Məhkəmə qərarları › İş №2-1(118)-1510/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1510/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1510/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “iddiaçıdan 1380,22 manat borc məbləğinin tutulması barədə Xırdalan bələdiyyəsinin 04.06.2021-ci il tarixli, 02/06-37 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “iddiaçıdan 1380,22 manat borc məbləğinin icra olunması barədə Xırdalan bələdiyyəsinin 04.06.2024-cü il tarixli, 02/06-37 saylı qərarının ləğv edilməsi, əsassız və qanunsuz hesablanmış pul vəsaitinin silinməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin 04.06.2021-ci il tarixli, 02/06-37 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı 1380.22 manat borc məbləğinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülməsi qərara alınmışdır. O, Xırdalan Bələdiyyəsinin 04.06.2021-ci il tarixli, 02/06-37 saylı qərarını qanunsuz hesab edir və hesab edir ki, aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, cavabdeh orqan məlum qərarında göstərmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan əmlak və torpağa görə, əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2021-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1900 kv.m, əmlak sahəsinə görə cari il üçün 570 manat əmlak, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üçün 570 manat, faiz üzrə 140.22 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 1380.22 manat borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Xırdalan Bələdiyyəsi borcun ödənilməsini qərara almış və həmin qərarını inzibati akt sayaraq “İcra haqqında” Qanunun tələblərinə əsaslanaraq icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Baxmayaraq ki, həmin qərar inzibati akt hesab edilmir və Xırdalan Bələdiyyəsi ilə onun arasında olan vergi borcu ilə bağlı münasibətlər tərəflərin hüquq bərabərliyinə əsaslanmaqla ümumi (publik) hüquq sahəsində aid olmamaqla xüsusi hüquq münasibətinlərindən irəli gələn mübahisədir. Belə olan halda isə bələdiyyənin vergi borcu ilə bağlı inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin qeyd olunan əmlaklar istismara qəbul edilməməklə, dövlət reyestrində qeydə alınmamışdır. Sadəcə həmin tikililərin mənə alqı-satqısına dair müqavilə və ödənişin aparılmasına dair maliyə arayışı vardır. Bələdiyyədə qeydiyyata alınmaq, əmlak və torpaq vergisi tələb edilməsi üçün qeyd edilən tikililərin onun mülkiyyətində olmaqla dövlət reyestrində qeydiyyatı tələb olunur. Odur ki, Xirdalan bəhədiyyəsinin sözügedən qərarını qanunsuz və əsassız sayır. Hesab edir ki, yaranmış mübahisəmin həlli üçün məhkəməyə müraciət edilməlidir. Cavabdehin mövqeyinə görə “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə əsasən bələdiyyələr pul tələblərinin ödənilməsinə dair belə qərar qəbul edə bilərlər və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən həmin qərarlar icra sənədləri sayılırlar. «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanunun 7-ci maddəsinə görə: “1.Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 1.2.fiziki şəxslərdən əmlak vergisi; 1.3.yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi; 1.4.bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi; 1.5.bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; 1.6.kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər; 1.7.Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar; 1.8.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər; 1.9.fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatlaruı və fondların maliyyə yardımları və qrantları; 1.10.dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti. 1.11.Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar. 2.Bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin məbləği “Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir. Bu maddənin 1.7-ci yarımbəndində göstərilən dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiya və subvensiyalar “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 32.2.2-ci və 34.4-cü maddələri ilə müəyyən edilmiş qaydada verilir. 3.Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur. “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. “İnzibati icraat haqqında” Qanunun 82.1 və 82.2-ci maddələrində isə təsbit edilmişdir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Qanunun 1.1- ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. Qeyd olunanların hazırki iddiaya tətbiqi baxımından iddiaçı hesab edir ki, mübahisələndirilən bələdiyyə qərarı “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati akt kimi çıxış etmir. Çünki həmin qərar bələdiyyənin ümumi (publik) hüquq sahəsinə dair məsələlərin nizamlanmasına yönəlmiş fəaliyyəti ilə bağlı qəbul edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsinin 17.02.2021-ci il tarixli, 02 nömrəli protokolunun 06 nömrəli qərarına əsasən qəbul edilmiş 04 iyun 2021-ci il tarixli, 02/06-37 nömrəli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə zidd olduğunu, o cümlədən sözügedən qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt izibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olduğundan, Xırdalan Bələdiyyəsi tərəfindən qərar formasında qəbul edilmiş aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun mənası baxımından inzibati akt kimi çıxış etmədiyini, tərəfimizdən qəbul olunmuş qərar bələdiyyənin ümumi (publik) hüquq sahəsinə dair məsələlərin nizamlanmasına yönəlmiş fəaliyyəti ilə bağlı qəbul edilmədiyini qeyd etmişdir. Lakin iddiaçı qeyd etdiyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində bələdiyyələrin inzibati orqan olması ilə bağlı qeydi nəzərə almamışdır. Qeyd edirlər ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. İddiaçının Xırdalan Bələdiyyəsinin qərarını inzibati qanunvericiliyin pozulması kimi qeyd etməsinə aydınlıq olaraq bir daha bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata Keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçının iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xırdalan bələdiyyəsinin 02/06-37 saylı, 04 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - "xxxx" MMC iə X4 arasında bağlanmış 03 iyul 2011-ci il tarixli müqavilədən görünür ki, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən "xxxx" MMC-yə məxsus 3 saylı yaşayış binasının 1-2-ci mərtəbəsində yerləşən 2064 kv.m qeyri-yaşayış sahəsi X1. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya 1380,22 manat məbləğində vergi hesablamış, həmin vergi məbləğinin tutulması üçün “X2 borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 02/06- 37 saylı 04 iyun 2021-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - Cavabdeh tərəfindən iddiaçıya əmlak vergisi hesablanmışdır ki, həmin əmlak vergisinin vergi tutma obyekti, yəni Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ünvanında yerləşən 1900 kv.m əmlak iddiaçının mülkiyyətində deyildir. Həmin əmlaka dair iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır ki, həmin sənəd iddiaçının əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas təşkil etsə də, özlüyündə ona mülkiyyət hüququ vermir. Cavabdeh orqan tərəfindən iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd edilən normasından göründüyü kimi mülkiyyətində vergitutma obyekti olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridirlər. Hazırki işdə isə bu hal müəyyən olunmur. - Mübahisələndirilən 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş aktla tanış olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Xırdalan bələdiyyəsinin «İnzibati icraat haqqında» AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - Vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərar onu qəbul edən inzibati orqan Xırdalan bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda hansı illər üzrə verginin hesablandığı müəyyən deyil, habelə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə tədiyyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. - Sözügedən qərarda iddiaçıya əmlak vergisinə görə 2020-ci ildən ümumi olaraq 1380,22 manat əmlak vergisi hesablanmışdır. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, əmlak və torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, illər üzrə ödənilməli olan vergilərin məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilibedilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - Mübahisələndirilən 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fiziki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Xırdalan bələdiyyəsinin 04 iyun 2021-ci il tarixli 02/06-37 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Xırdalan bələdiyyəsinin 04.06.2024-cü il tarixli, 02/06-37 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar