-ci il tarixdən hepatit B virsusu ilə xəstələnmiş və Azərbaycan Respublikası 1 saylı xəstəxanası, Yeni Yasamal klinikası və Yevrolab klinikalarında müalicə almışdır. Çünki yaxın qohumları Bakı şəhərində yaşayırdılar. 2017-ci ildə Azərbaycan Respublikasına gələndə Quba rayon Səfərbərlik şöbəsindən çağırış vərəqəsi gəlmişdir ki, hərbi qulluq keçməlidir. Xəstəliyi ilə bağlı arayışı onlara təqdim etmiş və bildirmişdir ki, o, artıq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və orada hərbi xidmət keçmişdir. Səfərbərlik şöbəsindən bildirmişlər ki, ərizə yazıb Azərbaycan Respublikasında hərbi xidmət etməkdən imtina etsin. Çünki o, başqa ölkənin vətəndaşıdır. Həmin ərizəni Quba rayon Notariusunda təsdiq edərək Quba rayonu Səfərbərlik şöbəsinə vermişdir. Ona bildirmişlər ki, daha onu bu mövzu ilə bağlı narahat etməyəcəklər. 15.02.2020-ci ildə o, Azərbaycan Respublikasına gəlmiş və may ayında geri qayıdanda Rusiya Səfirliyi vasitəsilə Azərbaycan Respublikasında saxlanılmışdır. Ona bildirmişlər ki, Quba rayonu Səfərbərlik şöbəsində qeydiyyatdadır. Məsələni gedib orada araşdırmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinə ərizə ilə müraciət etmişdir. Eyni zamanda Azərbaycan Respublikasında olan Rusiya Federasiyasının Səfirliyinə məktub yazmışdır. 09.07.2020-ci il tarixli cavabında bildirmişlər ki, o, Azərbaycan Respublikasında fəaliyyət göstərən “Ruskaya Abşinasına” müraciət etməlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ona bildirmişlər ki, Azərbaycan Respublikasında “Hərbi Xidmətə Çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il tarixli Qanununa əsasən və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli Fərmanına dair keçmiş SSRİ də həqiqi hərbi xidmət keçmiş vətəndaşların müddətli həqiqi hərbi xidmətdən çağırışdan azad edildiklərini əsas gətirərək Azərbaycan Respublikasında müddətli həqiqi xidmətə çağırışa cəlb edilməsinin qanuna zidd olduğunu qeyd etmişdir. Lakin xidmət müddətinin 2010- 2011-ci illəri əhatə etdiyini qanunun 21-ci maddəsinin keçmiş SSRİ-də müddətli həqiqi hərbi xidməti keçmiş vətəndaşlara şamil edildiyini nəzərə alaraq Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətdən çağırışdan azad edilməsinə hər hansı qanuni əsas yoxdur. Bu barədə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə yazmış və oradan da eyni cavab yazmışlar. “Ruskaya Obşinada” bildirmişlər ki, o, yalnız Bakı İnzibati məhkəməsində öz hüquqlarını müdafiə edə bilər. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən iki dəfə hərbi borcu yerinə yetirmirlər və Azərbaycan Respublikasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. O, may ayı 2010-cu ildən və may ayı 2011-ci ilə qədər Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycanda yuxarıda qeyd olunan qanun 23.12.2011-ci ildə qəbul olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı hərbi xidmətdən azad olunmasına dair imtina məktubunun qanunsuz hesab edilməsi və onun hərbi xidmətdən azad olunmasına dair tələbinin aşağıdakı səbəblərə görə əsassız hesab edirlər. Azərbaycan Respublikası MPM-nin 47.2-ci maddəsində göstərilir ki, ‘‘işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, çıxarışlar etmək etirazlar vermək, sübut təqdim etmək və.s digər hüquqlardan istifadə hüqununa malikdir”. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 19.02.2007-ci il tarixdə həmin vaxt keçmiş Quba rayon hərbi komissarlığında ilkin hərbi qeydiyyata durmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasının ərzasisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" Qaydasının 1.3-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 noyabr 2013-cü il tarixli 08/7339 nömrəli məktubuna və 12 iyul 2016-cı il tarixli 08/3715a nörməli arayışına əsasən, xx.xx.1991-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4.1-ci yarımbəndə (doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa) uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Həmçinin xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumat verilməməsi-üç min manatdan beş min manatadək miqdarda və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş '‘Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 3-cü maddəsinə əsasən, vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili işlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili işlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Həmin Əsasnamənin 4-cü maddəsinə əsasən, bu Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiya etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı 19.02.2007-ci ildən Xidmətin Quba rayon şöbəsində ilkin hərbi qeydiyyatdadır. Çağırışa cəlb edilməsi üçün uzun müddət axtarıldıqdan sonra 30.11.2016-cı ildə Xidmətin Quba rayon şöbəsinə gəlmiş və hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmişdir. Səhhəti ilə əlaqədar Bakı şəhəri X9 əlavə tibbi müayinəyə göndərilmiş və tibb müəssisəsindən Xidmətin Quba rayon şöbəsinə daxil olmuş 15.12.2016-cı il tarixli “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktı”nda “Virus hepatit B daşıyıcısı” diaqnozu qeyd olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” tələblərinə uyğun olaraq 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Sağlamlıq vəziyyətinə görə verilmiş möhlət müddətinin bitməsi ilə əlaqədar çağırışa cəlb edilmiş, 27.11.2017-ci il tarixli göndərişlə yenidən Bakı şəhəri X9 əlavə tibbi müayinəyə göndərilmişdir. Tibb müəssisəsində müayinə nəticəsində qoyulmuş diaqnoza əsasən “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsi ilə “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Lakin rayon çağırış komissiyası tərəfindən barələrində qəbul edilmiş qərarın təsdiq olunması məqsədilə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməsi mümkün olmamış və bu istiqamətdə görülmüş tədbirlə nəticə vermədiyinə görə adı 2019-cu ilin iyul ayında “Sərhədkeçməyə məhdudiyyət siyahısın”a daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətlərinə məhdudiyyət qoyulmuşdur. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçmiş vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edildiklərini əsas gətirərək Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsinin qanunazidd olduğunu qeyd etmişdir. Lakin xidmət müddətinin 2010-2011-ci illəri əhatə etdiyini, Qanunun 21-ci maddəsinin isə keçmiş SSRİdə müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlara şamil edilməsini nəzərə alaraq iddiaçının Azərbayacn Respubikasında müddətli həqiqi hərbi xidmətdən çağırışdan azad edilməsinə hər hansı qanuni əsas yoxdur. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X8 iddiya etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 iyul 2016-cı il tarixli 08/3715-e saylı arayışında qeyd edilmişdir ki, 1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. - İddiaçıya məxsus RUS 53 11555485 saylı Rusiya Federasiyasının pasportundan görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - AM ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 19 may 2010-cu il tarixdən 19 may 2011-ci il tarixədək Rusiya Federasiyasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. - İşə əlavə edilmiş Cavabdeh 09.06.2011-ci il tarixli, 675 saylı məktubundan görünür ki, iddiaçının həmin orqana ünvanladığı ərizəsi təmin edilməmiş və onun ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağrıldığı ona bildirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 11 dekabr 2020-ci il tarixli ərizəsində iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi onun Xidmətin Mərkəzi hərbi həkim komissiyasında nəzarət qaydasında tibbi şəhadətləndirildikdən sonra barəsində qərar qəbul edilməsinin mümkünlüyü qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində olmuşdur.Sonuncu dəfə 21.01.2016-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. 19.07.2016-cı il tarixdə iddiaçı Rusiya Federasiyasının pasportunu almışdır. 19 may 2010-cu il tarixdən 19 may 2011-ci il tarixədək Rusiya Federasiyasında hərbi xidmət keçmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı hərbi Komissarlıq tərəfindən (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsidir) hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 iyul 2016-cı il tarixli 08/3715-e saylı arayışında 1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən Azərbaycan Respublikası vətəndaşı olmuşdur və o, Azərbaycan Respublikasının vətəndaşı kimi hərbi xidmətə qəbul edilmişdir. Sonradan onun Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən azad etmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin Qanunun 23.0.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. İddiaçının əvvəllər vətəndaşı olduğu ölkə Rusiya Federasiyası deyil, Azərbaycan Respublikasıdır. Onun Rusiya ordusunda hərbi xidmət keçməsi Azərbaycan Respublikasında müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi üçün əsas deyildir. Qeyd olunanlardan göründüyü kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.5-ci maddəsi hazırkı iddia tələbinin hüquqi əsasını təşkil etmir. İddia tələbinin hüquqi əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa bir tərəfin digər tərəfdən nəyi isə tələb etməsi üçün imkan yaratmış olsun. İddiaçının dəlillərində 23.12.2011-ci il tarixdə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilsə də, o, həmin qanunun tələbləri baxımından da Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməyə borclu olan və möhlət hüququ olmayan şəxs kimi hərbi xidmətə çağırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçı müddətli həqiqi hərbi xidmətə çağırılmalıdır. Ona görə də, iddiaçının həqiqi hərbi xidmətə çağırılması barədə cavabdeh Xidmətin Quba rayon şöbəsinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətdən azad olunmasının cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “hərbi xidmətdən azad olunmasının cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1498/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1498/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver